II Dünya müharibəsi bitdikdən sonra Avropada əsir düşərgələrində qalan azərbaycanlılar və digər türk xalqlarının nümayəndələrinin xilası üçün çalışan dövlətlərdən biri də Misir olub. Kral Faruk və şahzadə İbrahimin müsəlman əsirlərə qarşı bu qayğısı o dövrdə bir çox İslam ölkələrinə nümunə təşkil edib.
SSRİ rəhbəri Stalinin “Əsir düşmüş Qırmızı ordu əsgərlərini bütün yerüstü və hava vasitələri ilə məhv etmək” haqqında 16 avqust 1941-ci il tarixli 270 №-li əmri əsirlərin öz vətənlərinə qayıtmamaları üçün ən önəmli faktor idi. Ona görə də əsirlər Rusiyaya təhvil verilməmələri üçün bütün yollara baş vururdular.
Azərbaycan İrtibat Heyətinin rəhbəri Əbdürrəhman Fətəlibəyli Düdənginskinin özü də müharibədən sonra bir müddət Misirdə yaşayıb. O, Qüds müftisi Əmin əl-Hüseyninin dəvəti ilə 1948-ci il yanvarın 29-da Misirə gedib, oradan maliyyə dəstəyi alıb. Qahirə yaxınlığındakı Helvandakı “Claramont” hotelində yaşayıb. Misirdə yaşadığı zaman xanımı Leyli və oğlu Əlini Türkiyəyə göndərə bilib. Fətəlibəyli 1947-ci ilin dekabrın 5-də Ceyhun bəy Hacıbəyliyə göndərdiyi məktubunda bu barədə yazıb: “Avropa düşərgələrindəki həmvətənlərimizin vəziyyəti dözülməzdir. Üçüncü ildir ki, burada çırpınırıq, lakin qardaşlarımız hamımıza biganədir. Olsun ki, Misirin köməyi ilə adamlarımızı İtaliyadan göndərə bildik. Artıq ikinci aydır ki, Zahid xan Qahirədədir və qaçqınların problemləri ilə məşğuldur. O, bütün müsəlman ölkələri hökumətləri ilə əlaqə saxlayır. Hələlik, İordaniya və İraq ölkələri 2-3 min qəbul götürməyə razılıq veriblər. Pakistanın da qərarını gözləyirik. İtaliyadakı bütün müsəlmanları göndərdikdən sonra özüm Misirə gedib, orada Almaniyadan, Avstraliyadan, İsveçrədən gələnləri qəbul edəcəyəm”.
Məhəmmədəmin Rəsulzadənin qurduğu Azərbaycan Demokrat Birliyinin fəaliyyəti nəticəsində Misir kralı Faruk 150 azərbaycanlı əsirin ölkəsinə gətirilməsinə razılıq verib. Bu işdə Cahangir bəy Kazımbəyin, Zahid xan Xoyskinin də fəaliyyəti olub.
Bu dövrdə Misir hökuməti əsirlərə ərzaq yardımı da edib. Şimali Qafqazdan olan Musa Ramazan xatirələrində bu barədə yazıb: “1947-ci ilin noyabr və dekabr aylarında Misir kralı Faruk tərəfindən Avropada olan əsir müsəlmanlara verilməsi şərti ilə göndərilən yardımlar düşərgəmizə gəlmişdi. Şəxsən öz adamları tərəfindən yoxlanılaraq paylaşılan bu paketlər 7 kq ağırlığında idi. İçində 1 kq şəkər, 3 kq düyü, bir neçə sabun... iynə, iplik, bir paket çay və s. vardı... Bu paketlərdən birinə sahib ola bilmək üçün müsəlman olmağı qəbul edən xristianlar da vardı”.
1947-ci ildə Neapoldan gəmi ilə İskəndəriyyə limanına 150-yə yaxın əsir yola düşüb. Onlar arasında önəmli şəxsiyyətlər də vardı: Məhəmməd Kəngərli, Süleyman Təkinər, Cabbar Ərtürk, Əliheydər Süleymanov (Haydar Aras). “Tasvir” qəzeti bu barədə yazıb: “İtaliyadakı İRO (Birləşmiş Millətlər Qaçqınlara Yardım Təşkilatı) düşərgələrindəki türk və müsəlman qaçqınlardan küçəyə atılan 118 nəfər Misirə hərəkət etdi... Misir hökuməti bu həzin və çirkin vəziyyət ilə əlaqədar olmuş, kral Faruk həzrətlərinin amcazadəsi şahzadə İbrahim bu iş üçün şəxsən Romaya gəlmiş, türk qaçqınların qorxunc hallarını görüncə dərhal fəaliyyətə keçmişdir... 118 nəfərlik qafilənin Kanal-Qahirə vapur məsrəfini şəxsən qarşılayan şahzadə İbrahim həmin türklərə birinci dərəcəli bilet alaraq özü vapura yerləşdirmişdir”.
Misirə gətirilən əsirlərin bəziləri düşərgələrə yerləşdirilib, bəzilərinə iş verilib. Amma buna baxmayaraq əsirlər bir müddət sonra Türkiyəyə getməyə qərar veriblər. Çünki Misirlə müqayisədə Türkiyədə yaşamaq, işləmək onlar üçün daha rahat idi. Amma bu gediş iki il sonra mümkün olub.
Misirdəki Abbasiyyə düşərgəsində yaşayan tatar türkləri ilə bağlı dövrün mətbuatında maraqlı bilgilər var. “Tasvir” qəzetindəki yazıya görə, Qahirədən çıxan ingilis əsgərlərinin boşaltdıqları barakalarda Yuqoslaviya və İtaliyadakı düşərgələrdən gəlmiş 150-yə yaxın şimal türkləri (tatarlar) yerləşiblər və aylardan bəri Türkiyəyə getmək üçün viza gözləyiblər:
“Hamısının sənədləri konsulluğumuz tərəfindən tənzim edilərək Ankaraya göndərilmişdir. Demək olar ki, hamısı münəvvər, sənətkar olan bu irqdaşlarımız Ana Yurda dönmək eşqiylə onlara verilən dolğun maaşlı iş təkliflərini qəbul etməyiblər. Tərəvəz yüklü bir araba ilə Rusiyadan qaçaraq 8 gün yol getdikdən sonra İrana varan və oradan Misirə gələn iki türkün anlatdıqlarına görə, Misirdəki türklərin Rusiyada qalan əqrəba və dostları sürgün olunub, məhv ediliblər... Yenə eyni adamların anlatdıqlarına görə, türklərin çıxarıldığı kəndlərə ermənilər yerləşdiriliblər. Krım və Kazan türkləri pərişan bir halda və daima işgəncələrə məruz qalmaqdadırlar. Ana yurda gəlməkdə olan mültəcilərə qarşı hökumətimizin göstərdiyi diqqəti dərin bir minnətlə qarşılayan Abbasiyyə düşərgələrindəki türklər deyirlər ki: “İtaliya və digər Avropa məmləkətlərindəki düşərgələrdə yaşayan türk əsirlərinin məmləkətə qəbulu üçün gələn heyətlərin heç biri orta Avropa düşərgələrinə baş çəkməyiblər. Avropada Münhen və Wilbah, Macarıstanda Klagenfurt civarındakı Land Karten düşərgələrində minlərlə türk vardır. Onlar bizə göstərilən diqqəti özlərinə də göstərilməsini səbirsizlə gözləməkdədirlər”. Qahirənin ən böyük hotellərindən Spherdsin təmir atelyeləri şefi olan əslən dağıstanlı bir irqdaşımız bu qaçqınların vəziyyəti ilə yaxından əlaqədar olmaqda və onlara hər cür kömək göstərməkdədir. Misir hökuməti öz düşərgələrindəki türklərə, Avropa düşərgələrindəki digər qism türklərə yəhudilərə qarşı Fələstin savaşlarına iştirak etmələri təklifini edib. Fəqət Ana Yurda dönməkdən başqa bir qayələri olmayan irqdaşlarımız bu təklifləri rədd etmişlər”.
1949-cu ilin sonlarına qədər bu şəxslər Misirdə qalıblar. “Tasvir” qəzetində Mehmed Bayramoğlu adlı əsirin göndərdiyi məktub əsirlərin vəziyyəti haqqında xeyli bilgi verməkdədir. “Tasvir”də 1949-cu il iyulun 25-də Misirdəki 50 nəfər türk qaçqını adından Türkiyə baş naziri Şəmsəddin Günaltaya ünvanlanmış məktub dərc olunub. Əsirlər Türkiyənin onları qəbul etmələrinə imkanı yoxdursa, orada yaşayan əqrəbalarının kəfalət edə biləcəklərini qeyd ediblər.
Nəhayət, Misirdəki qaçqınlar 1949-cu ilin sonlarında Türkiyəyə gəldə biliblər.
1952-ci ildə isə qaçqınların himayədarı kral Faruk hərbi çevriliş nəticəsində devrilib.
Qaynaq:
Ramazan Musa. Bir Kafkas Göçmeninin Anıları. İstanbul, 1997
“Tasvir”, sayı 1078, 30.07.1948.
“Tasvir”, sayı 1379, 17.07.1949
“Tasvir”, sayı 1412, 21.08.1949
“Tasvir”, sayı 803, 25.10.1947