“Mənimlə birlikdə bütün çətinliklərə dözən, çox sevdiyim Enqidunu bütün insanları gözləyən tale ələ keçirdi. Onun üçün altı gün, yeddi gecə ağladım. Burnundan qurdlar tökülənə qədər onun dəfn edilməsinə razı olmadım. Dostumun taleyinin mənim də başıma gələcəyindən qorxdum. Ölümdən qorxduğum üçün çöllərə düşdüm. Dostumu düşünmək məni daha da çox sıxdığına görə çöllərdən keçən uzun yollarda səyahətə çıxmışam. Ah, necə susum? Ah, necə susum? Sevdiyim dostum torpaq oldu. Sevdiyim dostum Enqidu torpaq oldu. Mən də onun kimi yatmayacağammı, onun kimi sonsuza qədər yatmayacağammı?”.
Teleqraf.com “Gilqameş” dastanı haqda yazını təqdim edir.
“Gilqameş” qədim Mesopotamiyada yazılan dünyanın ilk yazılı bədii əsəridir. Kral Gilqameşin həyatından və ölməmək üçün apardığı mübarizədən bəhs edir, başqa sözlə, ölümsüzlüyü axtaran bir kralın hekayəsidir. Allahlarla insanların, xəyallarla həqiqətlərin bir-birinə qarışdığı tarixdən əvvəl yaşayan Gilqameşin macərasıdır.
Barəsində yazılı qeydlər olmadığı üçün Gilqameşin real şəxsiyyət olub-olmaması haqda şübhələr var. Amma Nuh tufanından sonra – e.ə 1800-cü illərə qədər Mesopotamiyada hökmranlıq edən kralların siyahısına görə, Gilqameş Cənubi Mesopotamiyada yerləşən Uruk şəhərinin başçısı idi. Dastan Gilqameşin ölümündən təxminən 1000 il sonra üç dildə (şumer, assur və akkad) qədim mixi yazı ilə gil lövhələrə yazılıb, günümüzə qədər gəlib çatıb.
E.ə 4000-ci illərin ikinci yarısında Mesopotamiyada Ur, Uruk, Kiş, Eridu, Laqaş və Nippu kimi şəhərlər quran şumerlərdən bir çox tarixi əsər qalıb. Bunlardan ən önəmlisi üç böyük dində yer alan Nuh tufanının da bəhs edilən “Gilqameş” dastanıdır. “Gilqameş” bəşəriyyət tarixinin ilk yazılı və ən böyük əsərlərindən biridir.
Sirli lövhələr
Dastan 11 gil lövhəyə yazılıb. 12-ci lövhə də var. O da “Gilqameş”ə aiddir, amma iki fərqli dildə yazılmış bu lövhə başqa bir hekayədən bəhs edir. Bu lövhələr qədim Nineva şəhərindən tapılıb. Lövhə uzun illər torpaq altında qaldığına görə bəzi hissələri qırılmış, bəzi hissələri də oxunmaz hala düşmüşdü. Yeni yazılarla bu hissələr bərpa edilsə də, digər məsələ bu dastanın akkad dilində yazılması idi. Amma dastandakı tanrı və insan adları akkadlara aid deyildi. Yəni dastan başqa dildən götürülmüş və yazılmışdı.
2011-ci ildə İraqda tapılan bir lövhədə “Gilqameş” dastanının digər hissələri də üzə çıxdı. Yeni lövhə dastana 20 bu günədək məlum olmayan sətir əlavə edir, əsərlə bağlı naməlum detalları bizə çatdırır.
London Universitetinin araşdırmaçısı Endryu Corc bu haqda yazır: “Yeni lövhə digər mənbələrin qopduğu yerdən davam edir. Bu lövhələrdə Cedar meşəsinin sakit, rahat bir yer olmadığını öyrənirik. Bura gurultulu quşların yaşadığı, meymunların ağaclarda qışqırdığı bir yerdir. Babil dastanlarında belə canlı mənzərələrə nadir hallarda rast gəlirik”.
Yeni lövhəni Süleymaniyyə Muzeyi və qanunsuz tarixi əsər ticarətçiləri ilə bazarlıqdan sonra əldə etmək mümkün oldu. Palçıqdan təmizlənib tərcümə edildikdən sonra Süleymaniyyə Muzeyində sərgilənir.
Ən qədim şeirlər
“Gilqameş” dastanı akkad dilində yazılmış epik şeirlərdən ibarətdir. Əsərdə adından bəhs edilən Gilqameşin e.ə 2800-2500-cü illərdə yaşadığı, ölümündən sonra tanrılaşdırıldığı iddia edilir. Gilqameşin əvsanəvi qəhrəmanlıqları günümzə qədər gəlib çatan beş şumer şeirində özünə yer tapıb. Bunlardan ən qədimi “Gilqameş, Enqidu və Ölülər diyarı”dır. Bu şeirdə Gilqameş tanrıça İnannaya köməyə gəlir və onun huluppu ağacını ələ keçirən qeyri-adi varlıqları məğlub edir. İnanna Gilqameşə miqqu və piqqu adlı iki naməlum nəsnə verir, amma o, bunları itirir. Enqidu öldükdən sonra kölgəsi Gilqameşə Ölülər diyarının vahiməli mənzərələrindən danışır.
“Gilqameş və Aqqa” şeiri Gilqameşin itaət etdiyi Kral Aqqaya qarşı qiyam qaldırmasından bəhs edir. Digər şumer şeirləri Gilqameşin nəhəng Huvava və Göy Buğası ilə əlaqələrindən bəhs etdiyi halda, oxunmaz hala düşmüş sonuncu şeirin Gilqameşin ölümünə həsr edildiyi bildirilir.
Akkad dilində yazılmış “Gilqameş” dastanı e.ə 1600-1155-ci illərdə Şin-Leqi-Unninni adlı bir yazar tərəfindən qələmə alınıb.
Uruk kralının doğuluşu
Gilqameşin doğulması haqda romalı yazar Elianın II əsrdə qələmə aldığı “De Nature Animalium” əsərində bəhs olunur. Yazara görə, Gilqameşə hamilə qalan anası atası tərəfindən nəzarət altına alınır. Bunun səbəbi isə onun doğulacaq nəvəsinin, yəni Gilqameşin onu devirəcəyi qorxusu idi. Doğulan uşağı qaladan aşağı atırlar. Amma körpə bir qartal tərəfindən xilas edilir və bir bağbanın böyüdəcəyi meyvə bağına aparılır.
“Gilqameş” dastanı 1849-cu ildə Aşşurbanipal Kitabxanasında ortaya çıxıb. Əsər XX əsrə qədər çox da tanınmayıb, amma əsrin sonlarında getdikcə populyar fiqura çevrilib.
Bir sıra mənbələrə görə, mixi hərflərlə qələmə alınan dastanın orijinal dildə adı “Bilqameş”dir. Yaxın Şərq dilləri üzrə mütəxəssis Con L.Heyz adın “bilqa” hissəsinin “qoca adam”, “meş” hissəsinin isə “gənc adam” anlamına gəldiyini deyərək, “Bilqameş”in mənasının “gəncləşən yaşlı adam” olduğunu yazır. Con A. Halloran isə “bilqa” sözünün “ata, yaxud “yaşca böyük”, “meş” sözünün isə “cəsur” mənasına gəldiyini, ifadənin bütövlükdə “cəsur ata” anlamında olduğunu iddia edir.
Axını dəyişdirilən çay
Bir çox tarixçi Gilqameşin Şumer şəhər-dövləti Urukun tarixi kralı olduğu, Erkən Xanədanlar Dövründə (e.ə 2900-2350-ci illər) ölkəni idarə etməsi iddiası ilə həmfikirdir. Yəni real tarixi şəxsiyyətdir. Antik Yaxın Şərq araşdırmaçısı Stefaniya Dalliyə görə, Gilqameşin yaşadığı tarixlər dəqiq verilməsə də, təxminən e.ə 2800-2500-cü illərdə yaşayıb. Amma Gilqameşin yaşaması haqda, ondan bəhs olunan dövrə aid hansısa dəlil yoxdur. Bununla belə, 1955-ci ildə tapılan İşbi-Erra (e.ə 1953-1920-ci illər) dövrünə aid 34 sətrlik bir qeyd – “Tummal yazıları” Gilqameşin səltənətinə işıq salır. Yazılı abidə Gilqameşin Uruk sütunlarını inşa etdirməsindən bəhs edir. Qeydlərin 11-ci sətrindən 15-ci sətrinədək olan hissəsi belədir:
İkinci dəfə Tummal yerlə-yeksan oldu.
Gilqameş Enlil evinin Numunburrasını inşa etdi.
gilqameşin oğlu Ur-luqal.
Tummalı rəqibsiz gücə çevirdi.
Ninlili Tummala gətirdi.
Gilqameşin yaşadığı dövrə yaxın bir tarixdə yaşadığı ehtimal olunan Kiş Kralı Enmebaraqesi də Gilqameşi kral kimi xatırlayır. Gilqameş, eyni zamanda Şumerin krallar siyahısında Urukun hökmdarı kimi özünə yer alıb. Me-Turanda tapılan bir dastan mətninin bəzi hissələri həyatının sonunda Gilqameşin çay yatağının altında dəfn olunmasından bəhs edir. Uruk xalqı vəfat edən kralı çay yatağında dəfn etmək üçün Urukdan keçən Fəratın axınını dəyişdirib.
Ölümsüzlüyü axtaran hökmdar
Gilqameşdən dastanda yarı tanrı, yarı insan bir varlıq kimi bəhs edilir. Lakin o da digər insanlar kimi ölümlü idi. Əsərin əvvəlində qəddar və xalqına zülm edən hökmdar kimi təqdim olunur. Gilqameşi cəzalandırmaq istəyən Tanrı Anu Uruk xalqının duası ilə vəhşi insan Enqidunu yaradır. Şamhat adlı bir fahişə tərəfindən əhilləşdirilən Enqidu Gilqameşlə döyüşmək üçün Uruka göndərilir. Enqidu Gilqameşə məğlub olsa da, yaxın dost olur.
Gilqameş və Enqidu gözətçi Humbabanın qoruduğu Sidr meşəsinə gedir. Qəhrəmanlar yeddi dağdan keçib meşəyə çatırlar və ağacları kəsməyə başlayırlar. Humbaba ilə üzləşəndə Gilqameş qorxur və Tanrı Şamaşa dua edir. Bundan sonra başlayan fırtınada Humamabın gözləri çıxır. Humbaba mərhəmət istəyir, amma qəhrəmanlar onun başını kəsirlər. Uruka qayıtdıqdan sonra Tanrıça İştar (İnanna) yanına gəlir və onun əri olmasını istəyir. Amma Uruk kralı bunu qəbul etmir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Göy Buğasını istəyir. Gilqameş və Enqidu buğanı öldürür, ürəyini Şamaşa verirlər. Gilqameş və Enqidu sakitliyə çəkiləndə İştarın gözləri Urukun sütunlarına dikilir, o, kralı lənətləyir. Enqidu İştara “Əlimə keçsəydin, səni də belə edərdim, bağırsaqlarını qoluma dolayardım”, deyir. Tanrıça fahişələri bir yerə toplayaraq Göy Buğasına yas saxlamağı əmr edir. Gilqameş isə Göy Buğasını öldürdüyü üçün şənlik keçirir.
Anu, Eya və Şamaş Göy Buğasını öldürdükləri üçün cəza olaraq Gilqameş və ya Enqidudan birinin öldürülməsi qərarını verir. Enqidunu seçirlər və az müddət sonra o xəstələnir. Ölülər Diyarını yuxuda gördükdən sonra ölür. Enqidunun ölümündən sonra qorxuya düşən Gilqameş ölümsüz olmaq istəyir. Uzun bir səyahətə çıxan Gilqameş Nuh Tufanından sağ çıxan və ölümsüzlüklə mükafatlandırılan Utnapiştimi tapır.
Təhlükələrlə dolu macərdalardan sonra Utnapiştimin evinə çatır. Utnapiştim ona ölümsüz olmaq istəyirsə, yuxusunu məğlub etməli olduğunu deyir. Amma Gilqameş bunu bacarmır, oyanmadan yeddi gün yatır. Buna baxmayaraq, Utnapiştim ona ölümsüzlüyü əldə etməsə belə, onu gəncləşdirəcək bir otdan istifadə edə biləcəyini söyləyir. Gilqameş otu alır, üzərkən sahildə qoyur, amma ilanlar bu sehirli otu oğurlayırlar. Bu itkidən ümidsiz olan Gilqameş Uruka qayıdır və Utnapiştimin qayıqçısına şəhəri göstərir.