4 May 2021 09:05
4 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Amerikanın məşhur simalarındandır.

Maks Amini 1981-ci il sentyabrın 23-də ABŞ-ın Arizona ştatının Tukson şəhərində anadan olub. Valideynləri hələ o, anadan olmamışdan bir neçə il əvvəl – 1977-ci ildə ABŞ-a köçüblər. Amininin atası fars, anası Güney Azərbaycandan - Təbrizdəndir, azərbaycanlıdır.

Maks Amerikanın şərq sahillərində böyüyüb. Lisey təhsilini Vaşinqtonda bitirib, bundan sonra Kaliforniyaya köçüb.

2004-cü ildə Kaliforniya Universitetini bitirib.

Karyerası

Komediya ustası olan Amini bu karyerasına 2002-ci ildə “LA Improv”da başlayıb və o vaxtdan dünya səviyyəsində çıxışlarını davam etdirir.

2009-cu ildə NBC-nin “Diversity Showcase” layihəsinin finalçılarından biri olaraq seçilib. Bundan sonra müxtəlif mədəni köklərdən gələn amerikalıların iştirakı ilə “Exotic Imports” adlı stəndap komediya turuna başlayıb.

Maks Amini “NBC”nin proqramlarında yer alıb, “Comedy Central”da müntəzəm çıxışlar edib, 2010-cu ildə ekrana çıxan “How Beer Pong Saved my Life”, Neftliksdə yayımlanan “Real Bob”, “Mind of Mencia”, “Crash” və digər bir çox bədii film və seriallarda rol alıb.

Maks səs gətirən stəndap komediyaçıdır. 2012-ci ildən bəri öz qastrol turlarına rəhbərlik edir. Hər il Avstraliya, Almaniya, İngiltərə, Hollandiya, BƏƏ, Kanada və digər ölkələrdə səhnələrə çıxır.

Maks Amininin azərbaycanlılara mesajı

Maks Amini Azərbaycan, ingilis və fars dillərini bilir. Komediya ustası bir neçə il əvvəl azərbaycanlılar üçün yayımladığı bir video ilə də diqqət çəkmişdi:

“Salam, əziz azərbaycanlılar! Mənim adım Maks Aminidir, işim komediya ilə bağlıdır. Mən ana tərəfdən azərbaycanlıyam. Bütün azərbaycanlıları qəlbən sevirəm. Arzum budur ki, biz azərbaycanlılar bir-birimizlə mehriban və dost olaq. Siz məni tanımırsınız, amma mən Azərbaycana aşiqəm.

Dediyim kimi, mənim işim komediyadır, əsas istəyim də budur ki, hər kəsin ürəyi şad olsun, bundan başqa heç bir məqsədim yoxdur. Bu videonu ona görə hazırlamışam ki, biləsiniz, bütün azərbaycanlılar mənim üçün əziz və doğmadır. İnşallah, həmişə şadlıqda və salamat olasınız. Yaşasın, Azərbaycan”.

Videolink:


Müəllif: Mənsur Rəğbətoğlu