“Apple” şirkətinin nümayəndəsi yeni smartfonların təqdimatı zamanı “iPhone 11” cihazının “iPhone Xr”dən 1 saat, “11 Pro” və “Pro Max” aparatlarının isə “Xs” və “Xs Max”la müqayisədə müvafiq olaraq 4 və 5 saat daha çox işlədiyi barədə ictimaiyyəti məlumatlandırıb.
Teleqraf.com xəbər verir ki, “iPhone 11” aparatı 3110 milliamper/saat tutumlu akkumulyatora malikdir, “Xr” aparatında isə bu göstərici 2942 milliamper/saat təşkil edir. Beləliklə, akkumulyatorun tutumu 5% artıb. “iPhone 11 Pro” aparatında akkumulyator batareyasının tutumu 3190 milliamper/saat, “Xs” qurğusunda isə 2658 milliamper/saat (20% artım) təşkil edir. “11 Pro Max” aparatı 3500 milliamper/saat tutumunda batareya ilə təchiz edilib, “Xs Max”da bu göstərici 3174 milliamper/saat (10% artım) təşkil edir. Həmçinin hər üç smartfon əvvəlki nəsil qurğulardan daha qalın və daha ağırdır.
Bundan başqa, hər 3 smartfonda əməliyyat yaddaşının tutumu yüksəlib. “iPhone 11” smartfonu 4 GB əməliyyat yaddaş (“iPhone Xr” aparatında bu göstərici 3 GB-dır), “11 Pro” və “Pro Max” cihazları isə 6 GB (“Xs” və “Xs Max” cihazlarında 4 GB-dır) əməliyyat yaddaşı ilə təchiz edilib.