26 İyul 2021 10:49
2 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Böyük Britaniya idmanının ən məşhur simalarından biridir.

Cesika Qədirova Britaniya bədii gimnastıdır. 2021-ci il Avropa çempionatının qızıl, gümüş və bürünc medalçısıdır. 2019-cu ildə Yeniyetmələrin Dünya Çempionatında yarışıb. Böyük Britaniyanı bu il Yaponiyada keçirilən Yay Olimpiya Oyunlarında təmsil edir.

Şəxsi həyatı

Qədirova və əkiz bacısı Cenifer Azərbaycan əsillidir. Atası Natiq Qədirov Azərbaycan vətəndaşıdır, anası da azərbaycanlıdır.

Cesika Qədirova 2004-cü il oktyabrın 3-də İrlandiyanın Dublin şəhərində anadan olub. Valideynləri isə bir neçə ay Dublində işləyib. Nəticədə həm İrlandiya, həm də İngiltərə vətəndaşlığına sahibdir. Qədirova və bacısı gimnastikaya altı yaşında başlayıb. Bu idman növünə başlamalarında analarının rolu böyük olub.

İdman karyerası

Cesika 2016-cı ilin martında Britaniya çempionatında yarışıb, iki müxtəlif hərəkətin cəmində 12 və 6-cı olub.

Qədirova 2018-ci ilin fevralında 23-cü yeri tutduğu İngiltərə çempionatında iştirak edib. Növbəti ay Britaniya çempionatında yarışıb, üç müxtəlif hərəkətdə 7, 8 və 6-cı yeri tutub. Mövsümü Britaniya komanda çempionatında yarışaraq sona vurub və burada 11-ci olub.

Qədirova 2019-cu ilin mart ayında dördüncü yeri tutduğu İngiltərə çempionatında iştirak edib. Həmin ayın sonlarında Britaniya çempionatında yarışıb, burada çoxnövçülükdə yeddinci, tullanmada səkkizinci, çubuqlarla hərəkətlərdə dördüncü və xalça üzərində sərbəst hərəkətlərdə bürünc medal qazanıb.

Cesika Qədirova daha sonra Flandriya Beynəlxalq Komanda Yarışlarında iştirak edib. Burada çoxnövçülükdə üçüncü olub, Böyük Britaniyanın komanda şəklində dördüncü olmasına öz töhfəsini verib.

Cenifer Qədirova ilk dəfə həmin il Macarıstanın Dyur şəhərində gənclər arasında keçirilən Dünya Çempionatında yarışıb. Qədirova çoxnövçülükdə 33-cü olub. Komanda isə 6-cı yeri tutub.

O, iyul ayında Sent Kubokunda yarışıb və İngiltərə komandasının qızıl medal qazanmasına öz töhfəsini verib. Sentyabr ayında Britaniya komandalar çempionatında yeniyetmələr arasında çoxnövçülükdə birinci yeri tutub. Eylsberi şəhərinin komanda şəklində birinci olmasına da töhfə verib.

İngiltərənin iki gimnastından biri

Qədirova 2020-ci ildə karyerasının ən böyük yarışına – Tokio Yay Olimpiya Oyunlarına qatılacaqdı, amma COVID-19 pandemiyası səbəbiylə yarışlar təxirə salındı.

2021-ci ilin aprelində Avropa çempionatında Böyük Britaniyanı təmsil edib.Yarışda çoxnövçülük üzrə finala vəsiqə qazanıb. Əlavə olaraq tullanma və xalçada sərbəst hərəkətlər üzrə finala vəsiqəni təmin edib. O, çoxnövçülük finalında bürünc medal qazanıb. Elli Daunidən sonra Avropa çempionatında çoxnövçülükdə medal qazanan ikinci ingilis qadın bədii gimnastıdır.

Cesika Qədirova tullanma yarışlarında ikinci olub. Yarışın son günündə xalçada sərbəst hərəkətlərdə qızıl medal qazanaraq, 2010-cu ildə Elizabet Tviddlın qalib gəlməsindən bəri bu növdə ilk britaniyalı kimi çempion kürsüsünə çıxıb.

Cesika Qədirova əkiz bacısı Cenifer, Elis Kinsell və Ameli Morqanla yanaşı, 2020-ci il Yay Olimpiya Oyunlarında Böyük Britaniyanı təmsil etmək hüququ qazanıb.


Müəllif: Mənsur Rəğbətoğlu