Nasist Partiyasının professoru, generalı və öndə gələn siması Ernest Kaltenbrunner 1946-cı il oktyabrın 16-da edam olundu. General bir sıra cinayətlərdə ittiham olunurdu. Sovet ordusu Berlin həndəvərinə yaxınlaşanda Kaltenbrunner düşərgələrdə saxlanılan əsirlərin məhv edilməsi haqda göstəriş vermişdi.
Teleqraf.com Adolf Hitlerin sevimli generalı və kəşfiyyatçısı Ernest Kaltenbrunnerin dosyesini təqdim edir.
Ernest Kaltenbrunner 1903-cü ildə Avstriyada vəkil ailəsində doğulub. Əvvəlcə Linz dövlət liseyində, daha sonra Graz Universitetində hüquq təhsili alıb. 1926-cı ildə Strasburq və Linz şəhərlərində vəkil olaraq fəaliyyətə başlayıb. Onun boyunun hündürlüyü 2 metrdən bir qədər çox olub. Üzündə olan çapıqlar onun tələbə vaxtı duellərdə iştirakından xatirə olaraq ömürlük qalıb. Bundan başqa, gələcəyin ən qəddar insanlarından olacaq Kaltenbrunner ağır avtomobil qəzası da keçirib.
Kaltenbrunner 1932-ci ildə Avstriyada gizli Nasist Partiyası və SS-ə qatılıb. Artıq 1934-cü ilin yanvarında bələdiyyə üzvü və SS diviziyasının hüquq müşaviri, məsləhətçi olub. Elə eyni ildə Linzdə SS-in komandiri vəzifəsinə irəli çəkilib. Az sonra gizli təşkilat üzvü olmaqda ittiham edilib və 6 ay müddətinə həbsə atılıb. 1935-ci ildə Yuxarı və Aşağı Avstriya üzrə SS-in komandiri vəzifəsinə irəli çəkilib. 1937-ci ildə Kaldenbrunner SS elitasına daxil olmaq üçün tələb olunan bütün mərhələləri keçmiş, ali rütbə almışdı. 11 sentyabr 1938-ci ildə polkovnik rütbəsinə layiq görülən zabit 1938-ci ildə Reyxstaqın üzvü olub.
1938-ci ilin martında Kaltenbrunner Avstriya Cəmiyyət Təhlükəsizliyi İdarəsində müşavir vəzifəsinə irəli çəkilib, az sonra SS-in briqada komandiri olub. 1939-cu ildən 1943-cü ilə qədər Vyana, Yuxarı və Aşağı Dunay üzrə SS-in rəhbəri olub. Onun hər dəfə vəzifəyə irəli çəkilməsi fəaliyyəti və həyata keçirdiyi qırğınların mükafatı olub.
1941-ci ilin aprelində polis general-leytenantı rütbəsini alıb. 1942-ci ilin iyununda sui-qəsd nəticəsində öldürülən Reyinhard Heydriçin əvəzinə RSHA (Ölkə daxilində və xaricində təhlükəsizlik departamenti) rəisi vəzifəsinə gətirilib. 1943-cü ilin yanvarında Nasist Partiyasının və SS-in alt təşkilatı olan SD-yə rəhbər təyin edilib. Eyni zamanda təhlükəsizlik generalı rütbəsi alıb. Bununla paralel olaraq Kaltenbrunner Alman Daxili İşlər Nazirliyində məsləhətçi vəzifəsini daşıyıb.
1944-cü ilin fevral ayında general-leytenant Kaltenbrunner Silahlı Qüvvələrin xarici müdafiə bürosuna rəhbərlik etməyə başlayıb.
Hakimiyyətdə olan Nasist Partiyası generalı 1944-cü ildə döyüş ləyaqəti xaç medalı ilə təltif edib. Eyni zamanda Nasist Partiyasının ən nüfuzlu nişanı olan “Blutordenə” layiq görülüb.
1945-ci ilin aprelində general-leytenant Kaltenbrunner Cənubi Avropada olan Alman qüvvələrinin baş komandanı təyin edilib. O, eyni zamanda kölgədə qalmaqla kəşfiyyat təşkilatlarını yenidən təmərküzləşdirməyə çalışıb.
Ancaq görülən bütün bu fəal işlərə baxmayaraq, alman ordusu müharibəni uduzur, SSRİ və müttəfiqləri Almaniya sərhədlərinə yaxınlaşırdılar. 1945-ci ilin aprelin sonunda qəddar general Berlindən Altausse yerləşən qərargahına qaçmalı olur. Çünki burada özünü təhlükəsiz hesab edirdi, həmçinin güclü bağları var idi.
Kaltenbrunner II Dünya Müharibəsinin sonunda Sovet ordusunun Berlinə yaxınlaşdığı ərəfədə ölkə üzrə toplama məntəqələrində saxlanılan hərbi əsirlərin öldürülməsi haqqında qərar verir. Bununla da özünün ölüm fərmanına imza atır.
General 1945-ci ilin 12 may tarixində təsadüfən ABŞ əsgərləri tərəfindən həbs edilir. ABŞ onu Nürnberq Məhkəməsində ittiham edir. 1946-cı ildə məhkəmə generalı sülh və barışa qarşı cinayətlər törətmək ittihamı üzrə günahsız elan edir. Bununla belə general hərbi cinayətlər və insanlığa qarşı fəaliyyət ittihamından yayına bilmir. Bu ittiham üzrə məhkəmə edam qərarı çıxarır. 16 oktyabr 1946-cı ildə Kaltenbrunner edam olunur. Cəsədi Münxen şəhərinin şərqində yandırılır.