12 Oktyabr 2019 00:59
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Virgin Orbit” Marsa kiçik süni peyklər göndərən dünyanın ilk özəl şirkəti olmaq niyyətindədir. Kosmik aparatlar “SatRevolution” şirkəti və bir neçə Polşa universiteti ilə birgə hazırlanacaq. İlk buraxılış 2022-ci ilə planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, “Virgin Orbit” Böyük Britaniya sahibkarı Riçard Brensonun kosmik turizm xidmətləri təqdim edən “Virgin Galactic” şirkətinin törəməsidir. Qırmızı planetin kiçik “Virgin Orbit” peykləri ilə əhatə edilməsi ideyasının yaranmasına Marsa iki peykin göndərildiyi ABŞ Kosmik Agentliyinin (NASA) “InSight” missiyası səbəb olub. Şirkət bu uğuru təkrarlayaraq açıq kosmosa “LauncherOne” raketdaşıyıcısı vasitəsilə 50 kiloqramlıq oxşar aparatlar buraxmaq niyyətindədir.

Şirkətin xüsusi layihələr üzrə vitse-prezidenti Uill Pomeransın sözlərinə görə, Marsa çatan planetlərarası peyklər fotoşəkillər çəkə, atmosferi öyrənə və su axtara biləcəklər. Bundan başqa, aparatları Mars və Venera peyklərinin, eləcə də asteroidlər zolağında obyektlərin tədqiqinə cəlb etmək mümkün olacaq.

Lakin ilk öncə şirkət “LauncherOne” raketdaşıyıcısının hazırlanmasını başa çatdırmalıdır. İyirmi bir metr uzunluğunda raketdaşıyıcısı havada – 11 km hündürlükdə modifikasiya edilmiş “Boeing 747” (Cosmic Girl) təyyarəsi vasitəsilə buraxılacaq. Raketdaşıyıcısının uğurlu buraxılışı “Virgin Orbit” missiyasının gələcəyini müəyyənləşdirəcək.


Müəllif: Teleqraf.com