Türkiyədə son dövrlərdə Gürcüstana gedən turistlər ciddi itkilərlə üzləşirlər.
Teleqraf.com xəbər verir ki, “CNN Türk” telekanalı məsələ ilə bağlı araşdırma aparıb və bir sıra faktlar ortaya çıxıb.
Kanalın verdiyi məlumata əsasən, Gürcüstana gedən türk turistlər müxtəlif yollarla aldadılır və külli miqdarda pul itirirlər.
Bir çox vətəndaşlar öz şəxsi avtomobilləri ilə sərhədi keçərkən yolda olan qadınlar şəhərə getmək bəhanəsi ilə sürücülərin maşınlarına minir. Yolda münasibət qurduqdan sonra onlar “çay içmək” bəhanəsilə turistləri bilinməyən mərkəzlərə aparır.
Burada qadınların təhriki ilə “masanın üstünü dolduran” turist yüksək məbləğdə hesabla qarşılaşmalı olur. Qadınlar isə asanlıqla aradan çıxırlar.
Bu il Batumiyə gedən türk turistlərin sayında ciddi inkişaf müşahidə olunub. Türkiyə-Gürcüstan sərhədində yerləşən Sarp keçid məntəqəsində yay ayları ərzində 8 milyon nəfər giriş-çıxış edib.
“Türk turistlərin Qara dənizin Las-Veqası adlandırdığı Batumi şəhərinə güclü axın etməsi burada olan yerli sahibkarları müxtəlif yollarla gələnləri aldatmağa təhrik edir” – deyə telekanalın məlumatında qeyd olunub.
Əyləncə mərkəzlərində külli miqdarda hesabla üzləşən türklər buna etiraz etdikdə və ya hesabı ödəməkdən imtina elədikləri zaman yerli mafioz qruplaşmalar tərəfindən döyülürlər.
Faktla bağlı artıq Türkiyə XİN-i Gürcüstan tərəfinə müraciət edib.
Gürcüstanın Daxili İşlər Nazirliyi isə məsələ ilə bağlı ciddi tədbirlər planı hazırlayıb və yaxın günlərdə fəaliyyətə keçəcəyi gözlənilir.