Coğrafi kəşflər və müstəmləkəçiliyin başlanmasından sonra - XV əsrdə Sina yarımadasında kanal açma fikrini ilk dəfə venesiyalılar irəli sürüblər. Əvvəlki dövrlərdə mövcud olan kiçik su yollarının genişləndirilməsinin vacib olduğunu iddia edən venesiyalıların fikrini həyata keçirənlər fransızlar idi. İmperator Napoleon kanal layihəsini ciddiyə aldı və 1798-1801-ci illərdə Misirin işğalı zamanı araşdırmalar apardı. Kanalla bağlı ilk konkret addım 1854-cü ildə Fransa diplomatı Ferdinand de Lessepsin layihənin imtiyazını Osmanlının Misirdəki qubernatoru Məhəmməd Səid Paşadan alması ilə atıldı.
İngilislərin etirazı
İngiltərə Afrikanın cənubundakı Ümid burnunun əhəmiyyətini azaldacaq kanala qətiyyətlə etiraz etdi. Dövrün ingilis araşdırmaçıları və diplomatları layihəyə qarşı kampaniya apardılar, kanal üçün yaradılan Fransa şirkətinin səhmləri İngiltərədə diqqət çəkmədi.
Yarımadada böhran
Süveyş kanalının çəkilişi üçün qazıntılar 1859-cu il aprelin 25-də başladı. 6 ildə tamamlanması planlaşdırılan layihənin icrası isti iqlimin iş şəraitini çətinləşdirməsi, intensiv iş qəzaları və 1865-ci ildə yayılan vəba səbəbiylə 10 ilə qədər uzandı. Nəhayət, 1869-cu il noyabrın 17-də Avropadan çox sayda qonağın qatıldığı mərasimlə Süveyş kanalı beynəlxalq nəqliyyata açıldı. Kanalın 99 illik imtiyazı fransalıların üstünlük təşkil etdiyi Süveyş Kanalı Şirkətinə verildi.
Döyüş gəmisində görüş
1945-ci il fevralın 14-də Səudiyyə Ərəbistanı Kralı Əbdüləziz və ABŞ Prezidenti Franklin Ruzvelt arasında Süveyş kanalına lövbər atmış bir Amerika döyüş gəmisində keçirilən görüş Yaxın Şərq tarixinin dönüş nöqtələrindən biri oldu. Səudiyyə Ərəbistanı-ABŞ strateji ittifaqı bu görüşlə başladığı üçün Səudiyyə neftinin imtiyazı da amerikalılara verildi.
SSRİ-yə qarşı həmlə
Misir Kralı Fərruxun devrilməsindən sonra hakimiyyətə gələn Camal Əbdünnasirin 1956-cı ildə Süveyş kanalını milliləşdirdiyini elan etməsi Fransa, İngiltərə və İsrailin Misirə hücum etməsinə səbəb oldu. Dövrün konyunkturası səbəbiylə ABŞ SSRİ-nin bölgədəki təsirini artırmasının qarşısını almaq üçün Misiri dəstəklədi və Əbdünnasir böhrandan “qəhrəman” olaraq çıxdı.
Keçid rekordu
2015-ci ildə kanal üçün 8.5 milyard dollar büdcə ayrıldı. Bu büdcə Süveyşə əlavə edilən 29 kilometr kanalın çəkilişi üçün xərcləndi. Süveyş kanalının ümumi uzunluğu 193 kilometrdir. Gün ərzində bütün kanalı qət etmək üçün 12-16 saat vaxt lazımdır. Keçid rekordu 1945-ci ildə 984 min gəmi ilə əldə edilib. Hava nəqliyyatı inkişaf etdikcə bu say sürətlə azaldı. 2020-ci ildə kanaldan 18500 gəmi keçib. Dünyadakı yükdaşımaların 30 faizi bu kanal vasitəsilə həyata keçirilir. Ümumi ticarət mallarının 12 faizi Süveyş kanalı üzərindən nəql olunur. Misir kanaldan ildə orta hesabla 5 milyard dollar qazanır.