Milli Məclisdə hazırlanan yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə 1 imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.
Bəs Azərbaycanda məktəblərində qızıl və gümüş medalların verilməsinə nə zaman başlanılıb?
Təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a deyib ki, orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün medal verilməsi ənənəsi hələ XIX əsrdə olub.
Rusiyada məktəb medallarının tarixi 1828-ci ildə "Məhəllə, qəza məktəbləri və gimnaziyaların əsasnamələri"nin qəbulu ilə başlayıb:
“Azərbaycanın da daxil olduğu SSRİ-də isə məktəb medallarının verilməsi qaydaları ittifaqın İcraiyyə Komitəsinin 1247 saylı qərarı ilə 1945-ci il mayın 30-dan tətbiq edilib.
İlk qızıl və gümüş medallar 583 əyarlı qızıl və 925 əyarlı gümüşdən hazırlanırdı. Dairəvi formada, diametri 32 millimetr olan medallar həmin vaxt ittifaq respublikalarında mövcud olan 16 variantda ştamplanırdı.
Əsl qızıl medalın həmin illərdə hazırlandığını demək olar. 1954-cü ildə isə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilir və medaldakı qızılın əyarı 375-ə endirilməklə keyfiyyəti aşağı salınır. Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır.
1960-cı ildə məktəb medallarının yeni nümunəsi tətbiq edilir. Medalların diametri 40 millimetrədək böyüdülür, əvəzində onların tərkibindəki qiymətli metalların çəkisi azaldılır.
Qızıl medallarda qiymətli metalların çəkisi 0,3 qrama, gümüş medallarda isə 0,2 qrama çatır. Bu qiymətli metalların yerini isə qızıl medallarda tompaklar (mis ilə sink ərintisi; bürünc növü), gümüş medallarda melxior (nikellə misdən alınan gümüşə oxşar ərinti) tutur.
Beləliklə, medallarda qiymətli metallar yalnız toz halında qalmış olur.
Azərbaycanda orta məktəbi uğurla bitirən məzunlara qızıl və ya gümüş medalların verilməsi 1990-cı illərin əvvəllərində dayandırılıb. 1992-ci ildə qəbul edilən "Təhsil haqqında" qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulub.
Uzun müzakirələrdən sonra yalnız 2009-cu ildə qəbul edilən "Təhsil haqqında" qanunda bu məsələ yenidən bərpa edilib”.