Teleqraf.com saytı aprelin 25-də ABŞ-ın nüfuzlu “The USA Tribune” onlayn xəbər agentliyində dərc olunan “Yeni Çernobıl: Metsamor Atom Elektrik Stansiyası” (“The New Chernobyl: Metsamor Nuclear Power Plant”) başlıqlı yazını təqdim edir.
(Əvvəli burada)
Müəssisə 7 dekabr 1988-ci ildə baş vermiş Spitak zəlzələsi nəticəsində böyük ziyan görür, lakin daha 3 ay bu vəziyyətdə işləməyə davam edir. Yerli əhalinin etirazları əsasında atom elektrik stansiyası zəlzələdən üç ay sonra – 1989-cu ilin yanvarında bağlanır. Ziyan görən ilk blok bütün səylərə baxmayaraq təmir edilə bilmədi. Ancaq ikinci blok zəlzələnin dağıdıcı təsirinin izlərini daşımasına baxmayaraq 1995-ci ildə yenidən açılır.
“Metsamor” Atom Elektrik Stansiyası aktiv seysmik xətt üzərində yerləşən Ermənistanın Qarni ərazisindədir. Ermənistan Milli Seysmik Agentliyinin məlumatına görə ərazidə 5,5 və 7,5 bal gücündə zəlzələlərin baş vermə ehtimalı var. Erməni rəsmilər nüvə elektrik stansiyasının daha böyük zəlzələlərə müqavimət göstərə biləcəyini iddia etsələr də 1988-ci il zəlzələsinin nəticələrinə görə 6 il qapalı qalan bu köhnə texnoloji qurğunun seysmik dözümlülük dərəcəsinin sübutunu heç kim bilmir.
Nüvə qəzaları zamanı necə qorunmalı?
“Metsamor” Atom Elektrik Stansiyasında baş verə biləcək zəlzələ və ya hər hansı digər böyük qəza halında Türkiyənin və bölgədəki digər ölkələrin təsirlənəcəyi söyləmək olar. Bununla belə kiçik qəzalar və ya radioaktiv sızma halında aşağıdakı tədbirlər görülməlidir:
Məlum olduğu kimi, nüvə hadisəsinin təsiri məsafədən asılı olaraq dəyişə bilər. “Metsamor” Atom Elektrik Stansiyası Türkiyə sərhədinə cəmi 16 kilometr məsafədədir. Potensial nəticələri hesablamaq üçün eyni zamanda müxtəlif kalkulyatorlardan istifadə olunur. Qəzanın inkişaf prosesindən başlayaraq sərbəst buraxıla bilən radioaktiv maddə miqdarı hesablanır. Radioaktiv buludların hərəkəti atmosfer paylanma modellərindən istifadə edilərək meteoroloji parametrlərə görə simulyasiya olunur. Yağış, külək və digər hava şəraitindən asılı olaraq havada və ya torpaqda radioaktiv materialların toplanması mümkündür. Nəticədə, radioaktiv maddələrin yığılması və ətraf mühitə və insan sağlamlığına təsiri radioaktiv buludlara məruz qalan ərazilər üçün hesablana bilər.
Hadisə zamanı külək Türkiyə istiqamətində və ya əhalisi çox olan başqa bölgəyə doğru əssə, milyonlarla insan radioaktiv maddələrin təsirinə məruz qala bilər. Bu vəziyyətdə insanlar dərhal evlərə girməli və pencərələrini neylon təbəqələrlə möhürləməlidirlər. Bütün ventilyasiya sistemləri söndürülməlidir. Təsir zonasında yetişən meyvə və ya tərəvəzlər yeyilməməlidir. Otlaqlarda və ya kənd yerlərində olan bütün heyvanlar qapalı ərazilərə alınmalı və yemlə bəslənməlidir. Vətəndaşlar məmurların evdə qalmağı və ya açıq havaya çıxmasına qərar verəcəkləri təlimatı gözləməlidirlər. Səlahiyyətli orqanlar ilk 6-7 saat ərzində sızıntıdan xəbərdar olduqda, vətəndaşlara yod tabletləri paylamalıdırlar. Tiroid bezində radioaktiv ionların əmilməsinin qarşısı alınarsa, xərçəng riski azala bilər. Bunlar bir fəlakətdən sonrakı ilk günlərdə edilməli olan hərəkətlərdir. Radiasiya səviyyəsi su və torpaqda ölçülməlidir. Məlumdur ki, bu hərəkətlər yalnız kiçik sızmalara qarşı faydalıdır. “Metsamor”da güclü bir zəlzələdən sonra baş verə biləcək böyük qəza şəraitində, bölgədəki insanların son çıxış yolu kimi dua etməkdən başqa çarəsi qalmazdı.
“Uçan atom bombası”
Ermənistan Rusiyadan aldığı uranın pulunu ödəyə bilmədiyi üçün “Metsamor”un səhmləri 2003-cü ildə Ermənistanın 40 milyon dollarlıq borcuna qarşı “RAO EES” şirkətinə verildi. Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir və Ermənistanı Gürcüstan üzərindən Rusiyaya bağlayan dəmir yolları və magistral yollar bağlıdır. Bu səbəbdən “Metsamor” üçün nüvə yanacağı Rusiyadan Ermənistana hava karqosu vasitəsilə daşınır. Uran daşıyan təyyarələr Ermənistanın mülki hava limanlarına enir.
Avropa İttifaqının nümayəndə heyətinin üzvləri açıqlamalarında nüvə yanacağının hava yolları ilə nəqlinin son dərəcə təhlükəli olduğunu qeyd edir və hətta bunu “uçan atom bombası” kimi xarakterizə etdilər. Ancaq erməni rəsmilər bu fikirlə razılaşmırlar və bu nəqliyyat metodunda heç bir təhlükə görmürlər. Həm də uranın daşınması üçün məsuliyyətin tamamilə Rusiyanın üzərinə düşdüyünü vurğulayırlar.
“Metsamor”un hərbi perspektivlərinə baxış
Bu gün bəzi ölkələr, əsasən İranın günlərin birində nüvə silahı əldə etməsi ehtimalına görə Tehranın nüvə proqramına qarşı çıxırlar. Bu səbəbdən ABŞ və İsrail açıq şəkildə İranın nüvə silahı əldə etməsini əngəlləyəcəklərini bildirirlər. Bununla belə, nəzərə alınmayan bir məqam var: Ermənistan da “Metsamor” Atom Elektrik Stansiyasında atom bombası hazırlaya bilər.
Bir sıra terrorçu qruplar “çirkli bomba” düzəltmək üçün nüvə materialı əldə etmək arzusunda olduqlarını bəyan ediblər. Foto: REUTERS
Bundan əlavə, terror təşkilatları bu obyektlərə basqın etməklə və ya başqa metodlardan istifadə edərək Ermənistanda zənginləşdirilmiş uranı ələ keçirə bilərlər.
Bu səbəbdən Ermənistandakı atom elektrik stansiyası fəlakət risklərindən əlavə nüvə silahı riski yaradır. Bu isə xüsusilə Türkiyə və Azərbaycan üçün regional və qlobal təhlükəsizlik üçün təhlükə doğurur. Ermənistan ABŞ-a qarşı terror hücumları planlaşdıran qruplar üçün zənginləşdirilmiş uranı ən asan əldə edilə bilən mənbə olacaqdır.
“Metsamor”un istismardan çıxarılmasına dair Avropa İttifaqının siyasəti
Ermənistan 25 yanvar 2001-ci ildə Avropa Şurasına üzv olduqda “Metsamor” Atom Elektrik Stansiyasının bağlanacağına dair ilkin şərti qəbul etdi. Ancaq bu öhdəliyə baxmayaraq Ermənistan bunun üçün heç bir addım atmadı. Əksinə, Ermənistan elektrik enerjisinə olan daxili tələbatı ödəməkdə problem yaşandığını əsas gətirərək stansiyanın elektrik enerjisi istehsal gücünü daha da artırmaq istiqamətində addımlar atdı. Avropa İttifaqı enerji problemlərini həll etmək və “Metsamor” istismardan çıxarıldıqdan sonra bu məsələləri həll etmək üçün infrastruktur layihələrinə başlamaq məqsədilə Ermənistana 100 milyon avro ayırmağı qəbul etdi. Lakin Ermənistan bu məbləğin kifayət etməyəcəyini söylədi və Aİ-dən 1 milyard avro istədi. Brüssel erməni tərəfində yetərli hərəkətlənmə görmədiyi üçün 100 milyon avro ödəməni dayandırdı.
Böyük Britaniyanın İrəvandakı keçmiş səfiri Timoti Marşall Cones 6 mart 2002-ci ildə “Space Daily” jurnalına verdiyi müsahibəsində deyirdi: “Zəlzələ baş verərsə, “Metsamor” Atom Elektrik Stansiyası dağılacaq və ətrafdakı bütün canlılar parçalanacaqdır. Yaranan nüvə fəlakəti səbəbiylə bütün canlı aləm öləcək. Ermənistan öhdəliyini yerinə yetirməli və nüvə stansiyasını bağlamalıdır”.
İtaliyanın İrəvandakı keçmiş səfiri Paulo Adrea Trabalza da bölgədə yaşayan heç kimin “Metsamor” yaxınlığındakı zəlzələdən sağ çıxmayacağını söyləmişdi.
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Ermənistanın nüvə gündəliyini dəstəkləyən yeganə ölkənin Rusiya olduğunu söyləyib və dolayısı ilə bütün dünyanın bu elektrik stansiyasının işinə qarşı olduğunu etiraf edib. Çünki “Metsamor” Atom Elektrik Stansiyası bütün bölgə ölkələrinin və bütün dünyanın ortaq problemidir.
Erməni xalqı da “Metsamor”a etiraz edir
Ermənistandakı Yaşıllar Hərəkatının lideri Akop Sanarasyan “Metsamor” Atom Elektrik Stansiyasının ətraf mühitə son dərəcə zərər verdiyini söyləyir. Müəssisənin öz fəaliyyətinə daha 14 il davam edə biləcəyini iddia edən Ermənistan hökumətindən fərqli olaraq, Sanarasyan, elektrik stansiyasının bir il də açıq qalmamalı olduğunu bildirir. Sanarasyan, Qərbdəki Yaşıl hərəkatlar, ətraf mühit təşkilatları və bir çox mütəxəssisin də onunla həmfikir olduğuna diqqət çəkir. Qərbdəki ətraf mühitin fəallarının əksinə olaraq, Sanarasyan, Ermənistandakı anti-demokratik atmosferə görə müəssisəni bağlamaq üçün heç bir tədbir görə bilməz.
“Metsamor”un Türkiyəyə təsiri
Xirosima və Naqasakidəki atom bombalarından təsirlənən insanlarla aparılan araşdırmalara görə, radiasiyaya məruz qalan insanlar xəstəliyin “təmkinli mərhələləri”ni keçirlər və nəticəsi 5-30 il sonra üzə çıxır. Əslində Çernobıl fəlakətinin Türkiyənin Şərqi Qara dəniz bölgəsində yaşayan insanlara təsiri də hadisədən yalnız 18 il sonra görünməyə başladı. Bu gün “Metsamor” Atom Elektrik Stansiyasındakı ərazidəki insanların sızıntılara nə dərəcədə məruz qaldığını heç kim bilmir.
Tədqiqatlar aparılmasa da bölgələrdəki müşahidələr sərhədyanı ərazilər yaxınlığında bitki örtüyünün əhəmiyyətli dərəcədə itkisini və heyvanlarda doğuş qüsurlarının artdığını göstərir. İnsanlar arasında da xərçəng, doğuş qüsurları və ölü doğuş nisbəti artıb. Bunlar açıq şəkildə “Metsamor” Atom Elektrik Stansiyasındakı fəaliyyətlərlə əlaqəlidir. Yuxarıda qeyd edildiyi kimi, nüvə elektrik stansiyasının insanların sağlamlığına təsirinin göründüyü minimum 5 il müddəti keçib. Bölgədə yuxarıda sadalanan sağlamlıq problemlərinin tez-tez baş verəcəyi və xəstəliklərin aşkarlanma nisbətinin artacağı gözlənilir.
Sızmalar “Metsamor” Atom Elektrik Stansiyasının gətirdiyi tək zərər deyil. Qəza, zəlzələ və ya partlayış hər an baş verə bilər. Bu vəziyyətdə Türkiyənin şərq və cənub-şərq bölgələrinin ciddi şəkildə təsirlənməsi gözlənilir. Nüvə stansiyasına ən yaxın məskunlaşma yeri olan Iğdır şəhəri yer üzündən tamamilə silinə bilər. Bu həm də Ermənistanda yaşayan insanların sonu demək ola bilər. Buna görə də Ermənistandakı insanların və qeyri-hökumət təşkilatlarının bu atom elektrik stansiyasını bağlamaq səylərinə qoşulmaları vacibdir.
Bütün bu illər ərzində “Metsamor” Atom Elektrik Stansiyasının təsirini təhlil edən heç bir tədqiqat işi olmayıb. Ancaq tədqiqatçılar hökumətin hərəkətə keçməsini gözləməməlidirlər. Əlbəttə, dövlətin bütün qurumları və təşkilatları hansısa zərərlərin miqdarını anlamaq üçün lazımi araşdırmalara başlamalıdırlar. Ancaq bölgədə yaşayan insanların da oyanması vacib bir rola sahibdir. Onlar yaşadıqları ərazilərdəki bütün xəstəliklərin, xərçəng hadisələrinin, doğuş qüsurlarının və ölü doğumların əlaqədar orqanlara bildirilməsindən əmin olmalıdırlar. Fermerlər və kəndlilər bitki örtüyündə baş verən hər hansı bir dəyişiklik, yeni doğulmuş heyvanlardakı anormallıqlar barədə fotoşəkil çəkməli və bunları dövlət qurumları ilə bölüşməlidirlər. Bu sənədlər gələcəkdə Avropa İnsan Hüquqları Məhkəməsinə veriləcək iddialar üçün dəlil təqdim etmək üçün çox vacib olacaqdır.