12 İyul 2020 11:24
7 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərqində olmasaq da, rənglər psixologiyamıza təsir edə bilir. Rənglərin insana psixoloji təsiri ilə yanaşı, mənaları da var. Məsələn, mavi rəng insanların bəzi şeyləri yadda saxlamasını asanlaşdırır, sarı isə yaxınlığın simvoludur.

Teleqraf.com rənglərin insan psixologiyaya təsirini təqdim edir.

Mavi rəng

Müdriklik, sədaqət və güvənin simvoludur. Bu səbəbdən, bir iş görüşməsinə gedərkən mavi geyinmək işə götürülmə şansınızı artıra bilər. İnsanlar mavi rəngdə yazılmış yazıları ağıllarında daha rahat saxlaya bilirlər. Yadda saxlamaq lazım olan qeydləri mavi rəngdə yazmaq faydalı ola bilər.

Mavi rəngi sevən insanların şəxsiyyət analizində, dözümlü, razılaşma tərəfdarı olduqları təsdiqlənib. Bu insanlar ətrafları və özləri ilə barışan insanlardır. Az olan ilə kifayətlənir və səbr etməyi bacarırlar.

Qırmızı rəng

Qırmızı rəng sevgi, həyəcan, səmimiyyət, güc, aqresiya kimi bir çox duyğuların simvoludur. Qan təzyiqini və nəfəsi sürətləndirir. Bu, tez qərarlar qəbul etməyə imkan verir. Qırmızı sevən insanlar tez-tez güclərindən bacarıqlarını sübut etmək üçün istifadə etməyi sevirlər. Bu insanlar aktiv, aqressiv, ünsiyyətcil və əldə etməyi sevirlər. Hislərini ifadə edərkən reaktiv olurlar. Liderlik xüsusiyyətləri dərhal nəzərə çarpır. Bəzən şişirtməyi sevirlər.

Çəhrayı rəng

Romantik və zərif rəng olan çəhrayı həm də sakitləşdirici təsir göstərir. Araşdırmalar zamanı çəhrayı rəngin insanların duyğularını yumşaltdığı nəticəsinə gəlinib. Çəhrayı bir otaqda insanlar istəsələr də əsəbləşə bilmirlər. Ancaq bu təsir qısa müddətə davam edə bilər.

Yaşıl

Yaşıl rəng gözlər üçün ən rahat rəngdir və görməyi asanlaşdırır. Eyni zamanda sakitləşdirdiyi üçün sinir sisteminə müsbət təsir göstərir. Yaşıllığı sevən insanlar özlərini dəyər verirlər. Liderlik və etibarlılıqları ilə ətrafdakı insanlara təsir göstərirlər. Bəzən olduqca təkəbbürlü ola bilirlər.

Qəhvəyi

Torpağın və ağacın rəngidir. Bu rəngi sevən insanlar özlərini möhkəm və etibarlı hiss edirlər. Qəhvəyi təbii, rahat və açıq bir əhval yaratmağı təmin edir. Bu rəng güc, yetkinlik və etibarlılıq mesajı verir.

Bənövşəyi rəng

Bənövşəyi rəng zadəganların rəngi adlanır. Dəbdəbəli həyat, zənginlik və zərifliyin simvoludur. Eyni zamanda romantizm, həssaslıq və ehtirasın rəngi sayılır. Dekorativ olduğundan, bəzi insanlar onu əşyalarda istifadə etməyi sevirlər, lakin bəzi insanlar üçün bu süni rəngə bənzəyir.

Sarı rəng

Sarı rəng oynaqlığı, parlaqlığı, səmimiyyəti və həyata münasibəti özündə birləşdirir. Sarı günəş işığını xatırladır. Sarı rəngi sevən insanlar sərbəst və müstəqil olmağı, dəyişikliklərə açıq, enerji yaymağı və inandırma qabiliyyətlərini inkişaf etdirməyi sevirlər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər