15 İyul 2021 11:37
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qəsdən adam öldürməkdə təqsirli bilinən Ramil İsrafilov, Rauf Hənifəyev və Tural Şirinovun barəsində olan cinayət işi üzrə məhkəm prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Rauf Hənifəyev xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə ittiham olunaraq 18 il müddətinə azadlıqdan məhrum edilib.
Ramil İsrafilov və Tural Şirinov xuliqanlıqda ittiham olunublar. Bu ittihamla Ramil İsrafilov 2 il 6 ay, Tural Şirinov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, ötən il iyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci polis bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini, 1979-cu il təvəllüdl Rauf Hənifəyev və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Ramil İsrafilov saxlanılıblar.
İstintaq araşdırması zamanı məlum olub ki, hadisə həmin gün, saat 21.00-da Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsində baş verib.
Belə ki, bu qətl hadisəsindən iki gün əvvəl Cəlal Hüseynovla narkotik asılılığı olan Tural adlı şəxs arasında münaqişə yaranıb.
İyunun 17-də Tural Cəlal Hüseynovla münasibətləri yenidən qaydasına salmaq qərarına gəlib və M.Əliyev küçəsində onunla görüş təyin edib.

Tural adlı şəxs ora tək gəlməyib. O, tanışları Ruaf Hənifəyev və Ramil İsrafilov ilə birlikdə həmin ünvana gəlib.
Bu vaxt tərəflər arasında dava başlayıb, Rauf Hənifəyev Cəlal Hüseynova qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib.

Qeyd edək ki, Rauf Hənifəyev əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunub.
Bundan əlavə, o, oğurluq və soyğunçuluğa görə də həbsdə olub.

Ramil İsrafilov isə əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib.

Araşdırma zamanı qətlin daha bir iştirakçısı Tural Şirinov da müəyyən olunaraq həbs olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər