19 Yanvar 2021 09:14
5 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz ABŞ-ın, elm dünyasının ən tanınmış simalarından biridir.

Allen Mirqədirov (əvvəlki adı Ələkbər Mirqədirov) — Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və ABŞ Hərbi Hava Qüvvələrinin zabiti.

Allen Mirqədirov 1979-cu il mayın 5-də Bakı şəhərində anadan olub. O, altıncı sinfə qədər Bakı şəhəri 145 nömrəli tam orta məktəbdə təhsil alıb. 1991-ci ilin yayında ailəsi ilə birlikdə Bakını tərk edib ABŞ-a köçüb. ABŞ-ın bir neçə ştatında, o cümlədən Arizona, Havay, Kolorado, Kaliforniya və Merilenddə yaşayıb.

Allen Amerika Hərbi Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San-Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi alıb. Təhsilini başa vurandan sonra 10 il ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib.

2010-cu ildə ABŞ Aeronavtika və Milli Kosmos İdarəsinin (NASA) orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunub.

2014-cü ildə Allen və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən təcrübə üçün seçilib. Təcrübədə Allen avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun işlək vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıb. Ümumi vəzifələrdən başqa, onun öz təcrübəsi də olub. O, uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması ilə məşğul olub.

Marsa uçuş

Allen Mirqədirov NASA-nın “Goddard Space” Uçuş Mərkəzində təxminən on il xidmət edib. Mühəndislik işinə Kolorado ştatının Kolorado Sprinq şəhərindəki ABŞ Hava Qüvvələri Akademiyasında astronavtika mühəndisliyi ixtisası üzrə başlayıb. San-Dieqo Universitetində aerokosmik mühəndisliyi üzrə magistr dərəcəsini alıb. Beş ilini NASA-nın Vircinya ştatındakı Uallops Uçuş Mərkəzində kosmik uçuş sistemlərinin təhlükəsizliyi mühəndisi olaraq keçirib. Fəaliyyətini daha sonra Telekommunikasiya Şəbəkələri və Texnologiya Şöbəsinə nəzarət etmək üçün Qrinbelt şəhərindəki Qoddard uçuş mərkəzində davam etdirib.

Qoddardda olduğu dövrdə Mirqədirov “Hawai’i Space Exploration Analog and Simulation” və ya “HI-SEAS” proqramı vasitəsi ilə gələcəkdə insanların kosmosa uçuşunun təmin edilməsi missiyasında iştirak edib. Bu, gələcəkdə Marsa uzunmüddətli səfərlər üçün faydalı ola biləcək məlumatları toplayan səkkiz aylıq bir ekspedisiya idi. Bakılı Mirqədirov bu missiya üçün seçilmiş 6 nəfərdən biri idi.

Allen Mirqədirov 2015-ci ildə HI-SEAS missiyasını başa vurub. Bu gün NASA-da yeni rabitə texnologiyaları quran və kosmosdakı peykləri izləyən 30-dan çox telekommunikasiya layihəsinin portfelinə nəzarət edir. Yer stansiyalarının digər peyklərlə danışıqları və peyklər şəbəkəsinin bir-birinə məlumat ötürmələri ilə həmişə maraqlandığını söyləyir.

Bakıdan kosmosa uzanan yol

Müsahibələrindən birində deyib ki, San-Dieqo Universitetini Aerokosmik mühəndislik ixtisası üzrə magistr dərəcəsi ilə bitirdikdən sonra əsas məqsədi NASA-da işləmək olub. Bu səbəbdən - NASA-da işləmək üçün bir neçə yüksək maaşlı iş təkliflərini rədd edib. İş üçün müraciət etdiyi NASA-dan on ay sonra iş təklifi ilə bağlı bir zəng gəlib və fikirləşmədən qəbul edib. O, karyera uğurlarının sirrinin Bakıda başlayan və ABŞ-da bitən mükəmməl təhsilinə bağlı olduğunu bildirib.

Allen Mirqədirov Yerdən başqa, digər planetlərdə və ya qalaktikalarda da həyatın və canlıların olduğuna inanır. Yəni yadplanetlilərin olduğuna böyük bir inamı var. Müsahibələrindən birində iddia edib ki, yadplanetlilər bir neçə dəfə Yerə baş çəkiblər və bunu sübut edən kifayət qədər dəlil var. Özü isə bir gün Marsa uçacağını, bunun üçün hazırlaşdığını deyib. Bu səbəbdən 2014-2015-ci illərdə insanlrı Marsda həyata hazırlaşdıran kosmik missiyada (HI-SEAS) iştirak edib. Mirqədirovun iddiasına görə, Marsa ilk insanın ayağı 2022-ci ildə dəyə bilər.

Dünyanın ən yaxşı şəhəri

Mirqədirovun sözlərinə görə, ona sovet kosmonavtı Yuri Qaqarinin həyat yolu böyük təsir edib. Futbol, üzgüçülük və basketbol həvəskarıdır. Azərbaycan və Rusiya mətbəxini sevir. Müsahibələrindən birində Allen Mirqədirov iki ildən bir Azərbaycana gəldiyini deyib.

O, Bakını dünyanın ən yaxşı şəhəri, Azərbaycanı isə vətəni hesab edir: “Azərbaycan mənim və ailə üzvlərimin doğulduğu yerdir. Bizim vətənimizdir. İnanıram ki, biz dünyanın ən yaxşı şəhərindən – Bakıdan gəlmişik. Həmişə köklərimizi xatırlayacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər