Nigeriya xüsusi xidmət orqanları özünü ölkə prezidenti Məhəmməd Buxarinin həyat yoldaşı kimi qələmə verən qadını həbs edib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, saxlanılan Aminə Məhəmməd, həmçinin Castina Oluoxa və Aminə Villa adları ilə də tanınıb. O, müxtəlif adlardan və şəxsiyyət vəsiqələrindən istifadə edib. Xüsusi xidmətin nümayəndəsi Piter Afunanya qadının əvvəlcə özünü Nigeriyanın Koqi ştatının qubernatorunun həyat yoldaşı kimi də qələmə verdiyini bildirib.
P.Afunanya əlavə edib ki, təqsirləndirilən şəxs qanunsuz olaraq ölkə prezidentinin iqamətgahına daxil olub və dövlətin birinci xanımının ofisindən dələduzluq əməlləri üçün istifadə edib.
KİV-in məlumatına görə, Nigeriyanın birinci xanımı Aişə Buxarinin adından istifadə etməkdə təqsirləndirilən şəxs noyabr ayında prezidentin xanımı ölkə xaricində olduğu dövrdə biznesmen Aleksandr Okaforu prezident iqamətgahına dəvət edib. Biznesmen sonradan bildirib ki, dələduz qadın onu aldatmaqla 412 min dollarını ələ keçirib.