Krelmlin mətbuat katibi Dmitri Peskov Putinlə bağlı ortaya çıxan sənəd haqqında danışıb.
Teleqraf.com-un xəbərinə görə, Kremlin sözçüsü deyib ki, SSRİ zamanında “KQB” və Almaniya Demokratik Respublikasının “Ştazi” məxfi təhlükəsizlik xidməti partnyor olublar: “Bu səbəbdən də belə buraxılış sənədlərinin verilməsi ehtimalı mümkündür”.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinin Şərqi Almaniyada “KQB” rezidenti işlədiyi dövrdə Almaniya Demokratik Respublikasının dövlət təhlükəsizlik orqanı “Ştazi”nin ona buraxılış sənədi verdiyi ortaya çıxıb.
Sözügedən sənəd Almaniyanın Drezden şəhərinin arxivlərində “KQB” və “Ştazi” arasında əməkdaşlıq mövzusunda araşdırma aparılan zaman ortaya çıxıb.
Şərqi Almaniyada “KQB” rezidenti qismində fəaliyyət göstərən Putinə bu sənəd “Ştazi” tərəfindən 1985-ci ildə verilib. Sənədlə Putin “Ştazi” binalarına giriş imkanı əldə edib.
Sənəd üzə çıxdıqdan sonra bəzi KİV-lər Putinin “Ştazi” üçün casusluq etdiyini idda ediblər.
Rusiya tərəfi isə bunu təkzib edir və bildiri ki, söhbət casusluqdan getmir.
“Ştazi” Arxiv Bürosunun ötən gün yaydığı yazılı açıqlamada qeyd edilib ki, Putinə “KQB” əməkdaşı kimi fəaliyyətini “Ştazi” ilə əməkdaşlıq içində həyata keçirməsi üçün belə bir sənəd verilib.
Qeyd edilir ki, “Ştazi” sıravi vətəndaşları izləmək və onları bir-biri haqqında informasiya sızdırmağı təşviq etməklə ad çıxarmışdı.
“Ştazi” Arxiv Bürosunun açıqlamasında bildirilib ki, indiyə qədər aparılan araşdırmalarda Vladimir Putinin Şərqi Almaniyanın təhlükəsizlik nazirliyinə işlədiyinə dair hər hansı bir sənəd mövcud deyil.
Qeyd edək ki, Sankt-Peterburqda doğulan Vladimir Putin 1985-ci ildə - 33 yaşında Şərqi Almaniyaya göndərilib. Putin Drezdendə kommunist sisteminin çökdüyü 1989-cu ilə qədər “KQB” əməkdaşı kimi işləyib. Hazırda 66 yaşı olan Putinin iki qızı da məhz bu dövrdə Şərqi Almaniyada doğulub.
Putin 1989-cu il dekabrın 5-də etirazçı kütlənin Şərqi Almaniyanın Təhlükəsizlik Nazirliyinin binasına daxil olduğunun şahidi olub. Daha sonra etirazçı qrup yolun digər tərəfində yerləşən “KQB”-nin binasına doğru səmt alıb. Bu zaman alman dilində etirazçılarla danışan Putin “KQB” binasının SSRİ torpağı olduğunu deyərək, kütləni sakitləşdirə bilib.