Mileva Mariç 1875-ci il dekabrın 19-da, o zaman Avstriya-Macarıstan İmperiyasının bir hissəsi olan, indiki Serbiyanın Titel şəhərində anadan oldu. Mileva zəngin və savadlı bir ailənin qızı idi. Problemsiz bir uşaqlıqdan sonra Mileva 1882-ci ildə Rumada ibtidai məktəbə başladı. Milevanın ailəsi onun istedadını erkən tanıdı və qızlarını Serbiyanın Novı Sad şəhərində özəl bir qız məktəbinə göndərdi. Daha sonra ailə qızlarının təhsillərini davam etdirmələri üçün Zaqrebə köçdü və Mileva oradakı Kral Liseyinə yazıldı.
Orta məktəbdəki bacarığı və müvəffəqiyyəti ilə diqqət çəkdi. Fizika ilə xüsusi maraqlanırdı. Mileva riyaziyyat və fizika müəllimlərinin sevimlisi idi. Orta məktəbi fərqlənmə ilə bitirdi. O dövrdə Serbiyada qadın tələbələr universitetə qəbul edilmirdilər. Lakin 18 yaşlı Mileva universitetdə oxumaqda israr etdi. Qadınların universitetdə təhsil almasını qadağan etməyən almandilli Sürixə yola düşdü. Universitet üçün tələb olunan yetkinlik imtahanından keçdikdən sonra yarımçıq saxladığı tibb məktəbinə daxil oldu, çünki bütün diqqəti fizikada idi.
Üsyankar Mileva
1896-cı ildə Sürix Politexnik Universitetinə daxil oldu. Politexnik məktəbi kişilərin üstünlük təşkil etdiyi bir yer idi. Mileva tədris ilində adını bura yazdıran yeganə qız tələbəydi. O günə qədər bu fakültədə fizika oxuyan 5-ci qadın tələbə idi. Əlbəttə, universitet qadın tələbə qəbul edirdi, lakin məktəbdəki ümumi tendensiya beləydi ki, qız tələbələrin fizika və riyaziyyatda müvəffəqiyyət qazanmayacağına inanılırdı. Kişi professorların qadın tələbə ilə bağlı heç bir gözləntisi olmadığından, qızlarla ümumiyyətlə maraqlanmırdılar. Onları kişi tələbələrin faydasız əvəzediciləri kimi qiymətləndirirdilər. Mileva Mariç 4-5 illik təhsildən yayınmayan və sona qədər oxuyan, bakalavr diplomu ala bilən ikinci qadın oldu. O zaman magistr dissertasiyası yazanlara həqiqi bir diplom verildi.
Eynşteynlə görüş
Mileva bu məktəbin eyni fakültəsində oxuyan Albert Eynşteynlə tanış oldu. Ortaq zövqləri vardı, dərslərdə birgə iştirak edirdilər, tez-tez dərslərini birlikdə oxuyurdular. Bir müddət sonra bu zehni birlik sevgiyə çevrildi. İndi onlar sevgili cütlük hesab olunurdular. Hər ikisi də işlərini tez-tez professor Veberlə birlikdə həll edir, fizika laboratoriyasında oxşar qiymətlər alır və istilik keçiriciliyi üzərində işləyirdilər. Mileva Mariç elmi fəaliyyətləri haqda rəfiqəsi Elena Saviçə onu heyran etdiyini və Veberin işindən çox ümidli olduğunu yazdı. Albert Eynşetyn isə sonradan bunların onun üçün maraqlı olmadığını yazacaqdı.
Diplom imtahanı 1900-cü ildə keçirildi. Eynşteyn 4.91 bal toplayaraq imtahandan gözləmədiyi nəticə ilə keçdi. O dövrdə Sürixdə ən yüksək qiymət 6, ən aşağı qiymət 1 idi. Eynşteyn orta göstərici ilə məzun oldu. Digər üç kişi şagird 5-dən yuxarı qiymətlərlə kursu keçdi. Mileva Mariç imtahanda iştirak edən yeganə qız tələbə idi və 4 alaraq imtahandan keçə bilmədi. Növbəti il yenə 4 aldı. Ancaq hər iki imtahan zamanı Mileva çox çətin vəziyyətdə idi. Hamiləydi və Eynşteynin ailəsi onu gəlin kimi qəbul etmirdi.
Albert Eynşteyn isə 1901-ci il yanvarın 3-də sonradan həyat yoldaşı olacaq Mileva Mariç haqda yazırdı: “Mənimlə eyni istedada və azadlıq anlayışına malik olan rəngarəng bir qadına sahib olduğum üçün çox şanslıyam. Səndən başqa hər yerdə yalnızam”.
Hamiləlik dövründə tez-tez huşunu itirmiş və ağır iştahsızlıq keçirmişdi. Eynşteyn o vaxt İtaliyaya getmişdi, Mileva onun özündən uzaqlaşdığını düşünürdü, amma heç nə edə bilmirdi. İkinci imtahan uğursuz olduqda ciddi bir depressiyaya düşdü və doğma şəhərinə qayıtdı. 1902-ci il yanvarın 27-də Titeldə bir qız dünyaya gətirdi. Milevanın atası bu çətin doğuşu Eynşteynə deyəndə belə cavab vermişdi: “Zavallı sevgilim, nələr yaşadın, mənə vəziyyətin haqda danışmadın və bir dəfə şikayət etmədin. Ancaq gördünmü, istədiyimiz kimi, bir Lizerlimiz (qızın adı) var. Çox ağlayır, sağlamdırmı? Gözləri kiminkinə oxşayır, sənə, yoxsa mənə?”.
İstənilməyən uşaq
Mileva 26 yaşında uşaq dünyaya gətirdi, Albert Eynşteynin o zaman 23 yaşı vardı, hələ karyerasının əvvəlindəydi. Hələ evlənməmişdilər və Milevanın yerləşdiyi yer xoşuna gəlmirdi. Doğumdan sonra Eynşteyn Milevaya bir məktub yazaraq uşağını da yanında götürmədən İsveçrəyə qayıtmasını xahiş etdi. Körpəni istəmirdi, çünki o vaxt bir dövlət müəssisəsində işləyirdi, hələ evlənmədikləri üçün uşaq ona mane ola bilərdi.
Mileva 1902-ci ilin sentyabrında qızı Lizerli götürmədən İsveçrəyə qayıtdı. 1903-cü ilin yanvarında İsveçrənin Bern şəhərində evləndilər. Qızlarını rədd edərək yeni bir həyata başladılar. Uşağın taleyi hələ də sirr olaraq qalır. Bəzi tədqiqatçılar körpənin çətin doğuşda şikəst olduğunu, Milevanın ailəsinin yanında qaldığını və 21 aylığında qızılcadan öldüyünü söyləyirlər. Bəzi tədqiqatçılar doğuşdan dərhal sonra övladlığa verildiyini iddia edirlər.
Qayğılar içində yalnız
Evləndikdən sonra Albert Eynşteyn Berndəki İsveçrə Patent İnstitutunda doktoranturaya başladı. Mileva yenidən hamilə qaldı, bu dəfə 1904-cü il mayın 14-də bir oğul dünyaya gətirdi, ona Hans Albert adını verdilər. Mileva nəhayət bir ailə olmaqdan xoşbəxtdi, amma Eynşteyn fərqli qadınlarla tanış olmağa başladı. Uşaq olandan sonra ailə ciddi maddi çətinliklərlə üzləşdi, Mileva məişət problemlərini həll etmək üçün evin bəzi otaqlarını tələbələrə kirayə verdi.
Albert Eynşteyn 1905-ci ildə Nisbilik nəzəriyyəsini açıqladı. Mileva Mariç həm universitet illərində, həm də nəzəriyyənin elanı zamanı gecə-gündüz Eynşteynin yanındaydı. Bəzi tədqiqatçılar həmin dövrdə Eynşteynin müəyyən riyazi məsələləri Mileva ilə birlikdə həll etdiyini iddia edirlər. Maraqlı məqamlardan biri budur ki, bu nəzəriyyənin orijinal əlyazmaları Eynşteyn tərəfindən məhv edilib. Lakin 1901-ci ilin martında Milevaya göndərdiyi bir məktubunda yazırdı: “Nisbilik nəzəriyyəsi üzərində işimiz bitdikdən sonra nə qədər xoşbəxt olduğumu bilmirsən. Səndə olan istedadları başqalarının görməsi məni çox xoşbəxt edəcək”.
Milevaya məktub
1910-cu ildə ikinci oğulları Eduard dünyaya gəldi, uşaq əqli cəhətdən qüsurlu idi. Bundan sonrakı dövrdə Eynşteynin ailədən qopuşu sürətləndi. 1912-ci ildə əmisi qızı Elza ilə münasibətləri başladı. Mileva dahi fizik üçün “görünməz” olmuşdu. Amma ondan boşanmaq istəmirdi.
1914-cü il iyulun 18-də Milevaya evliliyin davam etməsi üçün yerinə yetirməsini istədiyi şeyləri sadalayan məşhur ultimatum xarakterli məktubunda yazırdı:
“A. Sənin vəzifələrin:
1. Paltarlarım təmizlənəcək və hər zaman geyilməyə hazır olacaq.
2. Gündə üç dəfə yemək hazırlanacaq və otağıma gətiriləcək.
3. Mənim yataq otağım və iş otağım həmişə səliqəli və təmiz olacaq, xüsusən də iş masamdan ancaq mən istifadə edəcəyəm.
B. Bir neçə zəruri münasibətlər xaricində mənimlə bütün şəxsi əlaqələri kəsəcəksən. Xüsusilə aşağıdakılardan çəkinməlisən:
1- Heç vaxt məndən evdə səninlə oturmağımı istəməyəcəksən.
2- Heç vaxt çölə çıxıb səninlə gəzməyimi istəməyəcəksən.
C. Mənimlə münasibətlərində aşağıdakı məqamlara diqqət yetir:
1- Məndən yaxınlıq və sevgi gözləmə, şikayətlərə isə heç vaxt dözə bilmərəm.
2- Mən istəmədikcə mənimlə danışmayacaqsan. Aramızdakı bütün danışıqları dayandırırıq.
3- Mən səndən istəmədikcə yataq və iş otaqlarıma girməyəcəksən.
D. Uşaqlarıma mənimlə bağlı ən kiçik bir mənfi söz deməyəcəksən”.
Sürixə qayıdış
Eynşteyn 1914-cü ildə Berlin Universitetinə dəvət edildi, ailə Berlinə köçdü. Ancaq burada da işlər o qədər yaxşı olmadı. Mileva az sonra uşaqları ilə birlikdə Sürixə qayıtdı. 1919-cu ildə rəsmi olaraq boşandılar. Boşandıqdan sonra Eynşteyn tezliklə Nobel mükafatı alacağını və bundan əldə edəcəyi pulu Mileva və uşaqlara verəcəyini vəd etdi. Mileva və uşaqların Sürixdəki durumu o qədər də yaxşı deyildi. Eynşteyn isə həqiqətən 1921-ci ildə Nobel mükafatı qazandı və əldə etdiyi pulu keçmiş həyat yoldaşına göndərdi. Bu pulun böyük bir hissəsi əqli qüsurlu uşağın müalicəsi və baxımı üçün xərcləndi.
Milevanın böyük oğlu Hans Albert Sürixdəki bir texniki məktəbdə oxuduqdan sonra evləndi və 1937-ci ildə ailəsi ilə birlikdə Amerikaya köçdü. Uzun illər Berkli və Kaliforniya Universitetlərində hidravlika professoru kimi çalışdı.
Qayıdışı olmayam gediş
Mileva əqli qüsurlu övladı ilə Sürixdə uzun müddət çox pis şəraitdə yaşadı. Eynşteyn ona münasibətləri barədə danışmağı qadağan etmişdi. Həyatının son dövründə bir rəfiqəsinə Albertin onun həyat enerjisini talan etdiyini və onu maddi problemlərin cənginə atdığını, elmi araşdırmalarına mane olduğunu yazdığı deyilir. İki dəfə beyin qanaması keçirdi və aylarla iflic durumda qaldıqdan sonra – 1948-ci il avqustun 4-də Sürix Dövlət Xəstəxanasında öldü.
Ölümündən sonra nisbilik nəzəriyyəsi ilə bağlı araşdırmaları zamanı Eynşteynin bəzi riyazi məsələləri Mileva ilə birlikdə həll etdiyi iddiası ortaya atılanda fizik Karl Saqan bu haqda demişdi: “Dəlilin olmaması, yoxluğun dəlili deyil”.