Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhur olan, amma azərbaycanlı olduğunu çox azımızın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Türkiyə kinosu və teatrının ən məşhur simalarından biridir.
Məhmət İbrahim Karaca – azərbaycanlı əsilli teatr və kino aktyoru.
Məhmət Karaca 1900-ci il martın 17-də Türkiyənin İstanbul şəhərində anadan olub.
Karaca Ankara Universitetindəki təhsilindən sonra, 1922-ci ildə öz adını daşıyan teatr truppası ilə “Hara gedirsən?” (“Quo vadis”) tamaşa ilə səhnəyə çıxmağa başlayıb. Bir müddət İstanbul Xalq Operasında işlədikdən sonra, 1934-cü ildə İstanbul Şəhər Teatrında fəaliyyətə başlayıb. “Qısa fasilə”, “Hamlet”, “Makbet” və s. kimi tamaşalarda rol alan Karaca fars, ərəb və fransız dillərini bilib.
Azərbaycanlı əsilli aktyor 1968-ci ildə beyinə qan sızması səbəbiylə fəaliyyətini dayandırıb.
Erməni qadınla evlilik
1929-cu ildə Rəşid Rza Samako və Mühlis Səbahəddin Əzgi ilə işləyərkən tanış olduğu erməni əsilli aktrisa Toto Karaca ilə evlənib. Totonun əsl adı İrma Feleqyan idi, İran ermənisiydi. Onların yeganə övladı Türkiyənin məşhur rokçusu Cem Karacadır.
1980-ci il aprelin 7-də sirrozdan vəfat edən Məhmət Karaca İstanbulda dəfn olunub.
Aktyor karyerası boyunca 20-dən çox filmdə rol alıb. Bunların arasında “Daş parçası” (1939), “Bağdagül” (1947), “Düşkünlər” (1948), “Yavuz Sultan Səlim ağlayır” (1952), “Anamı axtarıram” (1959) və s. kimi Türkiyə kinosunun məşhur filmləri var. Karacanın rol aldığı sonuncu film 1959-cu ildə çəkilən “Ölümsüz məhəbbət” adlı filmdir.
Barış Manço və Cem Karaca
Aktyorun ölümündən illər sonra onun həm də Türkiyənin digər əfsanəvi rokçusu Barış Mançonun da atası olduğu iddia edildi. İddia Türkiyənin gündəminə bomba kimi düşdü. Bu sirr uzun illər sonra bir mətktubla üzə çıxdı. İddia Cem Karacanın Almaniyada yaşadığı illərdə ev yoldaşı olan İbrahim Hızlının qələmə aldığı məktubda dilə gətirilib.
Hızlının iddiasına görə, Cem Karacanın özündən iki yaş böyük qardaşı vardı və Türkiyədə hamı tərəfindən tanınıb:
“Bir gün Cem Karacadan bacısı və ya qardaşının olub-olmadığını soruşdum. Mənə belə cavab verdi: “Bilirsən, mən əslən azərbaycanlıyam. İstanbulda çox qohumum var, hamısı da ticarətlə məşğuldur. Atamdan başqa sənətlə maraqlanan olmadı. Anam və atam onlarla bayramlarda görüşürdü. Mənə yaşca yaxın olan Yılmaz Karacadır, əmimin oğludur. Onunla tez-tez əlaqə saxlayıram. Nə bacım, nə də qardaşım var. Amma atamın dediklərinə əsasən, məndən iki yaş böyük qardaşımın olduğunu söyləyə bilərəm. Onunla həmişə əlaqədəyəm, bir-birimizi sevir, hörmət edirik. Mən onun qardaşı olduğunu bilirəm, amma onun bilib-bilmədiyindən xəbərdar deyiləm”.
“Ayrılıq”
İbrahim Hızlı Cem Karacanın xanımı İlkim Karacadan da bu sözləri eşitdiyini yazıb:
“Bəli, Cemin böyük qardaşı vardı. Dediyinə görə, həmin şəxs Barış Mançoydu. Cem 1945, Barış Manço isə 1943-cü ildə doğulub. Yəni aralarında iki yaş fərq var. Cem mənə bütün dərdlərini danışırdı. Dediyinə görə, atası Məhmət Karaca ilə Barış Mançonun anası Rikkat Uyanık arasında sevgi münasibəti olub.
Cem həmişə deyirdi ki, Barış mənim rəqibim yox, gözətçim idi. Cemin atası Məhmət Karaca əslən azərbaycanlıydı. Cem də, Barış Manço da Azərbaycan mahnısı “Ayrılıq”ı oxumuşdu. Cem onda “İkimizi də ata torpağı çəkdi” dedi. Barış Mançonun birinci ildönümündə Cemə Barışın portretini vermişdilər. Onu evin divarından asdı, sonra qarşısına keçib “İkimiz də atamıza necə oxşayırıq” dedi”.
İbrahim Hızlının başqa bir iddiasına görə, Məhmət Karaca ölüm yatağında olarkən Barış Mançonu, yəni böyük oğlunu görmək istəyib. O, bunu Toto Karacadan eşitdiyini yazıb.