5 Fevral 2021 09:08
2 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filmlərdə hər nə qədər soyuqqanlı və xarizmatik, öz dilləri ilə desək, kölgələrindən də sürətli silah çəkən qəhrəmanlar kimi görünsələr də, kovboyların əsas həqiqətləri bilinəndən tam fərqlidir. Əslində “kovboy” mal-qara otaran naxırçılara verilən ad idi.

İlk dəfə İspaniyada “vakero” (vaqueros) adlandırılan at ilxıçıları olaraq ortaya çıxıblar. Sonra bu mədəniyyət Meksikaya qədər yayılıb. Texasda onlar “kovboy” adlandırılıb. İspanlar Əndəlus ərəblərindən at minməyi öyrəndikdən sonra İspaniyada bu peşə ortaya çıxdı.

Azteklərin məhv edilməsi

İspanlar 1519-cu ildə Ernan Kortesin komandanlığı altında aztekləri məhv edib Meksikaya yayılandan qısa müddət sonra inək və digər iribuynuzlu heyvanları yetişdirmək üçün təsərrüfatlar yaratmağa başladılar. İspaniyadan gətirilən atlardan istifadə edərək mal-qaranı otaran işçilər vardı. Meksikanın bu yerli kovboyları ispan dilindəki “vaka” (inək) sözündən gələn “vakero” adlanırdı. Vakerolar kəmənd atma, minicilik və güdmədə yüksək bacarıqlara sahib idilər. Daha sonra ispanlar tərəfindən koloniyalaşdırılan Texasda bir çox təsərrüfat quruldu.

Ucuz torpaq axtaran və ABŞ hökumətinə olan borclarına görə qaçan ağdərili amerikalılar 1800-cü illərin ilk yarısında Texasın ispanlaşdırılmış ərazilərinə köçməyə başladılar. Əslində dəvət Meksikadan gəlmişdi, çünki nəhəng Texası koloniyalaşdırmağa çalışırdılar. Meksika hökuməti köləliyə etiraz etsə də amerikalılar sərhəddə yerləşmək üçün afrikalı kölələrini də özləri ilə gətirdilər, pambıqçılıq və maldarlıq təsərrüfatları qurdular. 1825-ci ildə kölələr Texas əhalisinin 25 faizini təşkil edirdi.

1840-cı illərdə Texasa o qədər böyük köç başladı ki, Meksika hökuməti öz dəvətindən peşman oldu. Artıq amerikalılar Texas əhalisinin 80 faizini təşkil edirdi və meksikalılar azlıqda qalmışdılar. Amerikalı kolonistlər qısa müddətdə Texasın müstəqilliyini istədi. Üsyan başladı və Meksika hökuməti bunun qarşısını almaq üçün həll yolu tapdı. 1846-cı ildə ABŞ-la müharibəyə girdi, 1848-ci ildə Texas itirildi.

Köləlikdən qurtuluş

1860-cı ildə qədər Texasda 600 000 insan yaşayırdı və bunun 200 000-i kölə idi. Texas pambıqçılıq təsərrüfatının içində qalmışdı və kölələr bunun üçün əvəzolunmazdı, çünki zəhmətli bir işdi. Şimalın köləlik əleyhinə mövqeyi və Avraam Linkoln kimi köləliyin əleyhinə olan bir şəxsin prezident seçilməsi, cənub bölgələrini ABŞ-dan ayırdı və konfederativ dövlət olaraq ayrı bir ölkə quruldu. Yeni bir kölə dövləti olan Texas 1861-ci ildə konfederasiyaya qatıldı. Nəticədə Amerika daxilində cənub və şimal arasında vətəndaş müharibəsi başladı. Vətəndaş müharibəsi Texas ərazisinə çatmasa da bir çox ağdərili texaslı döyüşmək üçün silahlanmışdı.

Texaslı fermerlər döyüşə gedəndə torpaqlarını və mal-qara sürülərini kölələrinə əmanət etmişdilər. Lakin tikanlı məftil hələ icad olunmadığından mal-qaranı bir yerdə saxlamaq çətindi. Onsuz da köləlikdən qaynaqlanan müharibədə kölələr köləliyi müdafiə edən Texas təsərrüfatlarında işləmədilər, qaçdılar. Müharibədən qayıdan fermerlər sürülərinin təsərrüfatlardan qaçdığını və itdiklərini gördülər. Təbiətə qarışmış minlərlə mal-qara sürətlə çoxaldı və sayları artdı. Cənublular dağılmış mal-qaranı toplamağa və sürülərini kölə əməyi ilə yenidən qurmağa çalışdılar. Ancaq Avraam Linkolnun “Azadlıq Bəyannaməsi” onları bu qədər asılı olduqları kölələrdən məhrum etdi. Sahibsiz heyvanları toplamaq üçün köməyə ehtiyacı olan fermerlər əvvəllər kölə olduqları afro-amerikalıları maaş müqabilində yenidən naxırçılar kimi işə götürməyə başladılar.

Azad adamlar

Meksikalı təsərrüfat sahibləri əsrlər boyu bu iş üçün vakerolardan istifadə etmişdi. 50 ildən çoxdur Texasda olan amerikalılar vakerolara yad insanlar idilər və bu iş üçün mükəmməl olduqlarını anladıqları vaxt eyni taktikaya üz tutdular, ancaq “vakero” əvəzinə, “kovboy” adlandırdılar.

1864-cü ildə kovboyluq bir peşə kimi müharibədən qayıdanların çoxu üçün cəlbedici idi. Dəyişən dünyaya uyğunlaşa və öyrəşdikləri vəhşi həyat tərzindən qurtula bilmirdilər. Müharibədən qalan travmalar da kovboyluğu onlar üçün cəlbedici etdi. Bu onlara bir növ “azadlıq” vermişdi. Afro-amerikalılar üçün isə bu, bir az məcburiyyət kimi görünürdü. Sənayeləşən və irqçiləşmiş ABŞ-da dolanışıq üçün iş tapmaq asan olmadı. Buna görə də əksəriyyəti müharibədən sonra kovboy oldu. Amerika kinoteatrının dünyaya göstərdiyi filmlərin əksinə olaraq, kovboyların üçdə biri qaradərili idi. Bir o qədəri də meksikalıydı. Lakin Amerika filmlərində kovboylar çox vaxt “ağdərili, cəsur və qorxmaz amerikalı” kimi təqdim edilir. Əslində, onların işi sifarişli sui-qəsdləri yerinə yetirmək yox, siyasi sistemə meydan oxumağa meylli bir naxırçılıqdan başqa bir şey deyildi.

Bir dollarlıq gün

Sözün həqiqi mənasında kovboyluğun mövcud olduğu dövr - 1864-1870-ci illər arasında cəmi 6 il idi. O dövrdə bir inək cənubda 4 dollar, qərbdə 40 dollar dəyərindəydi. Kovboylar hər zaman iş tapa bilirdilər, çünki tələb və qazanc yüksək idi və əsas üstünlük zəncilərə verilirdi, habelə, bu işi ən yaxşı onların bacarıqları düşünülürdü. Fermerlərin mallarını qərb ştatlarında satması üçün ən böyük maneə Texasda dəmir yolu şəbəkəsinin olmaması idi. Bölgədə dəmir yollarının olmaması səbəbindən nəhəng mal-qara sürüləri minlərlə kilometr məsafədən Kanzas, Kolorado və Missuriyə aparılırdı. Bu dövrdə bütöv bir günü bir dollara işləyən kovboylar tərəfindən 5 milyondan çox mal-qara Texasdan şimaldakı dəmir yoluna çatdırılmışdı.

Kovboylar üçün əsas təhlükə sürüləri tələfat olmadan bir yerdə saxlamaq idi. Bundan sonra atlı hindular və at oğruları gəlirdi. Sürüləri və özlərini qorumaq üçün odlu silahlar onlar üçün vacib idi. Məşhur inancın əksinə olaraq, kovboylar təkbaşına gəzmirdilər. Təqribən 3000 baş bir iribuynuzlu sürüsünü dəmir yoluna çatdırmaq və ya otlatmaq üçün 10 nəfərdən ibarət komanda işləyirdi. Zəncilər kovboy kostyumlarında ayrı-seçkiliyə məruz qalmasalar da yol boyu irqçi hücumlarla üzləşirdilər. Keçdikləri şəhər və qəsəbələrdə yemək yeyəcək restoran və ya qalmaq üçün otel tapmaqda çətinlik çəkirdilər. Bununla bağlı bir qaradərili kovboyun 1907-ci il tarixli tərcümeyi-halında bir cümlə var: “Yatağımız ana torpaqdır, yorğanımız göydür”.

Ağdərili kovboyların belə bir problemi yox idi, zəncilər üçün isə bunu demək çətindir.

Hinduların aclığı

1870-ci illərin əvvəllərində mal-qara azalanda və dəmir yolu şəbəkəsi genişlənəndə kovboylar gözdən düşdülər. Həyatlarını bu peşə üzərində quran kovboylar başqa işlərlə məşğul olmağa başladılar. Axtardıqları həll yolunu bizon sürülərində tapdılar. 1870-ci illərin əvvəllərində Mərkəzi Amerikada 30 milyondan çox bizon yaşayırdı və onlar sürülər şəklində gəzirdilər. Ət və ət qablaşdırma sektorunun sənayeləşməsi yeni tələb yaradırdı. Ən əsası da bizon dərisi inkişaf edən Amerika tekstil sənayesi üçün çox dəyərli sayılırdı. Kovboylar bizonların təbii yaşayış yerlərinə girdilər və onları ovlamağa başladılar. Bizonları ovlamaq asandı, çünki kifayət qədər böyük idilər və sürülər şəklində dolaşırdılar. Dəriləri soyulduqdan sonra ətləri ya dəmir yolu stansiyalarında satılır, ya da leş yığanlar tərəfindən toplanırdı.

Bizonların kütləvi ovlanması aborigenlər arasında aclığa səbəb oldu. Bizon Mərkəzi Amerikadakı hindular üçün əsas qida mənbəyi idi və heç vaxt onları boş yerə israf etmirdilər. Əvvəllər Mərkəzi Amerikada qarşılaşmadıqları atların populyasiyasındakı böyük artımla yerlilər at minməyi və müxtəlif məqsədlər üçün istifadə etməyi öyrəndilər. Hindular da at üstündə bizon ovlayırdılar, amma kovboylar qədər uğurlu deyildilər. Bir bizonu öldürmək üçün təxminən 10 ox vurmaq lazım idisə, kovboylar bunu bir güllə ilə həll edirdilər. Həmin dövrdə 10 ildə 30 milyon bizon kovboylar tərəfindən öldürüldü. Mərkəzi Amerikada bizonların ümumi sayı 100-dən aşağı düşdü. Aclıqla üzləşən yerlilər müxtəlif bölgələrə köç etmək məcburiyyətində qaldılar.

Tikanlı məftillər

Bizonun tükənməsi ilə kovboylara daha bir zərbə “tikanlı məftil” adlanan icaddan gəldi. Tikanlı məftillər sayəsində sürülər fermalardan qaça bilmədi və kiminsə onlara bələdçilik etməsinə ehtiyac qalmadı. İşsiz qalan kovboyların əksəriyyəti atlardan istifadə etməyi dayandıraraq, təsərrüfatlarda işləməyə başladı. Azadlığını sevənlər isə dəmir yollarında quldurluq etdi. 1900-cü illərin əvvəllərində kovboyluq unudulmuş bir fantaziyaya çevrildi.

Unutqanlığın astanasında

Amerika tarixində mühüm yeri olan keçmişin maldarları – kovboyluq peşəsi günümüzdə tamamilə unudulmağa yaxındır. Con Ueyn, Klint İstvud, Roy Rocers, Alan Ledd, Geri Kuper, Ceyms Stüart, Ceyms Qarner, Rendolf Skott, Henri Fonda, Ben Conson, Kirk Duqlas və Sem Elliott kimi Hollivud məşhurlarının canlandırdığı “Uzaq Qərbin kovboyları” son illərdə iribuynuzlu heyvandarlığın özəlləşdirilməsi və dövlətə bağlı otlaq sahələrinin azalması ilə çətin günlərini yaşayırlar. Ölkədəki vətəndaş müharibəsində ət qiymətlərinin az qala qızıla bərabər olduğu XIX əsrdə maldarlıqla başlayan kovboy peşəsi bu günə qədər problemsiz gəlmişdi. 1976-cı ildən torpaqların özəlləşdirilməsi, dövlətin böyük otlaqları milli parka çevirməsi, otlaqların heyvandarlıqda istifadəsini məhdudlaşdırması kovboyların qollarını bükməyə başladı.

Bu gün Texas, Nebraska, Cənubi və Şimali Dakota, Oklahoma və Kanzasda heyvandarlıqla bağlı xüsusi mütəxəssislərin artması və dövlətə məxsus otlaqların azlımasından sonra kovboyların sayı 18 000-ə düşüb, 100 milyona yaxın mal-qaradan yalnız 7 milyonu sərbəst şəkildə otlaq sahələrinə çıxa bilir.

“Wall Street Journal” Amerika tarixində ənənəvi bir kult hərəkatı olan kovboyluğun bir neçə il ərzində tamamilə yox ola biləcəyini yazır: “Xatirələri yalnız filmlərdə qalacaq”.

İllərdir kovboy filmləri çəkərək böyük qazanclar əldə edən Hollivud ötən il ABŞ tarixinə xas olan bu çətin və ağrılı peşənin qorunması üçün yardım əlini uzadacağını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər