14 Mart 21:47
1 651

Koronavirus təhlükəsi altında yaşadığımız bu günlərdə bəşər tarixində baş vermiş yoluxucu xəstəliklər haqqında mətbuatda mütəmadi məlumatlar dərc edilir. Yüz il öncə dünyanı bürümüş, milyonlarla insanı məhv etmiş ispan qripi bunlardan ən məşhurudur. I Dünya müharibəsinin davamı kimi başlayan bu qrip nəticəsində Hindistanda 17 milyon, ABŞ və Almaniyada 600 min, Fransada 400 min, İngiltərədə 250 min insan ölmüşdü. Koronavirusdan fərqli olaraq ispan qripi cavan insanları, yəni çalışan, qida qazananları məhv etmişdi. Ölüm riski ən çox 20-40 yaş arası insanlarda müşahidə edilmişdi.

1918-ci ildə baş verən bu tüğyan nəticəsində məşhur şəxslər də həlak olub. Məsələn, Osmanlının son sultanlarından Rəşad, İspaniya kralı XIII Alonso, filosof, siyasətçi Maks Veber ispan qripindən vəfat edib.

İspan qripi adlansa da, virus ilk dəfə ABŞ-da ortaya çıxıb.

1918-ci il martın 4-də Kansas şəhərinin Haskell County qəsəbəsində yerləşən Camp Funston qışlasında hərbçilər üçün yemək bişirən əsgər Albert Gitchell yüksək qızdırma, titrəmə, baş ağrısı ilə həkimə müraciət edir. Eyni gün hərbi düşərgədəki 107 əsgərdə də bu hal müşahidə edilir. Bununla da öldürücü qripin varlığı tədricən üzə çıxmağa başlayır. Qrip virusunun bu qəsəbədə üzə çıxmasını isə alimlər iki formada izah edirlər:

  1. Hərbi düşərgənin yerləşdiyi qəsəbənin əsas dolanışığı donuz və quşlarla bağlı idi. Yəni virus heyvanlardan keçə bilərdi.
  2. Virus hərbi düşərgədə çalışmaq üçün Çindən gələn şəxslərdən keçmiş ola bilərdi.

ABŞ hökuməti və mətbuatı virusun öldürücü olduğunu və tüğyan edə biləcəyini əhalidən və uzaq Avropada I Dünya savaşına qoşulan əsgərlərindən gizlətdi. Nəticədə ABŞ-dan Fransaya gedən amerikalı əsgərlər özləri ilə bərabər bu virusu da daşıdılar. İlk dəfə 1918-ci ilin may ayında Madridin “El Sol” qəzeti bu barədə məlumat dərc etdiyi üçün tarixə “ispan qripi” olaraq adını yazmış oldu.

Artıq qrip o zaman dünyanın böyük dövlətlərindən olan, müharibədə iştirak edən Osmanlıya da çatmışdı. Hətta Mustafa Kamal Atatürk Qurtuluş savaşının planını hazırladığı 1919-cu ilin fevral ayında bu virusa yoluxmuş, həkiminin sayəsində xilas olmuşdu.

İspan qripinə yoluxanlar arasında məşhur azərbaycanlı da vardı: Əhməd bəy Ağaoğlu.

1919-cu ildə İstanbul ingilis işğalı altında idi. Azərbaycan Cümhuriyyətini Paris Sülh Konfransında dünya dövlətlərinə tanıtmaq üçün yola düşən heyətdə təmsil olunan Əhməd bəyə İstanbulda viza verilməmişdi. Ermənilərin təbliğatı, İttihad və Tərəqqi ilə olan münasibəti onu Fransa paytaxtına getməkdən, tarixi hadisədə iştirakdan məhrum qoymuşdu. İstanbulda isə türk ziyalılarına, siyasətçilərinə qarşı təqiblər başlamışdı. Bu ərəfədə isə Əhməd bəy ağır xəstə yatırdı.

Gündəliyindəki 14 mart 1919-cu il tarixli qeydində yazır: “Fransızca çıxan “İstanbul” qəzeti haqqımda küfr və həqarətlə dolu bir məqalə nəşr etdi. Yenə fransızca çıxan “Kurie de Türki” adlı qəzetdə sərt cavab verdim. Ertəsi gün şiddətli bir ispanyola (ispan qripi – D.Ə) tutularaq yatağa sərildim. İspanyol zatürrəyə (pnevmoniya – D.Ə) çevrildi. 40 dərəcə hərarətlə 14 gün bayılmış halda qaldım. Fəqət təhlükədən sovuşaraq yataqda qəzetləri yenidən oxumağa başladım”.

Xəstə yatdığı günlərdə polis Əhməd bəyi həbs etmək üçün evinə gəlir. Xəstə olduğunu söyləyir. Növbəti gün polislər həkimlə gəlirlər və Əhməd bəyi müayinə edirlər. Həkim otaqdan çıxmasının təhlükəli olduğunu söyləsə də, onu Eminönü polisinə aparırlar.

Əhməd bəyin ispan qripinə yoluxması haqqında o zamanlar İstanbulda olan “Azərbaycan” qəzetinin əməkdaşı Şəfiqə xanım Əfəndizadə də məlumat verib. Şəfiqə xanım “Bakı-Axıska-İstanbul-Batum. Yol əsnasında gördüklərim” adlı məqaləsində yazır: “Mən hər gün heyəti-mürəxxəsə ilə və Əhməd bəylə görüşürdüm. Əhməd bəyin həbsində də orada idim. Əhməd bəyin səhhəti hələ yaxşılaşmamışdı. Həkimlərin tənbehinə görə hələ otaqdan çıxmırdı. Bir gün məmurlar gəlib Əhməd bəyi olduqca nəzakətlə müdiriyyətə çağırdılar. Əhməd bəy xəstəliyini söylədi. Məmurlar getdilər. Bir neçə saat sonra eyni məmurlar bu dəfə müdiriyyət tərəfindən yanlarında bir həkim olduğu halda gəldilər. Həkim Əhməd bəyi müayinə edib səhhətinin tamam yaxşı olmadığını söylədi və raport yazdı. Bu dəfə məmurlar raportu alıb getdilər. Ertəsi gün məmurlar örtülü fayton gətirib Əhməd bəyi müdiriyyətə apardılar”.

Həm Əhməd bəyin, həm də Şəfiqə xanımın xatirəsindən görürük ki, Ağaoğlu bu xəstəliyi ağır keçirib. Amma buna baxmayaraq işğal altında olan İstanbul hökuməti onu həbs etməkdən vaz keçməyib...


Müəllif: Dilqəm Əhməd