Karyerası ərzində oynadığı klublarda 41, Kolumbiya millisində isə 3 qol vuraraq dünyanın ən çox qol vuran qapıçılardan biri oldu. O, futbol tarixində ən çox qol vuran dördüncü qapıçıdır, çılğınlığı ilə isə birinci...
Ləqəbinə sadiq qalaraq davranışları ilə tribunaları coşduran “rəngli futbolçular məktəbi”nin son təmsilçilərindən biri kimi qəbul edilir. Ləqəbi də bir qəribədir - “El loko”, yəni “Dəli”. Bu “dəliliyinin” nəticəsiydi ki, 1994-cü ildə keçirilən dünya kubokunda iştirak edən Kolumbiya millisinin heyətində “Əqrəblər kralı” yox idi.
Yaşamaq uğrunda mübarizə
1966-cı il avqustun 27-də doğulan Rene İgita anasını erkən itirdiyi üçün nənəsi tərəfindən böyüdülüb. Çətin uşaqlıq dövründən keçən Rene dolanışıq üçün qəzet satmaq da daxil olmaqla, bir çox iş görüb. Ailənin ağır güzəranı onun kiçik çiyinlərinə yüklənmişdi.
Rene yaşıl meydanla 1985-ci ildə tanış olur. “Millonarios” klubunun heyətində oynamağa başlayır. 1986-cı ildə demək olar ki, bütün karyerasını keçirəcəyi “Atletiko Nasyonal”la müqavilə imzalayır, 1986-cı ildə Kolumbiya çempionu, 1987-ci ildə Libertadores çempionu, eyni il Qitələrarası Kubokun ikincisi olur. Bir futbol əfsanəsi yaşıl meydanlarda belə doğulur.
Qapıdan əvvəl
Rene İgita qapıçı olmamışdan əvvəl hücumçu idi. Məktəbin komandasında zədələndikdən sonra qapıya keçdi və göstərdiyi yüksək performans sayəsində qapının mütləq hakiminə çevrildi. Əlbəttə, hücumdan qapıya keçmək də böyük cəsarət məsələsidir.
1980-ci illərin sonlarına yaxın futbol dəyişməyə başladı. Rene libero anlayışını yox edən adlardan biri oldu. O, özünü meydanda təkcə qapıçı kimi yox, həm də hücumçu kimi göstərdi. Özündən sonra Noyer və Lloris kimi dünyaca məşhur qapıçıların istifadə etdiyi üslubu futbola qazandırdı.
1990-cı ildə Milli Komandaya çağrıldı. Rene İgita ilk beynəlxalq oyununa SSRİ-yə qarşı keçirilən yoldaşlıq matçında çıxdı. Kolumbiya-SSRİ oyunu heç-heçə bitdi, matç penaltilərə keçdi. Penaltilərdə damğasını vurdu, iki penaltini çıxardı və komandasını qələbəyə apardı.
Eskobarın dostu
1992-ci ildə adı bir qalmaqala qarışdı. Bir qız oğurlama hadisəsində Pablo Eskobarın “Madellin” karteli ilə qız ailəsi arasında vasitəçi oldu və qızı xilas etdi. Qızın xilası üçün ailədən 50 min dollar alması skandala səbəb oldu. Bu hadisə İgitanın həbsə düşməsinə gətirib çıxardı. 1993-cü ildə cəzasını çəkmək üçün həbsxanaya getdi.
İgitanın Eskobarla dostluğu o dövrdə danışılan məşhur hekayəydi. Əlbəttə, Eskobarın “özəl” həbsxanasında ev sahibliyi etdiyi futbolçular arasında İgita da vardı. Maradonanın belə keçdiyi bu həbsxana Pablo və İgitanın görüş nöqtəsinə çevrildi. Bu hekayədə Pablo və Rene haqda “ata və oğul” olaraq danışılırdı. Eskobar başda olmaqla bir çox kartel üzvü ilə yaxın dostluğu olan bir qapıçı, keçmiş hücumçudan danışırıq…
Kolumbiyanın sərt reallıqlarını nəzərə alanda onun bir mafiya lideri ilə dostluğu normal sayılırdı. Rene Medellinin yoxsul gecəqondu məhəllələrində böyümüşdü. Qanunların isə öz reallıqları var. “Medellin” karteli tərəfindən qaçırılan Klaudiya Molina adlı bir qızın sərbəst buraxılmasına vasitəçilik etmək kimi son dərəcə təhlükəli bir addıma gəldikdə, bu, Reneyə 7 aylıq həbsə başa gəlmişdi.
Həbsxanada olarkən azadlığına qovuşmaq üçün aclıq aksiyası kimi təhlükəli bir riski də gözə almışdı. Cəzasını böyük etirazlar fonunda çəkdi. Eskobar içəridə olarkən öldürüldü.
“Əqrəblər kralı”
1994-cü ildə 150 000 peso girov ödədikdən sonra şərti olaraq sərbəst buraxıldı. İgitanın dediyinə görə, həbs olunmasının səbəbi həbsxanada Pablo Eskobara baş çəkməsi idi. Sərbəst buraxıldıqdan sonra bunları demişdi: “Həyatımın ən yaxşı anları həbsxanada keçirdiyim anlardır. Həbsxanada fərqli bir sədaqət anlayışı ilə qarşılaşdım: qaçaqmalçılar, “terrorçular”... Qəlblərini anlamağı öyrəndim və bu nəcib bir hisdir”.
Həbsdən çıxanda hər şey üçün çox gec idi. Aldığı cəza başına bəla olmuşdu. Kolumbiya millisi 1994-cü il dünya çempionatına yola düşərkən, onun payına kameralar qarşısında qəzəbindən siqarını çeynəmək düşəcəkdi.
Ailəsi “Kali” narkotik kartelini idarə edən Fernando Rodrigez Mondraqon onun haqda demişdi: “Pablo Eskobar onun atası kimiydi, onun üçün hər şeyi etdi. Eskobar ona hər şeyi verdi; evlər, avtomobillər, səyahətlər - hər şey! Ona bu qədər yaxın olmasaydı, daha yaxşı bir karyeraya sahib ola bilərdi”.
Əlbəttə, bütün bunlar Uemblikdəki “əqrəb şousu”ndan bir il əvvəl baş verirdi. “Əqrəblər kralı” 1995-ci ildə Uemblidə dünyaya gəldi. Sentyabrın 6-da Uembli stadionunda İngiltərəyə qarşı keçirdiyi yoldaşlıq görüşündə Ceymi Rednappın vurduğu zərbənin qarşısını “əqrəb” üslubu ilə alaraq medianın diqqətini çəkdi.
Eduardo Qaleano “Güzgülər” kitabında İgitanın “əqrəb şousu” haqda bunları yazır:
“Bir ingilis hücumçu qapıya doğru zərbə endirir. Vücudu yerə paralel şəkildə tullanan qapıçı əvvəlcə topun üstündən keçməsinə imkan verir, lakin dərhal topuqlarından istifadə edərək, bir əqrəbin öz quyruğu ilə sancması kimi topu geri qaytarır. Kolumbiyalı haqda sənədli filmin fotolarına həqiqətən baxmağa dəyər. Bu fotoların gücü əks etdirdikləri idmançı şücaətində deyil, müqəddəs şeylərə bağışlanmaz hücumu həyata keçirərəkən ağzı qulaqlarına çatan İgitanın üzündəki təbəssümdədir”.
1995-ci ildə Uemblidəki azakeşləri “əqrəb salamı” ilə salamlayan İgita çılğınlığını bu sözlərlə ifadə etmişdi: “Futbolda izimi qoymaq istədim. Uzun müddətdir, “əqrəb zərbəsi” üzərində işləyirdim. Amma bunu vacib bir matçda etməliydim. Həmin matçda hakimin bayrağı qaldırdığını gördüm, vaxt gəlmişdi. Bunu etməsəydim belə, qol sayılmayacaqdı”.
Siyasətçi olmaq arzusu
Şöhrəti qitədən kənara yayıldıqda şansını Avropada sınamağa qərar verdi. İgita qapısını həmişə, qitəsindən isə bir dəfə ayrılıb…
İspaniyanın “Real Valladolid” klubuna keçəndə işlər yaxşı getmədi, Kolumbiyaya geri qayıdaraq “Atletiko Nasyonal”a keçdi. Getdiyi hər yerdən qaçan İgita 2005-ci ildə təqaüdə çıxdı, amma iki il sonra yaşıl meydanlara yenidən qayıtdı. Nəhayət 2010-cu ildə təqaüdə çıxmaq qərarına gələndə 43 yaşındaydı, qapıda dayanmaqdan, rəqibin cərimə meydançasına qaçmaqdan yorulmuşdu. Medellində 20 min insanın qarşısında keçirdiyi yubiley oyununda öz imzasına çevrilən son “əqrəb vuruşu”nu təkrarladı və bir qola imza atdı. Karyerasına hücumçu kimi başladı və bu şəkildə bitirdi. Rene nöqtəni göstərdi!
2017-ci ilin iyun ayında növbəti dəfə “Həyatdakı ən böyük arzum “Atletiko Nasyonal”a qayıtmaq idi” sözləri ilə gəldiyi doğma klubda qapıçı yox, qapıçı məşqçisi idi. Siyasət də diqqət mərkəzindəydi. 2011-ci ildə bələdiyyə sədrliyinə namizəd oldu, amma seçilmədi.
Əks məqsədə doğru
Hücumçu kimi futbola başlayan İigita kimi biri üçün qapıda durmaq “həbs”ə bənzəməli idi. Əlbəttə qapıçı olduğuna görə peşman olmadı, amma arzularında qalan hücumçu kimi qol vurmaq sevgisi çıxdığı hər oyunda “xəstəlik” kimi özünü göstərdi. Əlcəklərini çıxarmadan əks məqsədə doğru qaçmağı hər oyunda ənənəyə çevirdi. İgita bir qapıçı kimi oynadığı komandaların taktiki gedişlərinə birbaşa təsir göstərən və bu məsələdə dəyişiklik edilməsini təmin edən bir istedad kimi tanındı. Bu, futbol tarixinə “İgita qanunu” kimi yazıldı.
Tribunaları hərəkətə gətirəcək risklərdən çəkinməyən, çətin anlarda təmkinli davranan, rəqib komandanı təzyiq altında saxlayan, hücuma keçməyə fürsət axtaran, həmişə rəqibin cərimə meydançasına baxan və onu həyəcanda saxlayan qapıçı idi. “Dünyanın ən yaxşı qapıçısı kimdir?” sualına, “Buffon”, deyə cavab verəcək qədər də təvazökardı.
Markesdən istəyi
İgita hər fürsətdə tərcümeyi-halının Qabriyel Qarsiya Markes tərəfindən yazılmasını çox istədiyini deyirdi. Hətta Markesə “Bir-birimizi dinləməyə başladığımız ilk anda söhbətimiz iki köhnə dost kimi davam edəcək” sözləri ilə mətbuat vasitəsilə təsir etməyə çalışdı. Amma bu istəyi yerinə yetmədi.
Markes İgitanı “Darıxan snayper” adlandırmışdı.
Yazıçı bioqrafiyasını yazmasa da, 1991-ci ildə Renenin portretini bu cümlələrlə çəkdi: “İgitada Kolumbiyanın havası var. Kolumbiyalıların hər şeyi etmək istedadları var və bunu həmişə dəlicəsinə edirlər. Əslində bu, bütün latın amerikalılarına xas bir şeydir. İgita yaxşı qapıçıdır. Amma bununla yanaşı, bilməli olduğumuz şey həm də yaxşı bir beysbol oyunçusu olmasıdır. İgita həmişə qaçmaq istəyir. Topu qapıya vura bilməyəndə də, dərhal oyunu tərk etmək istəyir. Bu da bir oyundur. Uşaqkən bunu hamımız etmişik. Oyundan bezsək, bir daha topu qazana bilməyəcəyik”.