Bu statistika bütün dünyada belədir: depressiyadan daha çox qadınlar əziyyət çəkirlər, intihara da daha çox onlar meyllidirlər, amma intihar edənlərin çoxu kişilərdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2016-cı ildə (Mövzuyla bağlı sonuncu qlobal rəsmi statistika bu ilə aiddir) dünyada 793 000 intihar hadisəsi baş verib. Özünü öldürənlərin çoxu kişilərdir.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 1981-ci ildən etibarən həmin il Britaniyada intihar faktları ən aşağı səviyyədə olub - hər 100 000 nəfərə 15,5 nəfər. Amma 45 yaşına qədər kişilərin əsas ölüm səbəbi intihar olaraq qalır. Gender fərqi faktı da dəyişməyib: qadınlara aid statistika hər 100 000 nəfərdən 4,9-nun intihar etdiyini göstərir - kişilərdən 3 dəfə az.
Bir çox başqa ölkədə də vəziyyət bu cürdür - Avstraliyada kişilər qadınlardan 3 dəfə, ABŞ-da 3,5 dəfə, Rusiya və Argentinada 4 dəfə çox intihar edirlər.
ÜST-ün məlumatından görünür ki, ölkələrin 40%-ində vəziyyət daha ağırdır: hər 100 000 nəfərə 15 intihar hadisəsi baş verir və ölkələrin ancaq 1,5%-ində qadınlara aid göstəricilər kişilərinkiylə eynilik təşkil edir.
Bu tendensiya uzun illərdir ki, dəyişmir.
"Qeyri-bərabərlik biz bu statistikanı qeydə almağa başlayandan bəri mövcuddur" - intihara cəhd etmiş şəxslərə yardım edən, intiharların qarşısının alınmasıyla məşğul ola Amerika fondunun araşdırmalar şöbəsinin rəhbəri, fondun vitse-prezidenti Jill Harkavy-Friedman belə deyir.
Amma psixi sağlamlıq məsələlərinin getdikcə daha çox araşdırılması bu faciəli qərarın qəbuluna təsir edən faktorları anlamaq səviyyəsini də artırır.
Qadınlarla bağlı hallarda intiharın anlaşılması ona görə daha çətin olur ki, səbəb olaraq, adətən, depressiya diaqnozu qoyulur. Bundan başqa, qadınların intihara cəhd etməsi ehtimalı daha çoxdur. Məsələn, ABŞ-da yetkin yaşlı qadınlar kişilərdən 1,2 dəfə çox intihara əl atırlar.
Amma kişilərin intihar zamanı istifadə etdiyi üsullar daha radikaldır və hətta yardım etmək istəyənlər olanda belə, nəticəni dəyişmək mümkün olmur.
Axı, nə üçün kişilər belə əzab çəkirlər? Və bunun qarşısını almaq mümkündürmü?
Risk faktorları
Vacib elementlərdən biri ünsiyyət və ünsiyyətcillikdir. Amma qadınların öz problemləri haqqında danışmağa kişilərdən daha çox meylli olduğunu demək məsələni son dərəcə sadələşdirmək demək olardı.
Hərçənd bu da faktdır ki, əsrlər boyu mövcud olmuş və bu gün də qüvvədə olan bir streotip var: kişilər daha güclü olmalı və öz əzablarını biruzə verməməlidirlər.
İntihara meylli şəxslərə 24 saat psixoloji yardım göstərən Avstraliya xeyriçiyyə cəmiyyəti "Lifeline"-nin keçmiş icraçı direktoru Colman O'Driscoll: "Biz elə hey deyirik: oğlanlar heç vaxt ağlamırlar. Biz onları hələ balacaykən emosiyalarını göstərməməyə öyrədirik, onlara bunun zəiflik olduğunu aşılayırıq".
Kanadada intiharların qarşısının alınması mərkəzinin icraçı direktoru Mara Grunau deyir ki, uşaqlarla necə danışmağımızdan, onları ünsiyyətə nacə hazırlamaımızdan çox şey asılıdır:
"Analar öz hissləri və təcrübələri haqqında əsasən qızlarıyla danışırlar. Sanki biz ənənəvi olaraq qadınlardan daha çox emosiya gözləyirik".
Kişilər özlərini zəif hiss etdiklərini həm özlərinə, həm dostlarına, həm də həkimlərinə çox nadir hallarda deyirlər. "British Medical Journal"-ın araşdırması zamanı məlum olub ki, onların tibbi yardım üçün müraciət etməsi ehtimalı qadınlardan 32% azdır.
Jill Harkavy-Friedman deyir ki, kişilər psixi sağlamlıq problemləriylə bağlı daha az tibbi yardım alırlar: "Ona görə yox ki, onların qadınlardakına bənzər problemləri yoxdur, ona görə ki, problemləri olduğunu daha az dərk edirlər və bu, suisid riskini artırır".
Əgər insan ruhi vəziyyətindəki narahatlığın stresdən qaynaqlandığını dərk etmirsə, kiminsə və ya nəyinsə ona yardım edə biləcəyi haqqında heç düşünmür də.
İntihar mövzusunu müzakirə etməkdən utanmaq lazım deyil - bu, insan həyatını xilas edə bilər.
Jill Harkavy-Friedman deyir ki, Britaniya hökuməti problemin həllində maraqlıdır. Məsələn, 2018-ci ildə hökumət intiharların qarşısının alınması nazirliyi yaradıb - bu, Britaniyada ilk belə təcrübəd
Jill Harkavy-Friedman-ın sözlərinə görə, artıq nəticələr var, ölkədə intihar səviyyəsi azalmaqdadır, çünki bu problemə qarşı mübarizəylə bağlı milli strategiya mövcuddur.
Qrünau da hesab edir ki, vəziyyət yaxşılaşır: "Siz insanlarla artıq açıq şəkildə suisid problemini müzakirə edə bilərsiz. Düzdür, əvvəlcə onlar diksinirlər, amma sonra əvvəlkindən daha həvəslə söhbətə qoşulurlar".
İntihar hallarının azalmasından danışarkən bir məsələni də unutmamalıyıq: hətta bir intihar faktı belə xilas edilməsi mümkün olan həyat deməkdir.