10 İyun 2021 09:05
5 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Almaniya mədəniyyətinin tanınmış simalarından biridir.

Mişa Büluri - Almaniyada yaşayan azərbaycanlı rəssam və şair.

Mişa Büluri əslən azərbaycanlıdır. 1948-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olub.

Büluri ilk şeirlərini beş yaşında yazıb, ilk rəsmlərini də o günlərdə çəkib. 1964-1966-cı illərdə Təbriz İncəsənət Məktəbində oxuyub. Eyni zamanda, Tehran İncəsənət Akademiyasının məzunudur.

Tələbə olduğu illərdə İran və Güney Azərbaycanda Pəhləvi rejiminə qarşı gedən hərəkata qoşulub. İnqilabi şeirlərini anonim olaraq nəşr etdirib. Bülurinin şeirləri tələbələr və gənc yazarlar arasında məşhur idi. Hərəkat üzvlərindən bir neçəsinin “terrorçu” ittihamı ilə mühakimə olunması “Biz Terrorçular” layihəsinin əsasını təşkil etdi.

İrandan qaçış

Mişa Büluri 1979-cu ildə Məhəmməd Rza Pəhləvinin devrilməsi, dinarların hakimiyyəti ələ keçirməsindən sonra Almaniyaya gedib. İlk illərdə burada müxalif jurnallar və nəşrlərdə siyasi məqalələri dərc olunub.

1982-1986-cı illərdə Hamburqda qurduğu atelyesində əlil və əlil olmayan uşaqlara sənətin sirlərini öyrədib. 1989-cu ildə Hamburq Elm və Mədəniyyətin Təşviqi Fondundan “Biz Terrorçular” adlı layihəsini tanıtmaq üçün maddi vəsait alıb. 1995-ci ildən bu yana Kölndə həyata keçirilən “Hər gün 100 000 uşaq üçün 100 000 işıq” adlı layihəsi üzərində işləyir.

İşıqlar şəhəri

2004-cü il avqustun 20-də Berlindəki bir məktəbdə beş min şagird onun “Bir milyon işıq şəhəri - Berlin” layihəsi çərçivəsində paytaxtdakı Azadlıq Meydanında bir milyon şam yandırdı. Dünyada çoxsaylı televiziya kanalları və media qurumları bu mənzərəni yayımladı. Təkcə Almaniyada tamaşaçı sayı 22.7 milyon nəfər idi.

Mişa Bülurinin son layihəsi “Perkusiyya kosinusu X3” 2009-cu ildə Almaniyada mükafat qazanıb.

Yeni dövrün mənzərələri

Mişa Bülurinin əsərləri əsasən müasir dövrün reallıqlarını özündə əks etdirir, eyni zamanda, yaradıcılığı bir neçə dövrü əhatə edir. Müxtəlif boyalarla işləyən rəssam, eləcə də sadə qələmlə çəkilmiş çoxsaylı əsərlərin müəllifidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər