10 Dekabr 2019 09:05
2 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heyvanlar insanların qədim dostlarıdır. Düzdü, danışa bilmirlər, amma onlarla ünsiyyət qura, bir yerdə yaşaya, hətta yardımlaşa bilirik. Bəs heyvan sevgisinin, heyvanlarla birlikdə yaşamağın insan psixologiyasına necə təsir etdiyindən xəbəriniz varmı?

Teleqraf.com ev heyvanlarının insan psixologiyasına təsirlərini araşdırıb.

Ev heyvanları dedikdə ilk olaraq it və pişik ağlımıza gəlir. Elə qəhrəmanımız Gülüstan Əkbərova da evində pişik saxlayır. Deyir ki, “Nova” adlı pişik 2 ilə yaxındır onların ailə üzvünə çevrilib: “Uşaq çağlarımdan evimizdə pişik görmüşəm, amma mən ailə həyatı qurduqdan sonra evdə heyvan saxlamamışıq. Oğlum evin tək övladı olduğu üçün bir az eqoist, özünə qapalıdır. Onun sosial həyata biganəliyi məni narahat edirdi. Bir gün atamı həkimə aparanda oğlum barədə danışdım. Həkim mənə bunun normal olduğunu və evə pişik almağımı tövsiyə etdi”.

Gülüstan Əkbərovanın sözlərinə görə, insanlara qarşı qaplı olan övladının dəyişməsində ”Nova”nın əvəzsiz rolu var: “Əvvəlcə bu təklif mənim xoşuma gəlmədi. Etiraz etdim ki, mən evdə pişik saxlaya bilmərəm. Evə gəldikdən sonra bu haqda oğluma danışdım, məndən fərqli olaraq o, çox sevindi. “Nova”nı bir aylığında evə gətirdik. Oğlumun xasiyyəti çox dəyişdi. Əvvəllər sakitcə kənarda kitab oxuyurdusa, indi dostları var, təhsili ilə əlaqədar evdən uzağa gedir. Bəzən atam deyir ki, biz evə pişik yox, həkim almışıq...”

Müsahibimiz qeyd edir ki, balaca dostları bir az “nazlı-qəmzəli” olsa da, bu onlara zövq verir: “Sanki evdə uşaq saxlayırıq. İlk gəldiyi gün tualetinin yerini göstərdik. Öz qabından başqa qabda, yaxud kirli qabda yemək yeməz. Ev yeməklərini, əti, sosisi sevmir. Yalnız toyuq paşteti və xüsusi pişik yeməkləri ilə qidalanır. Hər gün qumunu dəyişməsəm, yenidən o quma gəlməz. Bir az xərci olsa da, aylıq baxımı edirəm, dərmanlarını alıram. Hər iki aydan bir çimizdirirəm, bu özünün də xoşuna gəlir. Xüsusi həkimi var”.

Qəhrəmanımızın fikrincə, evində uşağı olan insanlar pişik saxlamalıdr: “Pişik oynayaraq uşağa təsirini göstərir, oyuncaq elədir ki, reaksiya vermir. Evimizin səssizliyi aradan qalxıb. Oğlumla bir-birilərinə çox öyrəşiblər. Oğlumu əvvəl tək qoya bilmirdimsə, indi əksinədir. “Nova” mənim qızım kimidir, onsuz evimizi təsəvvür etmirəm. Yaxşı ki, həkimin sözünü dinləmişəm”.

Mütəxəssislər də ev heyvanlarının insan psixologiyasına birbaşa təsir etdiyini qeyd edirlər. Psixoloq Orxan Orucun sözlərinə görə, heyvanlarla ünsiyyət xüsusilə uşaqların inkişafına, həyata baxışına müsbət təsir edir: “Bir qrup həkim uşaqların heyvanlarla təmasını xəstəliklərə yoluxma hallarının artmasına görə qəbul etmir. Bu, birmənalı yanaşma deyil. Heyvanlar uşaqların sosial bacarıqlarına, müəyyən qorxularının aradan qalxmasına kömək edir. Pişik, balıq, tısbağa kimi zərərsiz canlılar uşaqlarla təmas üçün qəbul oluna bilər”.

Psixoloq qeyd edib ki, heyvanların uşaqlara müsbət təsirləri olduğu kimi, zərəri də var: “Uşaqlar təqlid etməyi sevdikləri üçün bu bacarıqları yüksək olur. Ailə üzvləri ilə ünsiyyət az olduqda uşaqlarda heyvanları təqlid etmə xüsusiyyəti ortaya çıxır. Diqqətli olmaq lazımdır ki, uşaq günün böyük bir qismini heyvanlarla keçirməsin. Əks halda, uşaqda inkişaf problemləri yarana bilər”.

Akvarium balıqları satan Abdul Cabbar kiçik yaşlarından başladığı bu hobbi onun işinə çevrilib: “10 yaşımda balaca akvarium alaraq balıq saxlamağa başladım. Bitkilər və qayaların arasında üzən rəngli balıqlar insanı gərginlikdən uzaqlaşdırır. Akvariuma baxmaq infarkt riskini azaldır və stresdən azad edir. Ev heyvanı saxlamaq istəyib, amma iş həyatına görə vaxtı olmayan insanlar üçün ideal hobbidir”.

Onun sözlərinə görə, alıcılarının əksəriyyəti azyaşlı uşaqlardır: “Səhər və axşam iki dəqiqəlik balıqları yemləmək, yosunlu şüşəni silmək və suyu dəyişmək öhdəliyi uşaqlarda məsuliyyət hissi, ekoloji şüur və təbiətə qarşı sevgi formalaşdırır. Gələn uşaqlar əsasən kiçik və rənli balıqlara üstünlük verirlər. Xüsusilə baxımı asan olub, canlı bala verən və tez artan balıq quppi uşaqların ən çox aldıqları balıqlardandır”.


Müəllif: Aysel Azad