12 May 2020 09:05
5 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya qorxu ədəbiyyatının ən məşhur simalarından biri olan Hovard Filips Lavkraft təkcə bir yazıçı kimi qorxu romanları və hekayələri yazmırdı, bir çox araşdırmaçıya görə, yazdıqları həm də, onun yaşadıqları idi. Lavkraft Stiven Kinq və Din Kunts kimi bir çox qorxu yazarlarının dünyaya çıxış qapısı və ya ilham mənbəyi sayılır.

Teleqraf.com amerikalı yazıçı Hovard Filips Lavkraft haqda yazını təqdim edir.

Lavkraft 1890-1937-ci illər arasında yaşayıb. Anası Suzan hamilə ikən qız uşağı gözləyirdi və bu səbəbdən Lavkraftı uzun illər qız kimi geyindirdi. Kiçik Hovard üç yaşından altı yaşınadək qız paltarlarından xilas olmaq üçün anasına yalvardı, amma Suzan onu qız kimi görmək istəyirdi. Lakin axırda ana istəyi və təzyiqlərdən əl çəkdi. Çox nadir hallarda ona toxunur, hər kəsə Lavkraftın, yəni öz uşağının nə qədər çirkin olmasından danışırdı.

İlanlar və balıqlar kimi...

Atası Uinfild Lavkraftın 1898-ci ildə sinir sistemləri tamamilə pozuldu, iddiaya görə, o, siflis xəstəliyindən ölmüşdü. Suzan ərinin ölümündən sonra qeyri-adi və sirli varlıqlar görməyə başladığını iddia edirdi. Lavkraft isə altı yaşında gələndə mifologiya artıq onun üçün imtinaedilməz bir şeydi. Ağacların ruhlarını və Paqan tanrısı Panı gördüyünə inanırdı. Qeyri-adi bir istedadı da, o, daha kiçik yaşlarında olanda özünü göstərməyə başlamışdı. Lavkraft sürünənlər və balıqlarda olduğu kimi temperaturunu ətrafdakı temperatura uyğunlaşdırmağı (poukilotermiya) bacarırdı. Bu qəribə istedadı onun ilk anormal olayı oldu. Bioqrafiya yazıçısı və dostu Layon Spreq de Kampa görə, Lavkraftın əlini sıxmaq bir cəsədin əlini sıxmaq kimi bir şeydi.

“Balaca vampir”

Xəstə bir uşaq olan Hovard Filips Lavkraft məktəbə gedə bilmirdi. Məktəbə getmək yerinə, təhsillə evdə məşğul olmağa başladı. Astronomiya və kimiyaya olan marağı kimi, Edqar Allan Po kimi qotik yazıçılara da maraq göstərirdi. Yaşadığı intensiv sinir pozğunluğu səbəbindən məktəbdən uzaqlaşan Lavkraft bununla, astronom olmaq xəyalının da üstündən xətt çəkdi.

Lavkraft gecə saatlarında qədər astronomiya və digər elmi sahələr üzərində çalışdığı və yazıb-oxumaqla çox məşğul olduğuna görə, çox vaxt çölə gecələr çıxırdı. Əksər günlərini isə yatmaqla keçirdiyi üçün donuq və solğun bir siması vardı. Hovardın anası da, çox vaxt onu çölə çıxmağa qoymurdu. Buna görə də, ətrafdakı insanların əksəriyyəti onu görməmişdi.

1926-cı ildə yazırdı:

“Cəmiyyətdən uzaqda yaşayan bir kəsəm, insanlarla çox az münasibətim var. İnsanlar çox vaxt sinirlərimi sıradan çıxarırlar. Çox nadir hallarda əks-vəziyyətlə qarşılaşıram”.

Kor Tanrı

1924-cü ildə “Weird Tales” jurnalının redaktoru Lavkraftdan aktyor Harri Hudini barəsində bir köşə yazmasını istədi. Lavkraft Hudininin Misirdə oğurlanmasından sonra qədim tanrılardan biri ilə qarşılaşmasını eşidəndə, bunun axmaqlıq olduğunu desə də, köşəni yazmışdı. “Piramidaların altında” adlı yazı Harri Hudininin də xoşuna gəldi. Hudini 1926-cı ildəki ölümünə qədər onunla yaxın dost oldu.

Lavkraft tez-ytez dostları və ailəsinə məktublar yazırdı. Bundan başqa, əsərlərini oxuyan və onunla təmasda olmaq istəyən gənc yazarlara da öz fikirlərini məktublar vasitəsilə çatdırırdı. Tez-tez məktublaşdığı insanlar arasında “Pozğun” kitabının müəllifi Robert Blox, “Qaranlıq dünya” əsərinin yazarı Henri Kuttner, “Konan”ın yaradıcısı Robert E. Hovard və şair Samuel Loveman da vardı. Həyatı boyu 100 minə qədər məktub yazmışdı.

1933-cü il aprelin 27-də dostu Ceyms Mortona yazdığı məktubda, ailəsinin kor Tanrı Azotun nəslindən gəldiyini qeyd edirdi.

Seksi sevməyən adam

Yazıçının ölümündən sonra həyat yoldaşı Soniya Lavkraft verdiyi açıqlamada, 1924-cü ildə evlənəndə, yəni 24 yaşında ikən Hovardın hələ heç bir qadınla cinsi əlaqədə olmadığını demişdi. Evlilikdən az öncə Hovard sekslə bağlı bir çox kitab almış və toy gecəsində yaxşı bir performans üçün bunları bol-bol oxumuşdu. Bunu da yazıçının ölümündən sonra Soniya etiraf etmişdi.

Yuxuya getmək qorxusu

Lavkarft altı yaşından etibarən, gecələr yuxuya getməkdən qorxurdu. Bu qorxular fiziki reaksiyalar və qışqıraraq oyanmalara səbəb olurdu. Çünki Hovard yuxuya gedərkən “gecə qarabasmaları” adlandırdığı varlıqları düşünürdü. Kitablarında da bunları incə, qara, üzləri olmayan və insanları qıdıqlayan qeyri-insani varlıqlar kimi təsvir edirdi.

Lavkraftın röyaları və qorxuları əsərlərinə və xəyal gücünə ilham mənbəyi oldu.

Həm məntiqli, həm də...

Bir çoxuna görə, Lavkraft məntiqli idi, amma məntiqdən kənar bir tərəfi də vardı, onun yaradıcılığını məhz bu gücləndirirdi. Gecələr sirli, gündüzlər isə məntiqliydi. Gecə öz şousunu göstərmək üçün günortalar yatırdı. Çünki ən qəribə yuxularını, yaradıcılığına yön verən qarabasma və röyalarını günorta yuxularında görürdü. Lavkraftın gəncliyindən görməyə başladığı bu yuxular, araşdırmaçılara görə, qeyri-adi dərəcədə canlı idi.

1920-ci ildə Reynhard Kleynerə göndərdiyi məktubunda yuxuları haqda belə yazırdı: “Bizə yad gələn gördüklərimizi zehni gözlə görmək insana əsrarəngiz, fantaziya dolu, qeyri-real bir təcrübə qazandırır. Mən bu yuxuları onları xatırlaya bildiyim yaşdan bəri görürəm. Hər halda o biri tərəfə keçənədək görəcəm”.

Parisə xəyali səyahət

Lavkraft “Nyarlatotep” fantastik əsərini yazmasına gördüyü bir yuxunun təsirindən belə demişdi: “Nyar­lat­o­tep bir ka­bus­dur və tamamilə mənim fantaziyamdır. Onun ilk abzasını hələ tamam oyanmamışdan yazmışdım. Böyük bir ağrının sancısıyla, qulaq küyü və baş ağrısı ilə oyandım və heç nəyin yoxa çıxmaması üçün böyük bir tələskənliklə yazdım”.

1921-ci ildə qələmə aldığı “Erkin Zannın musiqisi” hekayəsini də, digərləri kimi gördüyü kabusların təsiri altında yazmışdı. Maraqlısı isə budur ki, heç vaxt Parisdə olmayan Lavkraftın hekayəsindəki olaylar Fransanın paytaxtında cərəyan edir. Bu hekayəni necə yazması haqda suala belə cavab vermişdi: “Edqar Allan Ponun müşayiəti ilə yuxularımda ora getdim”.

Lavkraft bəzi qəribə yuxularını yazmaqdan yorulub günortadan sonra yatdığı vaxtlarda görürdü.

Boş məzar

Lavkraft 1937-ci ildə 46 yaşında xərçəngdən həyatını itirdi. Gündəliyində elmi faktlara əsaslanaraq, xəstəliyi ilə bağlı qeydlər yazmışdı. Öləndə Svan Point Məzarlığında dəfn edilir və anasının ailə qəbiristanlığında siyahıya alınır. Bu olay Lavkraftın pərəstişkarlarını razı salmır, bir qrup oxucusu pul yığaraq yazıçı üçün məzar daşı hazırlatdırır. 1997-ci ildə bu məzar daşının dibi qazılır, amma heç bir şeyə rast gəlinmir. Bu, onun başqa bir yerdə dəfn olunduğu iddiasına yol açdı.

Ölümündən üç il əvvəl – 1934-cü ildə Dueyn Rimel adlı həvəskar yazara yazdığı məktubunda qeyd edirdi:

“Cəhənnəmdəki varlıqlar insanların sahib olduqları səs orqanlarına sahib deyillər, onların çıxardığı səslər və danışıqları bizimkilərdən çox fərqlidir. Bu səbəbdən də, bir insanın bu səsləri tələffüz etməsi də, mümkün deyil. “Ktulhu”nun oxunuşu insanların söyləyə biləcəyi ən yaxşı formada – “Hlul-hlu” şəklindədir”.

“Ktulhunun çağırışı” Lavkrafta məşhurluq qazandıran əsəridir.

Hələ yadplanetlilər yoxkən...

“The Wild Pla­ces” jurnalının redaktoru Ke­vin Mak Klur onun haqda yazırdı ki, La­vkraft UNO-lar – yad planetdən gələnlər hələ ortada yoxkən, uzun zaman əvvəl öz hekayələrində dünyadan kənarda yaşayan varlıqlar haqda yazmışdı. Araşdırmaçı İ­on Bleyk bu səbəbdən, Lavkraftın xəyallarının məntiqli bir əsası olduğunu bildirirdi. Təsadüfi deyil ki, “Ktulhunun çağırışı” da daxil olmaqla, Lavkraftın 4 kitabı o dönəmdə intellektual çevrələrdə müzakirə olunmuşdu.

Qarabasmalar o tərəfə çağırır

Araşdırmaçılar Lavkraftın psixoloji cəhətdən olduqca zəif olduğunu yazırdılar. Təsadüfi deyil ki, bu səbəbdən bir neçə dəfə dəyişməyə məcbur olduğu məktəb və kolleclərin heç birində uğur qazana bilməmiş, çıxmağa məcbur olmuşdu. İyirmi yaşlarında özünü tamamilə ətraf aləmdən təcrid etmiş, yazmağa başlamışdı. 1917-ci ildən isə yaradıcılığını fantastik hekayələr yazmağa həsr etdi. 1921-ci ildən sonra başlayan peşəkar yaradıcılıq dövrü ərzində Lavkraft 60-dan çox kiçikhəcmli roman və hekayələrin müəllifi oldu.

Lavkraft ölənədək şər qüvvələrlə mübarizə aparmaq üçün dünyaya gəldiyinə inanırdı. Yağışlı və dumanlı gecələrdə səhərədək küçələrdə dolaşır, saatlarla otağınının pəncərəsindən Aya baxırdı. Lakin mistik olduğuna inanmırdı, sadəcə mübarizə apardığına inanırdı. Niyə belə yalnız olduğu barədə sual verənlərə bu cavabı vermişdi: “Mənə inanmayacaqlar, mənim gördüklərim o qədər ciddidir ki, adi bir macəra üçün həvəslənib gələnlər üçün çox təhlükəli ola bilər”.

Yağışlı bir səhər

Son günlərində artıq dostları onu tək qoymurdu və kimsənin bilmədiyi qəribə yazılarını gecələr yazmağa davam edə bilirdi. 1937-ci ilin yağışlı bir sentyabr səhərində Kampın telefonuna zəng gəldi, Derlet idi. Həyəcanlı şəkildə, “Öldürdülər, onu öldürdülər, onu qoruya bilmədik”, deyirdi. Dostlarına görə, Lavkraft şər qüvvələr tərəfindən öldürülmüşdü, bəlli əlamətlər və izlər vardı. Hadisə yerinə gələn polisə görə isə, bu, normal bir ölüm idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər