25 Yanvar 2019 22:58
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eleonora xanımla tanışlığım hələ 1980-ci illərin əvvəllərinə – mənim Azərbaycan Xarici İşlər Nazirliyində işlədiyim dövrə təsadüf edir. Mən o illərdə nazirlikdə müxtəlif işlərdə, o cümlədən Mətbuat və İnformasiya İdarəsinin rəisi vəzifəsində işləmişəm. Eleonora xanım isə Xarici Dillər İnstitutunda fransız dili müəllimi idi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O qeyd edib ki, E.Hüseynova bu illərdə nazirliyə tez-tez cəlb olunurdu:

“Fransızdilli diplomatlar Azərbaycana gələndə biz onunla bir yerdə işləyir, rayonlara gedir, ölkəmizi təbliğ edirdik və sair. Ölkəmiz müstəqillik əldə etdikdən sonra – 1994-cü ildə Eleonora xanım Azərbaycanın Fransada səfiri, daha sonra YUNESKO yanında daimi nümayəndəsi oldu. Çox yaxşı, çox mədəni bir insan idi. Peşəkar, məsuliyyətli, öz peşəsini – fransız dilini çox gözəl bilən xanım idi və Azərbaycanı Fransada həm səfir kimi, həm də Parisdə YUNESKO yanında daimi nümayəndə kimi uzun illər yüksək səviyyədə, layiqincə təmsil etdi. Vaxtilə peşəkar diplomat olmasa da, illər keçdikcə demək olar ki, peşəkar diplomat oldu. Eleonora xanım Azərbaycan-Fransa münasibətlərinin yaxınlaşmasına müəyyən töhfə verdi”.

F.Sadıqov mərhum diplomatın şəxsi keyfiyyətlərindən də söz açıb:

“Zarafatcıl insan idi. 1980-ci illərdə bizim nazirliyə gəlib-getmək onun ürəyincə idi. Bizə hər zaman kömək edirdi. Bizimlə işləmək ona bir sıra xarici diplomatlarla əlaqələr qurmaq üçün yaxşı imkan yaradırdı. Mən onunla, onun ailəsi ilə çox yaxın əlaqələrimin olduğunu deyə bilmərəm. Amma o hər zaman bizim çağırışlarımıza cavab verib, öz işini layiqincə yerinə yetirib, vəzifə öhdəliklərinə vicdanla yanaşıb. Əfsuslar olsun ki, mən sizə hansısa epizod danışa bilməyəcəm. Çünki belə hallar olmayıb”.

Müsahibimiz E.Hüseynovanın səfir təyin edilənədək Xarici İşlər Nazirliyində işləmədiyini də vurğulayıb:

“Ulu öndər Heydər Əliyev onu birbaşa Fransaya səfir təyin etdi. O, Xarici İşlər Nazirliyində işləmirdi. Onun sadəcə olaraq nazirliklə yaxın əlaqələri var idi. Çünki sıx əməkdaşlıq edirdik. Xarici qonaqlar gələndə o həmişə bizə kömək edirdi. Qonaqları müşayiət etməyə, qonaqlarla bizim rəhbərliyimiz arasında bəzi danışıqlarda tərcümə ilə məşğul olurdu. O, özü bizi tərcümə ilə təmin edirdi. Onu da deyim ki, Eleonora xanım nəinki fransız dilinə, ümumiyyətlə Fransa mühitinə, Fransa həqiqətlərinə, siyasətinə, mədəniyyətinə yaxşı bələd idi. Həmişə bununla maraqlanan bir şəxs idi. Yadımdadır ki, o hətta bizə bir sıra fransız jurnalları da gətirib hədiyyə vermişdi. O deyirdi ki, bu jurnalları Fransadan alır, tələbələr üçün istifadə edir. Bizə də hədiyyə vermişdi. Biz də ona Fransadan gələn və bu ölkəyə aid bir sıra yeni siyasi materiallar verirdik. Onu bu materiallarla tanış edirdik ki, pedaqoji fəaliyyəti daha rahat və Fransa-Azərbaycan əməkdaşlığı haqqında daha geniş məlumatı olsun”.

F.Sadıqov E.Hüseynovanın vəfatının çox gözlənilməz olduğunu vurğulayıb:
“Çünki o qədər də çox yaşı yox idi. Düzdür, son illər onunla mütəmadi əlaqələrim olmayıb. Amma Bakıda olduğunu bilirdim. Səhv etmirəmsə, pedaqoji fəaliyyətlə məşğul olurdu. Hər halda çox mədəni, ziyalı və peşəkar bir insan idi. Mən onun yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Eleonora Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olub. O, 1994-2004-cü
ilərdə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə YUNESKO yanında daimi nümayəndəsi olub. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malik idi. E.Hüseynova yanvarın 22-də dünyasını dəyişib.


Müəllif: Səxavət Həmid