19 Aprel 2020 15:12
3 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-nin və sosialist düşərgəsinin dağılmasından sonra dünyanın geosiyasi xəritəsində baş verən dəyişiklik İkinci dünya müharibəsinin mənşəyi, gedişi və nəticələri məsələsini aktuallaşdırıb.

Teleqraf.com xəbər verir ki, xüsusilə ötən il İkinci dünya müharibəsinin başlanmasının 80 illiyi və bu il faşizm üzərində qələbənin 75-ci ildönümü ərəfəsində bu istiqamətdə müzakirələr geniş vüsət alıb. Bu işdə əsas fəallığı Qərb ölkələrindən olan siyasətçilər göstərirlər. Onlar müharibənin başlanması, gedişi və bitməsindən sonrakı proseslərlə bağlı yeni mülahizələrlə çıxış edir, SSRİ-nin ünvanına bir sıra ittihamlar irəli sürürlər. Məsələn, bildirilir ki, SSRİ ilə Üçüncü reyx arasında imzalanan 10 il müddətində bir-birinə hücum etməmək haqqında müqavilənin (Molotov-Ribbentrop paktı) gizli bəndində Polşanın bölüşdürülməsi öz əksini tapıb.

Ötən il Böyük Britaniyanın Baş naziri Boris Conson buna işarə edərək bildirmişdi ki, Polşa 1939-cu ilin əvvəllərində “faşizm çəkici ilə kommunizm zindanı” arasında qalmışdı.

Sovet ordusunun 1944-cü ildə SSRİ sərhədlərindən çıxaraq daxil olduğu bir sıra Şərqi Avropa ölkələrində – Çexiyada, Bolqarıstanda, Rumıniyada da bu əməliyyatlara tamamilə fərqli yanaşmalar mövcuddur.
Ancaq SSRİ-nin varisi olan müasir Rusiya Federasiyası da bu iddiaları cavabsız qoymur. Rusiya siyasətçiləri, dövlət xadimləri, tarixçiləri, jurnalistləri Qırmızı Ordunun işğalçı ordu olması barədə iddiaları aktiv surətdə inkar edirlər. Onlar hər vəchlə bu iddiaları cavablayırlar. Rusiyada hesab edirlər ki, Qərb tarixçiləri və siyasətçiləri korpusundan olan müfəttişlər bir neçə onilliklər ərzində İkinci cəbhənin açılmasının əhəmiyyətini bilərəkdən, məqsədli şəkildə şişirdirlər.

Qərbdə hesab edirlər ki, müharibənin qələbə ilə nəticələnməsini həm İkinci cəbhənin açılması, həm də anti-Hitler koalisiyası çərçivəsində müttəfiqlərin – ABŞ və Böyük Britaniyanın SSRİ-yə maddi köməyi şərtləndirib. Bundan əlavə, nasist Almaniyası və Sovet İttifaqının hərbi personalının Hitler və Stalinin totalitar rejimlərinin qurbanları olduğu, məcburiyyət altında döyüşməyə məcbur edildiyi mövqeyi Qəebdə aktiv şəkildə populyarlaşdırılır. Bu iddia Şərqi Avropanın işğal olunmuş ərazilərində Vermaxt əsgərlərinin mülki əhaliyə qarşı törətdiyi cinayətlərə görə günahı və məsuliyyəti avtomatik olaraq aradan qaldırır.

Ancaq Rusiya tarixçiləri hesab edirlər ki, tarixi sənədlərin qərəzsiz təhlili bu iddiaların açıq qərəzliliyini və faktlarla hiyləgərcəsinə manipulyasiya edildiyini göstərir. Məsələn, bu günlərdə Rusiya saytlarının birində dərc olunan məqalədə deyilir:

“1944-cü ilin iyununda – İkinci cəbhə açılan zaman Qırmızı Ordu bir sıra möhtəşəm hərbi əməliyyatlar həyata keçirir, sağ sahil Ukraynanı azad edir, SSRİ-nin dövlət sərhədini keçir və 1944-cü il yazın ilk çağında nasist Almaniyasının müttəfiqi olan Rumıniyaya daxil olur. Elə həmin dövrdə Leninqradın 900 günlük mühasirəsi aradan qaldırılır və may ayında sovet Krımı nasist işğalçılarından azad edilir. Məhz Qırmızı Ordunun hərbi uğurları müttəfiqlərin İkinci cəbhəni tələsik açması və Normandiya desant çıxarması istiqamətində işləri sürətləndirmələrini şərtləndirdi. Yeri gəlmişkən, İkinci cəbhənin açılması ciddi hərbi-strateji əhəmiyyət daşımasa da, ciddi siyasi nəticələr əldə etmişdi. Müttəfiqlərin 1943-cü ildə Şərq cəbhəsində köklü dəyişiklik baş verənə qədər müharibəyə girməsi hərbi nöqteyi-nəzərdən düzgün olardı. Çünki SSRİ müharibənin başlanğıcından etibarən onun bütün ağırlığını praktiki olaraq təkbaşına çəkməli olmuşdu və ABŞ və Böyük Britaniya 1943-cü ilə qədər kömək etsəydi, bu kömək artıq hesab olunmazdı. Ancaq nədənsə Qərb müttəfiqləri bu köməyi etmək üçün tələsmirdilər. Yalnız sovet silahının şöhrəti və cəsarəti nəticəsində Qələbənin yaxınlıqda olmasının duyulması, Üçüncü reyxin nəhəng maddi və ərazi resursları formasında olan nəhəng piroqdan böyük bir dilim kəsmək arzusu ABŞ və Böyük Britaniya liderlərini son mərhələdə müharibəyə girməyə məcbur etdi”.

Rusiya tarixçiləri bildirirlər ki, İkinci cəbhənin açılmasının həlledici əhəmiyyəti barədə miflər xətti Sovet İttifaqına ABŞ-dan maddi-iqtisadi yardımın həlledici əhəmiyyəti barədə miflə tamamlanır. “Belə ki, Böyük Vətən müharibəsi illərində borc icarəsi (lend-liz) çərçivəsində göstərilən yardımın ümumi həcmi 4%-dən çox olmayıb. Müharibə illərində Qırmızı Ordunun istifadə etdiyi hərbi texnikanın və silahların, geyim və ləvazimatların əksəriyyəti Sovet İttifaqının fabrik və zavodlarında istehsal olunurdu. Ölkənin siyasi rəhbərliyinin səriştəli siyasəti sayəsində sənaye müəssisələrinin əksəriyyəti qısa müddət ərzində Urala təxliyə edildi və ilk həftədən məhsullar cəbhəyə çatdırılmağa başladı. Buna görə də Proxorovka yaxınlığındakı böyük döyüşdə Amerika “Şerman”ları deyil, alman “Pələng”ləri və “Pantera”ları ilə sovet “T-34”ləri qarşı-qarşıya idi. Səmada isə “Uçan qala” – V-17 deyil, “La”, “İl” və ya “Yak” seriyasından olan təyyarələr hökmranlıq edirdilər. Almanları dəhşətə salan “Katyuşa” səhra raket artilleriya sistemləri də Birləşmiş Ştatlarda deyil, Sovet İttifaqının hərbi zavodlarında yaradıldı və kütləvi istehsalına başlanıldı”, – bu da iddiaların maddi-iqtisadi kömək hissəsinə dair Rusiya baxışıdır.

SSRİ-nin ünvanına irəli sürülən digər bir məqam stalinizmlə hitlerizmin eyniləşdirilməsi ilə bağlıdır. Müsair Rusiyada bunu da mif adlandırırlar. “Miflər seriyası SSRİ və nasist Almaniyasının siyasi rejimlərinin oxşar olması, həmçinin sovet və alman əsgərlərinin sovet dövlətində Stalin, Üçüncü reyxdə isə Hitler tərəfindən edilən özbaşınalığın qurbanı olaraq qiymətləndirilməsi fikrinin aktiv surətdə ortaya qoyulması ilə bitir. Üçüncü reyxin liderlərindən fərqli olaraq sovet siyasi rəhbərliyi “ölüm düşərgələri” yaratmayıb, insanlar üzərində ölüm təcrübələrini aparmayıb, qaz kameraları və krematoriyalarda on milyonlarla qadın, uşaq və yaşlıların öldürülməsini təşviq etməyib. Sovet hərbi-siyasi doktrinasına “ali irq” nümayəndələri üçün “yaşayış sahəsi” boşaltmaq məqsədilə Şərqi Avropanın slavyan əhalisinin fiziki cəhətdən demək olar ki, tamamilə məhv edilməsini nəzərdə tutan “Ost planı”na bənzər bir şey daxil deyildi. Alman əsgərləri SSRİ ərazisinə qeyri-insani irqi nəzəriyyə ilə silahlanmış işğalçı kimi gəldilər. Bu nəzəriyyəyə görə ruslar, ukraynalılar, belaruslar və çoxmillətli sovet ölkəsində yaşayan digər xalqlar tamhüquqlu insanlar deyildilər. Onlar insanla heyvan arasında aralıq mövqe tuturdular. Buna görə də mülki əhaliyə qarşı törədilən cinayətlərin əsas hissəsi təkcə “SS”çilər tərəfindən deyil, həm də alman ordusunun hərbçiləri tərəfindən vicdan əzabı çəkmədən törədilirdi. Nürnberq Tribunalının materiallarında alman işğalçılarının SSRİ-nin mülki əhalisinə qarşı törətdikləri çox sayda zorakılıq və qətl hadisəsi qeydə alınıb. Alman hərbçilərindən fərqli olaraq sovet əsgərləri öz vətənlərini, ailələrini, doğma ocaqlarını müdafiə etdilər və onlar üçün müharibə ədalətli xarakter daşıyırdı. Alman komandanlığı işğal altındakı ərazilərin sakinlərinə qarşı talanları və zorakılığı təşviq edirdi. Sovet hərbi komandanlığını buna görə ən yüksək cəzaya məhkum edirdilər”, – bu da müasir Rusiyanın tarixçi-siyasətçilərinin sözügedən iddiaya ortaq baxışıdır.

Ruslar hesab edirlər ki, mövcud miflərin dərin olmayan xülasəsi hamıya məlum olan tarixi faktların elementar yoxlamasına tab gətirmir. “Tarixi təftiş etmək və SSRİ-nin nasist Almaniyası üzərindəki qələbədə rolunu azaltmaq elmi deyil, tamamilə siyasi xarakter daşıyır və iki tarixin – elmi və “satqın qızlar siyasəti”nin (bu ifadə A.Xazinin 1964-cü ildə yazdığı “Sehrbazlar yaxınlıqda yaşayır” pyesindən götürülüb. Pyesdə “Genetika – imperializmin satqın qızı” ifadəsi işlənir) mövcud olması tezisini bir daha təsdiqləyir”, – bu da mövcud məsələyə müasir Rusiyanın vahid mövqeyinin ifadəsidir.

Göründüyü kimi, tarixin ən dağıdıcı və ən çox insan itkisinə səbəb olmuş müharibəsi ilə bağlı müzakirələr səngimir. Nəinki səngimir, əksinə, subyektiv ittihamların davam edəcəyi təqdirdə qarşıdakı dövrdə bu müzakirələrin, qarşılıqlı ittihamların daha da qızışacağı gözlənilir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər