30 İyul 2021 09:05
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixdə dəyişikliyə imza atan siyasətçilər, liderlər tez-tez hədəfə alınır. Onlar ya terrorçular, ya cinayətkar qruplar, ya da xarici xüsusi xidmət orqanlarının qurbanlarına çevrilir. Yəni, ölümün haradan gəldiyi bəli olmur. Ötən əsrin əvvəllindən bəri yüzlərlə siyasətçi belə hücumlardə həyatlarını itiriblər. Belə olaylardan biri bir neçə gün əvvəl Haitidə baş verdi.

2021-ci ilin ən populyar sui-qəsdi Haiti Prezidenti Jovenel Moizin iyulun 7-də vurulması oldu. Polis bəzilərinin xarici ölkələrlə əlaqəli olduğu iddia edilən 28 şübhəlini nəzarətə götürüb. Cinayətin sifarişçisi kimdirsə, həqiqətlərin ortaya çıxmasını istəmir: istintaq mütəmadi olaraq təhdidlə dolu anonim məktublar alır.

İyulun 7-də gecə naməlum şəxslər Moizi güllələdi, həyat yoldaşını ağır yaraladılar. İqamətgahı gülləbaran edilən Moiz 12 yara almışdı. Haiti hökuməti hücumu 26 təqaüdçü Kolumbiya hərbçisindən və iki Haiti əsilli amerikalıdan ibarət mütəşəkkil qruplaşma tərəfindən həyata keçirildiyini bildirdi. Onlardan 17-si saxlanılıb, 8-i gizlənib, 3-ü öldürülüb.

Qətlin adi cinayətkar qruplaşma tərəfindən həyata keçirildiyi iddia olunsa da, Haitidə bu sui-qəsd fikrinin başqa bir ölkədən gəldiyinə inananların sayı çoxdur. İddiaya görə, fransız dilinin rəsmi dövlət dili olduğu Haitidə cinayətkarlar bir-birləri ilə ingilis və ispan dillərində danışıblar. Bunu yerli polis rəisi Leon Çarlz bildirib: “Əcnəbilər ölkəmizə prezidentini öldürmək üçün gəlmişdilər”. Amma bu versiya hələ təsdiqlənməyib.

Bu, Moizin həyatına edilən ilk qəsd cəhdi deyil: onlardan birinin qarşısı bu il fevralın 7-də alınmışdı. Moizə bundan əvvəl 2018-ci ildə hücum edilib. Həmin hücumda Moiz sağ qalsa da, üç mühafizəçisi öldürüldü.

Şübhəsiz ki, Moiz tarixdə öldürülən ilk siyasi lider deyil. Dünya tarixində onların sayı onlarladır, hər biri də müxtəlif yollarla qətlə yetirilib. Məsələn, Con Kennedi, Müəmmər əl-Qəddafi, Səddam Hüseyn və s.

“Qara sentyabr”

1971-ci il noyabrın 28-də Qahirədəki Şeraton otelinin foyesində Fələstinin “Qara sentyabr” terror qruplaşmasının dörd yaraqlısı İordaniya baş naziri Vasfi əl-Talı qətlə yetirdi.

Şahidlər qatillərdən birinin əl-Talın bədəninə əyilərək qanını yaladığını iddia ediblər. Baş nazirin öldürülməsi onun yürütdüyü siyasətə cavab idi. İddiaya görə, silahlıları təqib etdirmiş, Fələstin hərəkatının hərbi komandanlarından birinə şəxsən işgəncə vermişdi. Əl-Tal 1970 -ci ildə “Qara sentyabr”la İordaniya ordusu arasındakı qarşıdurmada da əhəmiyyətli rol oynamışdı. Nəticədə minlərlə Fələstin yaraqlısı İordaniyadan çıxarılmışdı.

Misir məhkəməsi bir müddət sonra qatilləri zaminə buraxdı. “Qara sentyabr” yaraqlıları əl-Talın öldürülməsindən bir il sonra yenidən məşhurlaşacaqdı. Münhen Olimpiadasında terror aktı törədəcək, qurbanları 11 İsrail polisi və bir Qərbi Almaniya polisi olacaqdı.

Kastronun hədiyyəsi

Çili Prezidenti Salvador Allendenin ölümü 1973-cü ildə ölkəni bürüyən dövlət çevrilişinin son akkordu idi.

O, bu olaydan üç il əvvəl qitənin seçilən ilk qanuni marksist prezidenti olmuşdu. Əl-Talda olduğu kimi, Allendenin də siyasəti başına bəla oldu: həm xarici şirkətlər, həm də varlı çilililər bundan narazı idilər. Çilini bürüyən problemlər qartopu kimi böyüdü və 1973-cü ilin martında prezident Konqresin dəstəyini itirdi.

Bundan dərhal sonra – sentyabrın 11-də qiyam edən ordu ona qarşı mübarizəyə qoşuldu. Qiyama baş qərargah rəisi – ölkənin gələcək diktatoru Auqusto Pinoçet rəhbərlik edirdi. Faciənin qarşısını almaq olardı. Prezidentə sülh yolu ilə istefa verməsi təklif edilmişdi, amma o imtina etdi.

Qiyamçılar prezidentin sarayına soxulduqda o, silahdaşlarına silahlarını yerə qoymaq əmrini verdi. Fidel Kastronun bağışladığı avtomatla özünü güllələdi. Ölən prezidenti tapan hərbçilər onun cansız bədənini yenidən güllələdilər. Allende tarixdə əhalini onun üçün özünü qurban verməməyə çağıran yeganə liderlərdən biridir.

Diktatorun “sağ əl”i

1973-cü il dekabrın 20-də İspaniya diktatoru Fransisko Frankonun “sağ əl”i olan baş nazir Luis Karrero Blanko öldürüldü.

Karrero Madridin mərkəzində baş verən partlayışda həyatını itirdi: cinayətkarlar onun limuzininə bomba yerləşdirmişdilər. Məsuliyyəti separatçı ETA (Basklar Ölkəsi və Azadlıq) təşkilatı öz üzərinə götürdü. Qatillər dərhal tapılsa da, İspaniya hələ də qətlin necə təşkil edildiyindən əmin deyildi. Amma 30 il sonra bu qaranlıq cinayətə aydınlıq gətirən sənədlərin sirri açıldı: Blankonu öldürmək fikri ETA döyüşçülərinə aid deyildi, sifariş sui-qəsddən az əvvəl nümayəndələri baskların hərbi liderləri ilə görüşən xarici qüvvələrdən gəlmişdi. Amma hələ də Frankonun “sağ əli”ni kimin “kəsdiyi” məlum deyil.

Yoxa çıxan sənədlər

1981-ci il iyulun 31-də Panamanın de-fakto lideri, ölkənin silahlı qüvvələrinin baş komandanı Omar Torrixos təyyarə qəzasında həlak oldu. Yerli hakimiyyət orqanları qəzanın pilotun səhvindən baş verdiyini desə də, az adam buna inadı. Qəzanın səbəbləri qəribə şəkildə Ekvador prezidenti Xayme Roldos Agileranın ölüm səbəbləri ilə üst-üstə düşürdü: o da iki ay əvvəl təyyarə qəzasında həyatını itirmişdi. Hər iki halda istintaq ziddiyyətli nəticələr ortaya çıxardı. Bir müddət sonra isə Torrixos işi üzrə istintaqın nəticələrinə dair sənədlər tamamilə yox oldu.

Məlumatların gizlədilməsi bunun planlaşdırılmış cinayət olduğuna dair şübhələri daha da artırdı. Prezidentin ailəsi və yaxınları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (CIA) ittiham etdilər. Bəzi məlumatlara görə, siyasətçinin ölümündən dərhal sonra qəzanın baş verdiyi ərazidə bir ABŞ hərbi təyyarəsi görülüb. Mərhumun yaxınları ölümünün Panama kanalı səbəbindən Ağ Evlə münasibətlərinin pisləşməsinin nəticəsi olduğunu dedilər.

Bir axşam Stokholmda

1986-cı il fevralın 28-də axşam saatlarında İsveç baş naziri Ulof Palme həyat yoldaşı Lisbetlə Stokholm kinoteatrından qayıdırdı. Yanında cangüdən yox idi: siyasətçi özünü təhlükəsiz hiss edərək onsuz gəzməyi sevirdi. Yol ayrıclarının birində naməlum şəxs onlara yaxınlaşaraq əvvəlcə Ulof, sonra isə Lisbetə atəş açdı. Baş nazir hadisə yerində öldü. Ölüm işi 30 ildən çox araşdırıldı, amma cinayətkarı tapa bilmədilər.

Media baş verənlərlə bağlı fərqli versiyalar irəli sürdü. Bir idiaya görə, Palme sui-qəsdin qurbanı olmuşdu və bunun arxasında CIA dururdu. Eyni zamanda, onun səhvən öldürüldüyü də güman edilirdi: guya küçədə narkotik alverçisi ilə səhv salınıb. Amma istintaq inadkarcasına cinayətkarın axtarışına davam etdi. İlk şübhəli Krister Petersson idi: dosyesində 60-dan çox cinayət vardı. Lisbet Palme Peterssonu tanıdı və 1988-ci ildə məhkəmə onu ömürlük həbs cəzasına məhkum etdi. Amma hökm bir il sonra ləğv edildi, çünki onu ittiham etmək üçün kifayət qədər sübut yox idi. Müstəntiqlər Palmeni vurduğu iddia edilən tapançanı tapdıqdan sonra da dəyişiklik baş vermədi. Amma 2020-ci ildə prokurorluq həmin il intihar edən Stiq Enqstrom adlı yeni bir şübhəlinin adını çəkdi. Amma onun barəsində verilən ifadələr də bir-birindən fərqliydi. Qətlin səbəbinin təkcə şəxsi düşmənçilik yox, həm də pul və alkoqolizm olduğu iddia edilir. Prokurorun təqdim etdiyi sübutların siyahısı kiçik olsa da, cinayət işi bununla bağlanıldı.

Dəccalın son Miladı

Rumıniya lideri, Kommunist partiyasının baş katibi Nikolay Çauşesku və həyat yoldaşı Yelena 1989-cu il dekabrın 25-də güllələndi. 24 il hakimiyyətdə olan Çauşesku bu illər ərzində nəhəng sərvətin sahibinə çevrilmişdi, rumınlar isə ərzaq payı kartları ilə boş dükanların qarşısında gözləyirdilər. Onun hakimiyyəti illərində qaz və elektrik böyük fasilələrlə verilir, ərzaq qıtlığı yaşanırdı, vətəndaşların ərzaq almaq üçün pulları yox idi. Ölkədə səhiyyət sahəsi iflic olmuşdu. Vaxtilə sosialist ölkələrinin liderləri arasında ən böyük liberal sayılan Çauşesku ölkəni nəinki məhv etdi, əksinə, öz ölümünü daha da yaxınlaşdırdı.

Edamın səbəbi 1989-cu ildə Timişoara şəhərində yerli keşişin həbsi ilə bağlı başlayan etirazlar idi. Tədricən narazılıq bütün ölkəyə yayıldı. Qoşunlar nümayişləri yatırda bilmədi, əksinə, silahlı qüvvələr vətəndaşlara dəstək verdi. Çauşesku və Yelena Rumıniyadan qaçmaq istəyərkən saxlanıldı. Hərbi tribunal prezidenti 60 min insanın ölümündə - soyqırımda və milli iqtisadiyyatı çökdürməkdə günahlandırdı. Çauşeskunun edamından sonra Rumıniya telekanallarından birinin aparıcısı “Dəccalın Miladda öldürüldüyünü” bildirdi.

Sülhə açılan atəş

1995-ci il noyabrın 4-də İsrail baş naziri İshaq Rabin Təl-Əvivin mərkəzi meydanında güllələndi. Bu, israillilərlə fələstinlilər arasında sülh müqaviləsinə dəstək olaraq keçirilən “Sülhə “Hə”, Şiddətə “Yox” adlı böyük mitinqdəki çıxışından sonra baş verdi. Cinayətkar siyasətçiyə avtomobilinə gedərkən hücum etdi: Rabin iki güllə yarası aldı və 40 dəqiqə sonra öldü.

Həkimlərin qənaətinə görə, baş nazir sinə nahiyəsindən vurulmuşdu. Halbuki hadisənin şahidləri Rabinin kürəyindən vurulduğunu iddia etmişdilər. Bu qəribəlik bir sıra sui-qəsd nəzəriyyələrinin ortaya çıxmasına səbəb oldu. Bunlardan birinə görə, qətlin sifarişi İsrail xüsusi xidmət orqanları tərəfindən verilib. Amma bu versiyanın arqumenti yox idi. Üstəgəl, qətli yeraltı “Yəhudi Mübarizə Təşkilatı”nın üzvü Yiqal Əmir özünün həyata keçirdiyini etiraf etdi. O, iki ay fələstinlilərlə imzalanmış sülh müqaviləsinin nəticələrindən “İsrail xalqını qorumaq” istədiyini dedi.

Snayperin hədəfində

2003-cü il martın 12-də Serbiya baş naziri Zoran Cinciç Belqraddakı Hökumət Evi yaxınlığında öldürüldü. Çoxmərtəbəli binalardan birində gizlənən snayper siyasətçiyə iki dəfə atəş açıb. Qətlin təşkilatçıları Zemun şəhərindəki cinayətkar qrup olduğu iddia edildi. Yerli klanlar baş nazirin siyasətindən narazı idilər: Cinciç karyerası boyu Serbiyada mütəşəkkil cinayətkarlıqla mübarizə aparmışdı. Araşdırma zamanı polis cinayətin ortaqları da daxil olmaqla mindən çox adamı həbs etdi. Onların arasında keçmiş prezident Slobodan Miloşeviçin administrasiyasına yaxın olan hüquq-mühafizə orqanlarının əməkdaşları da vardı. 2007-ci ildə Serbiya baş nazirinin qətlində 12 nəfər məhkum edildi.

Cinciçin ölümü hələ də bir çox suallar doğurduğundan bu hadisə tez-tez ABŞ prezidenti Con Kennedinin qətli ilə müqayisə edilir. Belə ki, Serbiyada sui-qəsddə neçə atıcının iştirak etdiyinə və qətlin təşəbbüskarının kim olduğuna hələ də şübhə ilə yanaşırlar. İstintaq Miloşeviçin adamlarının bu əmri verə biləcəyinə inansa da, bunun təhlükəsizlik xidmətlərində dəyişiklikdən qorxan kəşfiyyatın sui-qəsd planı olduğuna dair fikirlər də var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər