18 Oktyabr 2019 09:23
1 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albert Eynşteynin bu sözünü bilməyən yoxdur, “Arılar yox olsa, insanların cəmi dörd il ömrü qalacaq”. Alimin illər əvvəl dediyi bu sözlər hər keçən gün bir daha təsdiq olunur. Yəni, bəzi arı növlərinin “nəsli tükənməkdə olan canlılar” siyahısına girməsi dünyanı gözləyən pis bir sonluğun xəbərçisi ola bilər.

Teleqraf.com xəbər verir, İngiltərənin Dünya Monitorinq İnstitutu arıların Yer kürəsinin ən əhəmiyyətli canlısı olduğunu açıqlayıb.

Aparılan son araşdırmalar arıların sayının sürətlə azaldığını göstərir, son bir neçə il ərzində arıların 90 faizinin yox olduğu iddia edilir. Arıların sürətlə məhv olmasının səbəbləri arasında kənd təsərrüfatı sahələrində dərmanlardan yanlış istifadə olunması, meşələrin yox edilməsi və çiçəklərin azalması kimi amillər yer alır.

Dünyada kənd təsərrüfatının olduğu yerlərin 70 faizində arılar yaşayır. Arılar bitkilərin tozlanma dövründə fəal iştirak edir, yəni bitkilər tozlanma olmadan çoxala bilmədiyi kimi arıların yox olması ilə bitkilər tamamilə yox ola bilər.

Elm adamları son araşdırma ilə arıların virus, göbələk və bakteriyalar kimi patogen (xəstəlik törədənlər) daşımayan yeganə canlı növü olduğunu ortaya qoyub.

“Greenpeace” arıları qorumaq üçün kənd təsərrüfatında zərərli və kimyəvi dərmanların istifadəsinin qadağan olunmasını təklif edir. Bu baxımdan, son illərdə bir çox heyvan haqları təşkilatları arıların dünya üçün əhəmiyyətini dərk edərək, bu canlı növünün xilas edilməsi naminə bir sıra proqramların icrasına başlayıb.

Belə kampaniyaların başında dayananlardan biri də amerikalı aktyor Morqan Frimandır. Hollivudun bu məşhur siması yaxın günlərdə 500 hektarlıq ərazisini arılar üçün bir sığınacağa çevirdi.

Friman müsahibələrindən birində bu addımını belə izah edib:

“Arıları yenidən planetimizə qaytarmaq üçün ciddi səylər göstərilir. Onların dünyanın təməlində dayandığını bilmirik, arılar planetin yaşaması və bitkilərin çoxalması üçün imtinaedilməz canlılardır”.


Müəllif: Mənsur Rəğbətoğlu