Osmanlı sultanları - Əbdüləziz və Əbdülhəmid dövründə ABŞ prezidentləri ilə qarşılıqlı olaraq yazılan məktubların itdiyi iddia olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
İddiaya görə, professor Ömər Lütfü Barkan 1979-cu ildə məktubları icazəli şəkildə Baş Nazirliyin Osmanlı Arxivindən götürüb. Lakin bir müddət sonra vəfat etdikdə geri qaytarılmayan məktublar itib.
Sosial şəbəkələrdə gündəmə gələn bu iddia 2008-ci ildə dünyasını dəyişən məşhur fizika professoru Əhməd Yüksəl Özəmrənin xatirələrinin yer aldığı “Akademik illərim” kitabına əsaslanır.
Kitabdakı iddiaya görə, Ömər Lütfü Barkan bu məktubları arxivdən alaraq geri qaytara bilmədən dünyasını dəyişəndə prokurorluq sənədləri axtarmağa başlayıb.
Məktublar Barkanın ailə üzvlərindən tələb olunsa da, müsbət cavab almaq mümkün olmayıb. Məhkəmənin qərarı ilə Barkanın evində axtarış aparılıb, amma bu da bir nəticə verməyib.
Arxiv rəhbərliyindən Barkanın hansı məktubları aldığı soruşulub, amma arxiv qeydlərində bununla bağlı məlumat olmadığı bildirilib.