29 İyul 2021 09:05
2 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşadığımız planet indiyədək bir çox mədəniyyətlərə ev sahibliyi edib. Tarix onlardan bəzilərilə qəddar, bəzilərilə mərhəmətli davranıb. Bəziləri taleyin sınaqlarından çıxıb öz varlıqlarını qorusalar da, yox olaraq tarix səhnəsini tərk eləmiş bir çox mədəniyyətlər də var ki, onlar öz sirlərini kimsəyə vermirlər. Həmin sivilizasiyaların məhv olmasının bir sıra səbəbləri vardı: müharibələr, epidemiyalar, iqlim dəyişiklikləri, təbii fəlakətlər, işğallar...

Klovis mədəniyyəti

Klovis mədəniyyəti e.ə. 11500-11000-ci illərdə Şimali Amerikada mövcud olub. Bu mədəniyyət haqda yetərli məlumat olmasa da, klovislərin vaxtilə Şimali Amerikada yaşadığı məlumdur.

Mədəniyyətin adı Meksikanın Klovis şəhəri yaxınlığında yerləşən arxeoloji ərazilərdən gəlir. 1920-ci illərdə bu yerlərdə daş kəsmə alətləri və sümüklər tapılıb. Klovislərin sonuncu Buz dövrünün axırlarına yaxın Berinq boğazından keçərək Sibirdən Alyaskaya gəldiyi düşünülür.

Klovislər Amerikanın yerli xalqlarının əksəriyyətinin əcdadı sayılır. Klovisin Şimali Amerikadakı ilk mədəniyyət olub-olmadığı bilinmir və birdən-birə tarix səhnəsindən yox olub. Bunun səbəbi mübahisəlidir. Səbəblərini araşdıran tarixçilər yenə də köhnə ehtimallara söykənirlər: həddindən artıq balıq ovu nəticəsində öz qida mənbələrini tükədib, yaxud iqlim dəyişikliyi, xəstəlik və ya yırtıcı heyvanların hücumlarına məruz qalaraq yox ola bilərdilər.

Klovis mədəniyyətinə aid olduğu düşünülən alətlər yivli və sivridir. Bu alətlərin tapıldığı ərazilərdə mamont qalıqlarının aşkarlanması Klovis icmasının mamont ovunda maraqlı olduğu ehtimalını yaradır. Qalıqların üzərində araşdırma aparan tarixçilər bu qəbilənin 125 fərqli heyvan və bitki növünü istehlak etdiyini deyirlər.

Kukuten-Tripol mədəniyyəti

E.ə. 5500-2750-ci illərdə indiki Ukrayna və Rumıniya ərazilərini əhatə edib. Kukuten-Tripol adıyla tanınan mədəniyyət neolit dövründə Avropada sayca ən çox olan icma tərəfindən yaradılıb.

Müəmmalı şəkildə yox olan bu mədəniyyətin 15 min sakininin olduğu düşünülür. Kukuten-Tripol dulusçuluq bacarığı ilə seçilən mədəniyyət idi. Dulusçuluq və vazalardakı spiral motivləri və dekorativ elementlərin bu mədəniyyətin xarakterik xüsusiyyətlərindən biri olduğu düşünülür. Bu icmanın 60-80 ildən bir öz kəndlərini yandırıb külləri üstündə yenidən bərpa etmək kimi qəribə bir ayini olub. Bu addımın səbəbi hələ də elm adamları arasında mübahisə məsələsidir.

Ana ilahənin ətrafında formalaşmış və matriarxal ictimai quruluşa sahib olduğunu düşünülən bu mədəniyyətin birdən-birə yoxa çıxmasının səbəbinin iqlim dəyişikliyi nəticəsində yaranmış böyük quraqlıq olduğu düşünülür.

Əsasən əkinçiliklə məşğul olan icmanın qida rasionu da diqqət çəkir. Tapıntılar bu mədəniyyətin insanlarının buğda, çovdar, yulaf, çətənə və darı becərdiyi və bu məhsullardan mayasız çörək hazırlamaq üçün istifadə etdiyi bildirilir.

Eləcə də üzüm, noxud, lobya və ərik yetişdirdiyi deyilir. Əkinçiliklə yanaşı, heyvandarlıqla da maraqlanan bu icma üçün inək əti onun istehlakının bir hissəsini təşkil edirdi.

Hind Vadisi sivilizasiyası

E.ə. 3300-1300-cü illərdə indiki Pakistan və Qərbi Hindistanı əhatə edən tarixin ən böyük və ən qədim sivilizasiyalarından biri olub. İstifadə etdikləri dil hələ çözülmədiyindən, bu mədəniyyət haqda kifayət qədər məlumat yoxdur. Amma Harappa və Mohenco-Daro şəhərləri də daxil olmaqla yüzlərlə yaşayış məntəqəsi saldıqları, bunların da hər birinin öz kanalizasiya sistemlərinin olduğu məlumdur. Sinifsiz və ordusuz quruluşa sahib olan bu sivilizasiyanın astronomiya və kənd təsərrüfatında xeyli inkişaf etdiyi iddia olunur. Hindlilərin pambıqdan paltar hazırlayan ilk insanlar olduğu da bəllidir.

4500 il əvvəl yoxa çıxan bu sivilizasiyanın varlığı 1920-ci illərdə ilk qalıqları tapılana qədər məlum deyildi. Dağılmasının səbəbləri dəqiq bilinməsə də, Qhaqqar və Hakra çaylarının quruması və temperaturun enməsi kimi ekoloji amillərin səbəb olduğunu iddia edən bir neçə nəzəriyyə var. Digər bir nəzəriyyə sivilizasiyanın e.ə. 1500-cü ildə arilərin işğalı nəticəsində yer üzündən silindiyini iddia edir.

Hindlilər torpaqlarını daha məhsuldar etmək üçün bəzi əkinçilik texnikalarını kəşf etmişdilər. Əsasən buğda, arpa, noxud və pambıq yetişdirməklə məşğul olan hindlilərin evcil pişiklər, itlər, mal-qara və donuzlara sahib olduğu iddia olunur. Arxeoloji araşdırmalarda tapılan qalıqların əksəriyyəti insan, heyvan və tanrıça Şiva fiqurlarından ibarət möhürlərdən ibarətdir. Hindlilərin Misir və Mesopotamiya sivilizasiyaları ilə də təmasda olduğu məlumdur.

Minoy sivilizasiyası

E.ə. 3000-1100-cü illərdə Krit adasını əhatə edib. XX əsrin əvvəllərində tapılan bu sivilzasiyanın qalıqları bizə bu güclü mədəniyyət haqda məlumat verir. Sivilizasiya öz zirvəsinə e.ə. 1600-cü illərdə çatıb. Kritlilər bir çox şəhər və saray inşa ediblər, bu tikililərin formaları getdikcə daha da mürəkkəbləşib. Knoss sarayı bu mədəniyyətin xarabalıqlarının ən yaxşı nümunəsi hesab olunur. Labirintə bənzəyən sarayın əfsanəvi kral Minoy üçün tikildiyi düşünülür. Saray paytaxt Knosda yerləşirdi, bu qədim şəhərdəki arxeoloji qazıntılarda tapılan obyektlərin ən məşhuru Ana ilahə fiqurudur.

Tapıntılar vulkan püskürməsinin bütün bitkiləri məhv etdiyini və buna görə Minoy sivilizasiyasının məhv olduğunu göstərir. Partlayış kritlilərin gəmilərini də məhv edib və böyük bir aclığa səbəb olub. Digər bir nəzəriyyə Minoy sivilizasiyasının mikenalılar tərəfindən işğalı nəticəsində tarix səhnəsindən yox olduğunu iddia edir. Kritlilərin əksəriyyəti ticarətlə məşğul olub.

Mikena sivilizasiyası

E.ə. 1600-1100-cü illərdə Yunanıstanda mövcud olub. Minoydan fərqli olaraq, mikenalılar həm ticarət, həm də işğal yolu ilə təsirlərini və imperiyalarını genişləndirərək demək olar ki, bütün Yunanıstan ərazilərini əhatə etmişdilər. Mikena sivilizasiyası e.ə. 1100-cü illərdə yoxa çıxmadan əvvəl 5 əsr boyunca bölgədə dominant güc olub. Troya müharibəsində yunan ordusuna rəhbərlik edən Kral Aqamemnon kimi bir çox yunan mifi bu sivilizasiyadan gəlir. Mikenalılar həm mədəni, həm də iqtisadi baxımdan zəngin mədəniyyət olub. Nə üçün yox olduqları dəqiq bilinməsə də, işğal, zəlzələ və ya kəndli qiyamlarının buna səbəb olduğunu iddia edən bir neçə nəzəriyyə var.

Olmek mədəniyyəti

E.ə. 1400-cü illərdə indiki Meksikada mövcud olub. Bu inkişaf etmiş mədəniyyətin ilk izləri e.ə. 1400-cü illərə təsadüf edir. San Lorenzo şəhərinin olmeklərin ən vacib üç mərkəzindən biri olduğu, digər ikisinin isə Tenoçtitlan və Potrero Nuevo olduğu iddia edilir. Olmeklər memarlıq baxımından ustad sayılırdılar və nəhəng daşlardan istifadə edilən çox böyük abidələr bu iddianı sübut edir. Olmek mədəniyyəti Mezoamerika mədəniyyətlərinin başlanğıcı hesab olunur. Olmeklərin bölgədə yazı sistemi, kompas və Mezoamerika təqvimini icad edən ilk mədəniyyət olduğu düşünülür. Bunlarla yanaşı, olmeklərin qanalma texnikasını kəşf etdiyi və ilk dəfə sıfır rəqəmindən istifadə etdiyi məlumdur. XIX əsrin ortalarına qədər kəşf edilməsini gözləyən bu mədəniyyətin sonunun vulkan püskürmələri və zərərli əkinçilik fəaliyyətlərinin gətirdiyi ehtimal edilir.

Nəbati mədəniyyəti

Mədəniyyət e.ə. 600-cü illərdə İordaniya, İsrail, Fələstin və Şimali Ərəbistanı əhatə edən bölgədə meydana çıxıb. Sami icması İordaniya dağını qazaraq, bu mədəniyyətin ən möhtəşəm əsəri olan Petra şəhərini salıb. Eyni zamanda, nəbatilər hidravlik və mürəkkəb kanalizasiya sistemlərindəki bacarıqları ilə tanınıb. Təəssüf ki, onların mədəniyyəti barədə yetərli məlumat yoxdur, çünki günümüzə qədər heç bir yazılı qeyd gəlməyib. Amma bu inkişaf etmiş mədəniyyət coğrafi mövqeyinin təsiri ilə qiymətli metal, dəmir, polad, ipək və ədviyyat kimi bir çox məhsulun ticarətində və nəqlində fəal rol oynayıb. O dövrdəki digər mədəniyyətlərdən fərqli olaraq, nəbatilər köləlik düşüncəsinə sahib deyildilər. Nəbatilər Petranı e.ə. IV əsrdə tərk ediblər, amma hələ də kimsə bunun səbəbini dəqiq bilmir. Bir çox tarixçi nəbatilərin öz yerlərindən könüllü getdiklərini yazır.

Aksum krallığı

Eramızın I əsrində qurulan Aksum krallığı bugünkü Efiopiyanı da əhatə edən bölgədə yerləşib. Rəvayətə görə, bura Kraliça Şebanın doğulduğu yerdir. Aksum təbii ehtiyatlarla zəngin əhəmiyyətli ticarət mərkəzi idi. Roma İmperiyasından Hindistana qədər bir çox bölgəyə qızıl və kənd təsərrüfatı məhsullarının ixracı bu sivilizasiyanın ən vacib fəaliyyətlərindən biri sayılırdı. Öz valyutasını istifadə edən ilk Afrika sivilizasiyası olaraq da tanınan Aksum krallığı çox zəngin xalqın eviydi. Bu sivilizasiyanın ən əhəmiyyətli qalıqları arasında Aksum obeliskləri var. Bu nəhəng oyma obelisklər kralların və zadəgan ailələrin dəfn mərasimlərində mühüm rol oynayıb.

324-cü ildə kral II Ezana dövründə bu krallıq xristianlığı rəsmi din olaraq qəbul edib. Bu səbəbdən də mədəniyyətlərində xristianlıq hakim rola malikdi. Bir əfsanəyə görə, bu səltənət Yəhudi kraliçası Yodit tərəfindən məhv edilib, kilsə və kitabları dağıdılaraq yandırılıb.

Kxmer İmperiyası

1000-1400-cü illərdə mövcud olmuş Kxmer İmperiyası yoxa çıxan sivilizasiyaların ən güclülərindən biri sayılır. İmperiya indiki Kambocanın ərazisini əhatə edən Cənub-Şərqi Asiya bölgəsində qurulub. Paytaxtı Anqkor Kambocanın ən məşhur arxeoloji yerlərindən biri sayılır. Kxmer İmperiyasının əhalisi 1 milyona çatırdı. Bu sivilizasiya Hinduizm və Buddizm kimi müxtəlif dinləri qəbul etdiyi üçün mədəni zənginliyə sahib idi. Bu xalq bir çox məbəd, künbəz və möhtəşəm tikililər inşa edib. Anqkordakı tanrı Vişnuya həsr olunmuş məbəd ən məşhurlardan biridir. Kxmer İmperiyasının yer üzündən silinməsinin bir çox səbəbləri vardı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər