Qıpçaqları bizanslılar və latınlar “Kuman”, ruslar “Polovtsi”, almanlar və digər avropalı xalqlar “Falben”, “Valani”, “Pallidi” adlandırmışdılar. Bu adların ümumi mənası “sarı”, “sarımtıl”, “solğun” demək idi. İslam mənbələrində “Qıbçaq”, “Qıbşaq” və “Qıfçaq”, gürcü mənbələrində isə “Qıfşaq”, “Qıfşah” kimi istifadə olunan sözlərin etimologiyası ilə bağlı qəti bir nəticəyə gəlinməyib. Qıpçaqların adının ilk dəfə çəkildiyi rus-slavyan salnamələrində türkmən, peçeneq və uzlarla eyni boydan olduğu iddia olunur.
Ölkəsiz qıpçaqlar
Peçeneqlər və uzlar kimi qıpçaqlar da Cənub-Şərqi Avropa çöllərində bir dövlət qura bilməmişdilər, əksinə tayfa prinsipləri əsasında birləşmiş icmalar şəklində yaşamışdılar. Mənbələrdə daha çox “kuman” adı ilə bəhs edilən qıpçaqlar İrtış boylarına daxil olan kiməklərin İşim və Tobol vadilərində yaşayan bir qolu sayılır. XI əsrin ikinci yarısında kiməklərin ərazilərinin idarəetməsi qıpçaqlarda idi.
Balxaşdan İrtışa qədər böyük bir bölgəni idarə edən qıpçaqlar cənubdakı boyların onlara birləşməsi ilə daha da gücləndilər, lakin böyük ehtimalla şərqdəki birləşmiş tayfaların təzyiqi, yer və otlaq azlığı səbəbiylə İdil çayından qərbə tərəf döndülər. Qarşılarındakı uzların (Oğuzlar) 1048-ci ildə Balkana çəkilməsindən sonra Qafqaza üz tutdular. 1054-cü ildə rus salnaməsində ilk dəfə “polovtsi” adlandırılan qıpçaqlar bu dövrdə öz ərazilərini Dneprə qədər genişləndirdilər. Qıpçaq adı şərqdə qorunub saxlanıldığı halda, yuxarıda göstərilən adlarla Qərbdə tanınırdılar.
Ruslar əsarətdə
Qıpçaqlar 1061-ci ildən etibarən rus bozqırlarını ələ keçirməyə başladılar. 1078-ci ildə Bizansa üsyan edən peçeneqlərlə birlikdə Ədirnəni mühasirəyə aldılar. Bu tarixdən etibarən 1083-1096 və 1109-1114-cü illərdə Bizansa axın etdilər. Hakimiyyətlərini 1080-ci illərdə Don-Dnestr hövzələri də daxil olmaqla, Balxaş gölü və Talasdan Dunay boyunca yaydılar. Qafqazda Kubanın daxil olduğu bu ərazilər şimalda Oka-Sura çayları boyunca İdil bulqarlarının sərhədinə qədər uzanırdı.
Bütün Şərqi Avropa və Qərbi Sibirin bozqır bölgələrini əhatə edən Kuman-Qıpçaq çölləri o vaxtdan bəri İslam mənbələrində “Dəşti-qıpçaq” (Qıpçaq bozqırı) adlandırılır. Rus, bulqar, alan, burtas, xəzər və vlaxların qıpçaq tabeçiliyi altında yaşadığı bu dövrdə qıpçaqların torpaqları Orta Asiya, İdil hövzəsi, Don-Donetsk, Aşağı Dnepr və Dunaya qədər böyük əraziləri əhatə edirdi.
Knyazın məğlubiyyəti
Qıpçaqlar bu bölgələrdə öz başçılarının hakimiyyətləri altında yaşayırdılar. 1091-ci ildə Macarıstana, 1092-ci ildə Polşaya daxil olan qıpçaqlar 1093-cü ildə Bizans torpaqlarında peyda oldular. Ruslar 1103-cü ildə qıpçaqlara qarşı böyük bir uğur qazandılar və qıpçaqlar 1105-1111-ci illərdə qısa fasilələrlə şiddətli basqınlarla cavab verdilər. Dunay qıpçaqlarının bir hissəsi Macarıstana üz tutduğu halda, Dnepr qıpçaqları Pereslavl Knyazlığına hücum etdilər. Aqsu çayı boyunca Kiyevin ətrafına axın edən qıpçaqlar rus knyazlıqlarının Kiyev knyazı Svyatoslavın (1184) hakimiyyəti altında birləşərək qurduqları böyük bir orduya məğlub oldular. Bu döyüşlərdə iştirak etməyən Novqorod-Seversk knyazı İqor Svyatoslaviç 1185-ci ildə qıpçaqlara qarşı hücuma keçdi, ancaq Aşağı Dondakı Qayalı çayının sahillərində mühasirəyə alınaraq məhv edildi.
Nikah diplomatiyası
Rus knyazları və gürcü çarları qıpçaqların dəstəyini almaq və nüfuzlarını artırmaq üçün qıpçaq başçılarının qızları ilə evlənmişdilər.
Qıpçaqların başçısı Atrakın gözəlliyi ilə məşhur olan qızı gürcü çarı II Davidlə evləndikdən sonra Don-Kuban qıpçaqları ilə gürcülər arasında sıx əlaqələr quruldu. Gürcü çarı 1118-ci ildə Kür ətrafında məskunlaşan Kuman qıpçaqlarından ibarət 40000 nəfərlik mükəmməl süvari ordusu qurdu. Gürcülər bu qıpçaq süvariləri sayəsində səlcuqların hücumlarına müqavimət göstərdilər. İndiki Azərbaycan, İran və Şərqi Anadoluya uğurlu hücumlar təşkil etdilər.
Atrak 1125-ci ildə gürcü knyazlığından öz yurduna qayıtdı. Lakin onunla birlikdə Gürcüstana gedən qıpçaqların çoxu geri qayıtmadı və orada qaldı, müxtəlif yerlərdə yerləşdilər. Gürcüstana getdikləri üçün Don sahillərini tam, Kubanı da qismən boşaldan qıpçaqlardan Krımda qalanlar yarımadadakı şəhərlərdə yerləşərək ticarətlə məşğul oldular və bəzi kiçik qəsəbələr qurdular.
Monqol erası
Səlcuqlar 1221-ci ildə Qara dənizin ən böyük ticarət mərkəzi olan Krımın Suğdaq şəhərini fəth edəndə qıpçaq və qus qüvvələri şəhəri geri almaq üçün birlikdə hərəkət etdilər, lakin səlcuqların müdafiəsi qarşısında uğurlu ola bilmədilər. Qıpçaqlar şərqdən hücuma keçən monqolların qarşısını almaq üçün yenidən ruslarla hərbi əməkdaşlıq etsələr də, 1223-cü ildə baş verən Kalke döyüşündə Cəbə və Sabutayın komandanlığındakı iki monqol hərbi diviziyasına məğlub oldular.
1238-ci ildə Rusiyanın şimalı Batu Xan tərəfindən ələ keçirildi. Qıpçaqlar monqol ordusunun qarşısında dayana bilmədilər. Kötenin komandanlığındakı qıpçaq qüvvələri Don və Donetsk hövzəsində məhv edildi, qaça bilənlər Macarıstana sığındılar. Monqol istilası zamanı qıpçaqların çoxu İdil bulqarlarının torpaqlarındakı meşələrə üz tutdular. Bu hadisə keçmiş İdil-Bulqar yurdunun tamamilə qıpçaqlaşmasında böyük rol oynadı. Monqolların qıpçaq ölkəsinə hücumundan və Qızıl Orda Dövlətinin qurulmasından (1241) sonra qıpçaqların heç bir rolu və gücü qalmamışdı. Amma bəzi qıpçaqlar Monqol İmperiyasında mühüm vəzifələr tutmuşdular.
Fironlar ölkəsində
Başlanğıcda səlcuqların iqtidarı altında olarkən müstəqil bir kimlik qazanan İraqdakı Qıpçaqoğullarının hakimiyyəti bəzən müstəqil, bəzən də Mosul Atabəyliyi və Əyyubilərin tabeçiliyi altında XIII əsrin sonlarlarına qədər davam etdi. Ərəb-İslam dövlətlərində mövcud olmuş saray gözətçi qoşunlarında türklərdən ibarət birliklərdən istifadə üsulu Əyyubilərdə də tətbiq edilmiş, qıpçaq və oğuz gəncləri bu məqsədlə yetişdirilmiş və hərbi güc onların əllərində cəmləşmişdi.
İzzəddin Aybəyin 1250-ci ildə Misirdə Əyyubilər sülaləsinə son qoyaraq, özünü sultan elan etməsindən sonra qurulan Məmlüklər Dövləti qısa müddət sonra kurman-qıpçaq birliyinin əlinə keçdi. Bu dövlətin sultanları da qıpçaq mənşəli idi.
Sayrışan inanclar
Digər köçəri türklərdə olduğu kimi, başlanğıcda şamançı olan qıpçaqların bir qismi vaxtında xristianlığı qəbul edərək pravoslav kilsəsinə bağlanmış, bəziləri isə Krım, Qafqaz və İdil bolqarlarının ölkəsində müsəlman olmuşdular.
Tarix səhnəsinin kulisində
Qıpçaq tayfasının adının çəkildiyi ilk yer Bilgə Xaqanın (747-759) məzarının yerləşdiyi iddia edilən Orxondakı kitabələrdə “Turuq qıbçaq eliq ili olardı” ifadəsidir. Kumanlar və ya qıpçaqlar VIII əsrdə Göytürk Dövlətinin qərb bölgələrində yaşayan türk boylarından biri idi. VIII-XII əsrlər boyu müxtəlif müharibələr və köçlərin sonunda qıpçaq adı altında birləşən bu türk boyları Avropada “kuman” adlandırıldı.
Qıpçaqların rəhbərliyi altında formalaşan boyların birliyində çox sayda türk tayfası, xüsusən qanqlılar və kiməklər var idi. Lakin bu qəbilələr geniş arealda pərakəndə şəkildə yayıldıqları üçün siyasi birlik olaraq ortaya çıxa bilmədilər. Qıpçaqların köçündən sonra “Dəşti-qıpçaq” adlandırılan bu ilk yerlərdən günümüzə çatan yeganə əsər “Kuman kodeksi” (“Codex Cumanicus”) adlı qeydlərdir. XII əsrin ortalarına doğru monqol axınlarının artmasıdan sonra yayılması və dağılması sürətlənən qıpçaqların əksəriyyəti Macarıstanda, qalanları isə Balkan və Qafqaz xalqları arasında əriyərək tarix səhnəsindən geri çəkildilər.
Yeganə qıpçaq əsəri
Yerli mədəniyyət qura bilməyən bozqır qıpçaqlarından bu günə çatan yeganə əsər olan “Kuman kodeksi” Venesiyadakı Müqəddəs Markus Kitabxanasında saxlanılır. Əsərin birinci hissəsi qotik hərfləri ilə yazılıb. Müəllif hüququnun 1294-cü ildə müəyyən edildiyi təxmin edilir. Müxtəlif hissələrində əsərin kuman və tatar türkcələrində yazıldığı bildirilir. Latın, fars və kuman türkcəsindəki sözlərin yer aldığı ilk hissələrdə latın dilində bir girişdən sonra bəzi qrammatik qaydalar və müxtəlif mövzularla əlaqəli sözlər latın əlifbasına görə sıralanıb. Lakin latın dilindən italyan dilində daha yaxın olduğundan bu hissə “İtalyan kodeksi” adlanır. Bu hissənin italyan tacirlər tərəfindən yazıldığı ehtimal olunur.
Kuman türkcəsi və alman dili lüğəti ilə başlayan ikinci hissədə xristianlığa dair kuman türkcəsində yazılmış dua, ilahi və 47 tapmaca var. Mətnlər latın, qotik və bəzən yunan hərfləri ilə yazılıb. Xristian ilahilərinin alman missionerləri tərəfindən kuman türkcəsinə tərcümə olunduğu təxmin edilir. Bu hissə “Alman kodeksi” də adlanır və ehtimal ki, Fransisken təriqətindən olan alman keşişləri tərəfindən tərcümə olunub.
“Kuman kodeksi”nin bəzi bəzi hissələri 1828-ci ildə Klaprot, hamısı isə 1880-ci ildə Geza Kuun tərəfindən latınca tərcümələr və izahlarla nəşr olunmuş, daha sonra – 1936-cı ildə Kaare Qryünbex əsərin asan istifadə edilə biləcək nəşrini həyata keçirib. Əsər üzərində, eyni zamanda, Vilhelm Radloff, Villi Banq Kaup, Dyula Nemet, Annemariya fon Qabayn və Andreas Titze kimi türkoloqların müxtəlif araşdırmaları da var.