18 Avqust 2021 09:19
3 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox insan 2018-ci ildə 76 yaşında vəfat edən ingilis astrofizik Stiven Hokinqin sözlərini “ateist arqument” olaraq istifadə etməyi sevir. Amma reallıq bir az fərqlidir.

Stiven Hokinqin ictimai şüur ​​və mədəniyyətə böyük təsiri olduğu danılmazdır. Bunun ən önəmli səbəblərindən biri, şübhəsiz ki, bədəni iflic bir insanın nəhəng zəkasıyla qarşımıza çıxmasıdır. Danışmaqda çətinlik çəkən, hər saniyəsi tibbi avadanlıqlara və təkərli əlil arabasına bağlı olan, amma qalaktikalara qədər gedib çatan bir dahidən bəhs edirik. İnsanlar üzərindəki təsirinin fərqində olan Hokinq bütün imkanlarından necə istifadə edəcəyini yaxşı bilirdi...

Kainatdan əvvəl

Hokinq din haqda danışarkən heç vaxt açıq və dəqiq olmadı – ziddiyyətliydi.

“Zamanın qısa tarixi” kitabında yazır: “Hər şeyin nəzəriyyəsini kəşf etdiyimiz vaxt insan zəkasının ən böyük uğurunu əldə etmiş olarıq. O vaxt Tanrının düşüncəsini öyrənmiş olacağıq”.

Bu açıqlamasından sonra alimin dini dünyagörüşü ilə bağlı bir çox fərziyyələr irəli sürüldü.

Özü isə İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bunları demişdi:

“Tanrının kainatı elmi dərk etmədən kəşf etdiyinə inanmaq təbiidir. Amma elm indi inandırıcı izah verir. Beləliklə, Tanrının düşüncəsini öyrəndiyimizi söylədikdə, demək istəyirəm ki, əgər Tanrı olsaydı, bildiyi hər şeyi öyrənmiş olardıq, amma o, yoxdur. Mən ateistəm”.

Amma Hokinq ziddiyyətli cavablarına başqa bir şey əlavə etdi. Başqa bir müsahibəsində bunları söyləmişdi:

“Kainatdan əvvəl nə vardı” sualı, “Şimal qütbünün şimalında nə var”, sualı qədər məntiqsizdir”.

Hər kəsin öz tanrısı

İddiaya görə, Stiven Hokinq bəzən Kembricdəki Müqəddəs Andrus kilsəsinə gedirdi. Birinci həyat yoldaşı Ceyn xristian idi.

Jurnalist Endryu Qreyston Hokinqlə müsahibəsi haqda bunları demişdi:

“Ondan Tanrının varlığına inanıb-inanmadığını soruşdum. Sualına cavab vermək istəmədi. Səbəbini soruşduqda, “Tanrıya inandığımı desəm, hamı eyni Tanrıya inandığımı iddia edəcək. Ona görə də bu barədə danışmayacağam”, cavabını verdi”.

Naməlumluğa atılan zər

Stiven Hokinq dünyanın işlərinə qarışan Tanrıya inanmırdı.

2007-ci ildə “Röyter”ə verdiyi müsahibədə bunları demişdi:

“Düşünürəm ki, kainat elmi qaydalarla idarə olunur. Tanrı bu qaydaları müəyyən etmiş ola bilər, amma Tanrı qaydaları pozmaq üçün müdaxilə etmir”.

“El Mundo”ya isə, “Mənim üçün insan ağlının çatmadığı bir həqiqət yoxdur”, demişdi. Hokinq mövzudan yayınmaq üçün kifayət qədər ağıllı olsa da, Allahla bağlı əksər ifadələri onu ateistdən daha çox aqnostik kimi göstərirdi.

Albert Eynşteynin Allah haqqında məşhur ifadəsi ilə əlaqədar olaraq demişdi:

“Eynşteyn “Tanrı zər atmır”, deyərkən yanılırdı. Əslində, bəzən zərləri görə bilmədiyimiz yerə atır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər