Avstraliyalı alimlər ABŞ-dakı həmkarları ilə birlikdə 2018-ci ildə yüzlərlə “Tvitter” mesajını təhlil edərək insanların niyə huşları itənədək spirtli içki qəbul etmələrinin, orqanizmlərini təhlükəyə atmalarının səbəbini analiz ediblər.
Teleqraf.com xəbər verir ki, bir çox hallarda insanların içmək arzusu doğum gününün qeyd olunması, işdə və idmandakı nailiyyətlərlə əlaqələndirilir. Həmçinin, insanlar bu yolla keçirdikləri güclü stressi “unutmaq” istəyirlər.
Elm adamlarının izah etdiyi kimi, əhəmiyyətli hadisəni təmtəraqla qeyd etməyə qərar verən və ya bu şəkildə problemlərdən yayınmağa çalışan insanların əksəriyyəti səhər dünənki axşamın necə başa çatdığını xatırlaya bilmirlər.
Bununla yanaşı alimlər bəyan ediblər ki, orqanizm üçün təhlükə yaratmayan alkoqolun dozası sıfıra bərabərdir. Mütəxəssislər bəzi hallarda spirtli içkilərin insanlar üçün faydalı ola biləcəyi fikrini təkzib ediblər.
Daha əvvəllər Yeni Zelandiyadakı Otaqo Universitetinin alimləri xərçəngin 7 növünün inkişafının alkoqol istehlakı ilə əlaqəli olduğunu bildiriblər.