11 Noyabr 2018 08:49
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranın məşhur Niyavəran sarayında 1939-cu il martında İranda hazırlanmış bir medalyon saxlanılır. Sarayı ziyarət edər yerli və xarici turistlərin diqqətini o qədər də cəlb etməyən bu medalyon İranın ən yeni tarixində şah ailəsində baş vermiş kədərli hadisənin nişanəsidir.

2013-cü ildə dünyanın nüfuzlu mətbuat orqanları “Kimsəsiz ölən şahzadə” başlıqlı xəbər dərc edirlər. Xəbərdə qeyd olunurdu ki, İran şahı Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı, Misir sultanı birinci Fuadın qızı şahzadə Fövziyə xanım İsgəndəriyyə şəhərində 91 yaşında vəfat edib və çox sadə mərasimlə dəfn olunub.
Şahzadə Fövziyə Fuad ilə şahənşah Məhəmməd Rza arasında əsl sevgi yaşanmayıb. Təsadüfi deyil ki, 1938-ci ilin mayında nişanlanan cütlük 1939-cu ilin martınadək cəmi bir dəfə görüşüb ki, bu da nişan mərasimində baş verib.

Haqqında danışdığımız medalyonun tarixçəsi də bununla bağlıdır. Xanım şahzadənin şahənşahı sevmədiyi bəlli idi. Lakin atası Fuadın sözündən çıxa bilməyən 16 yaşlı Fövziyə bu izdivaca razılıq verir. Bəlkə də bu evliliyin ayrılıqla nəticələnməsinə səbəb onun siyasi xarakter daşıması idi. Ərəbcədən “uğurlu” mənasını ifadə edən Fövziyənin birinci ailə həyatı heç də uğurlu alınmadı.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi 1972-ci ildə üzərində “məxfi” dərkənarı olan sənədləri açıqlayır. Sənədlərin birində yazılmışdı ki, Türkiyə prezidenti Mustafa Kamal Atatürkün vasitəçiliyi ilə İran şahı Rza Pəhləvi 18 yaşlı oğlu şahənşah Məhəmməd Rza Pəhləvini Misir və Sudanın kralı, birinci Fuadın qızı şahzadə Fövziyə xanım ilə evləndirmək istəyir. Rza Pəhləvi 1936-cı ildə Türkiyədə səfərdə olarkən bu barədə Mustafa Kamal Atatürklə söhbət edib. Türkiyə Prezidenti bildirib ki, bu evlilik nəinki iki dövlətin münasibətlərini yaxşılaşdıracaq, eyni zamanda bütün Yaxın Şərqdə sabitliyin və əmin-amanlığın qarantı olacaq. Açıqlanan məxfi sənəddə qeyd olunur ki, sünni kral ilə şiə şahın qohumluğu Yaxın Şərq regionunda müsəlmanların birliyinə gətirib çıxaracaq.
Misir sultanı Fuadın (sonralar Misir və Sudanın kralı) böyük qızı Fövziyə 1921-ci ildə İsgəndəriyyə şəhərindəki Ras-Əl-Tin sarayında dünyada gəlib. Onun türk mənşəli babası Məhəmməd Şərif Paşa Misirin baş naziri və xarici işlər naziri olub. Həmin dövrün mətbuatı tərəfindən “Mavi gözlü mələk”, “Asiyanın mavi gözlü Venerası”, “Səhranın qızıl gülü”, “Səhra çiçəyi” adlandırılan Fövziyə İsveçrədə təhsil almışdı, ingilis və fransiz dillərində sərbəst danışırdı.

Tehranda 1939-cu ildə baş tutan toydan sonra Fövziyə ilə şahənşah Məhəmməd Rzanın Şahnaz adında qızları dünyaya gəlir. Şahənşahın başqa qadınlarla görüşməsi gözəlliyi göz qamaşdıran Fövziyəyə çox pis təsir göstərir. Xoşbəxt olmayacağını anlayan qadın depressiyaya düşür.
Həmin vaxt İranda baş verən iğtişaşlar Məhəmməd Rzanın atası Rza şahın siyasi vəziyyətini gərginləşdirir. O, oğlu Məhəmməd Rzanın xeyrinə taxtı-tacdan imtina edir və 1941-ci ildə şahənşah İranın şahı, Fövziyə xanım isə İranın şahzadəsi elan edilir. Elə həmin il o dövrdə dünyada məşhur olan “Life” jurnalında Fövziyənin fotossesiyası dərc olunur. Onun gözəlliyindən vəcdə gələn tanınmış fotoqraf Sessiliya Betton Fövziyəni “Asiaynın mavi gözlü Venerası” adlandırır. Artıq bütün dünya bu gözəl qadın haqqında danışırdı. Hətta avropalı qadınlar onun istifadə etdiyi kosmetikaya üstünlük verirdilər. Misirli yazıçı Ədil Sabit yazırdı ki, “Fövziyə gözəl görünmək üçün heç bir üsuldan istifadə etmir. O gözəl doğulub. Bu gözəlliyi Allah ona əvəzsiz olaraq verib”. Yüzlərlə rəssam onun gözəlliyini əks etdirən portretlər yaradırdı. Rəsmi qəbullarda hamı onunla görüşməyə can atırdı.

Lakin şah olduqdan sonra da Məhəmməd Rza həyat tərzini dəyişmir. Bunu qəbul edə bilməyən Fövziyə Şərq aləmində bənzəri olmayan addım atır və boşanmaq qərarına gələrək 1948-ci ildə Qahirəyə qayıdır. Atası Fuadın yerinə taxtı-taca sahib olan qardaşı Faruxun himayəsində yaşayaraq İranın şahzadəsi titulundan könüllü imtina edir və yenidən Misirin şahzadəsi elan olunur. Misir məhkəməsinə müraciət edən Fövziyə çətinliklə boşanır. Rəsmi Tehran isə açıqlama ilə çıxış edərək bildirir ki, İranın havası Fövziyə xanıma pis təsir etdiyinə görə, o, Misirdə yaşamaq qərarına gəlib. Lakin sonradan İranın Xarici İşlər Nazirliyi şah ilə şahzadə xanımın rəsmi qaydada ayrıldığı haqqında bəyanatla çıxış edir. Bəyanatda o da vurğulanır ki, bu boşanma İran ilə Misirin münasibətlərinə heç bir mənfi təsir göstərməyəcək. Rəsmi Qahirə isə səssiz qalır və bu hadisəyə heç bir münasibət bildirmir.

Qardaşının hakimiyyət başında olması Fövziyəyə yenidən qayğısız həyat yaşamaq imkanı verir və o, Misir ordusunun polkovniki İsmayıl Şirin ilə ikinci ailə həyatı qurur. Onların iki övladı dünyaya gəlir. Lakin 1952-ci ildə Misirdə baş verən inqilabdan sonra Fövziyənin qardaşı kral Farux və digər qohumları mühacirətə getmək məcburiyyətində qalırlar. Lakin Fövziyə vətənini tərk etmək istəmir. Hakimiyyətə gələn Əbdül Nasir kral ailəsinə mənsub olan bir çoxlarını həbs etdirir, bəzilərini isə ölkədən qovur. Fövziyənin xalq arasında böyük hörmətinin olmasını nəzərə alan yeni hökumət ona toxunmur, amma bütün titulları əlindən alınır və o, Qahirədən İsgəndəriyyəyə köçərək ömrünün sonuna qədər bu şəhərdə yaşayır. Mətbuat yazırdı ki, Fövziyə rəsmən Misirin şahzadəsi titulundan məhrum edilsə də, hamı onu “Mənim şahzadəm” deyə çağırırdı.
Misirin sonuncu şahzadəsi olan Fövziyə sadəcə gözəlliyi ilə deyil, geniş dünyagörüşü, savadı, xeyirxahlığı ilə də fərqlənirdi. Bir dəfə Misir prezidenti Ənvər Sədat Fövziyəni dövlət səviyyəsində keçirilən mərasimə dəvət edib onunla söhbət edir. Söhbət zamanı Fövziyə xanım deyir: “Mən iki dəfə-bir dəfə kraliça, ikinci dəfə isə şahzadə titulunu itirmişəm və peşman deyiləm. Lakin çətin yol keçsəm də, bunların əvəzində xoşbəxtliyimi qazanmışam”.

Bu gün Məhəmməd Rza şahın və Fövziyə Fuadın qızı Şahnazın 78 yaşı var və o, İsveçrədə yaşayır.

Fövziyədən ayrıldıqdan sonra Məhəmməd Rza şah Sürayə Bəxtiyari ilə evlənir. Şahin ağır xarakteri və başqa qadınlara meyl etməsi bu evliliyin də yarımçıq qalmasına səbəb olur. Nəhayət, şah Fərəh Diba adlı Azərbaycan mənşəli qadınla ailə həyatı qurur. Məhəmməd Rza şahın hər üç həyat yoldaşının adı ötən əsrdə dünyanın ən gözəl qadınları sırasında çəkilirdi. Şah Fərəh Diba ilə ömrünün sonunadək yaşasa da, həyatları rəvan olmayıb. Belə ki, 1979-cu il İran inqilabından sonra ölkədən qaçan Məhəmməd Rza şahı yaxınlıq etdiyi heç bir Avropa dövləti, eləcə də ABŞ qəbul etmir. Taleyin acı təsadüfi onu məhz Misirə gətirir. Xərçəng xəstəliyindən əziyyət çəkən şah 1980-cı ildə 60 yaşında Qahirədə vəfat edir və Əl-Rifah məscidində dəfn olunur. Fərəh Diba Pəhləvi öz xatirələrində yazır ki, şah müalicə üçün ABŞ-a getmək istəyib. Lakin hakimiyyətdə olduğu vaxt müttəfiqi olan ABŞ onu qəbul etməyib və şah müalicədən imtina edərək bildirib ki, “bu, Allahın mənə verdiyi cəzadır və mən bu cəzanı ləyaqətlə çəkəcəyəm”.

O dövrün bəzi qəzetləri yazırdı ki, Məhəmməd Rzanın ölüm xəbərini eşidən Fövziyə yas mərasiminə getmək istəyib, lakin sonra fikrini dəyişib.
Mühacirətdə yaşayan şah ailəsinin bəzi üzvlərinin də taleyi acınacaqlı sonluqla bitir. Məhəmməd Rzanın kiçik qızı Leyla 2001-ci ildə London otellərinin birində ölü tapılır. Bəzi mətbuat orqanları qızın narkomaniya qurbanı olduğunu yazırlar. Lakin London polisinin məlumatına görə, Leyla Pəhləvi özünə qəsd edib. Bu hadisədən 10 il sonra, 2011-ci ildə isə şahın oğlu Əli Rzanı da ABŞ-ın Boston şəhərindəki mənzilində ölmüş vəziyyətdə tapırlar. Rəsmi məlumatda bildirilir ki, dərin depressiya keçirən Əli Rza Pəhləvi intihar edib.

Fərəf Diba Pəhləvi isə ABŞ-da yaşamaqda davam edir.

/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər