Məhəmməd Kəngərlinin 15-ci anım gününə ithaf
Azərbaycan mühacirətinin son lideri olan Məhəmməd Kəngərli 1914-cü il avqust ayının 10-da Qarabağda doğulub. Atasının adı Mircəfər, anasının adı Qızxanımdır. Ailədə 9 övlad olublar.
Tədqiqatçı Hafiz Sadıqa görə, Məhəmməd bəy Tərtər rayonunda kəndli ailəsində doğulub, orta təhsilini də orada alıb. Vəfatı ilə bağlı “Azərbaycan” jurnalındakı yazıya görə, yaxınları Qarabağ üsyanlarında iştirak etdiyi üçün bir neçə məktəb dəyişdirməli olub. II Dünya müharibəsi əsirləri ilə bağlı Arolsen arxivlərindəki sənədlərdə adı Mirmamed (belə görünür ki, əsli Mirməhəmməd), soyadı Quliyev, doğum yeri isə Şuşa olaraq qeyd olunub. Bu sənədlər bilvasitə onun iştirakı ilə doldurulduğu üçün Şuşada doğulduğuna qərar verməliyik. Yenə həmin sənədlərdə yeni soyadı kimi Kəngərli, dini mənsubiyyəti məhəmmədi (yəni İslam), milliyyəti türk göstərilib.
Azərbaycan Cümhuriyyətinin işğalından sonra gizli şəkildə fəaliyyət göstərən Müsavat firqəsinin çətiri altında çalışan “Gənc Azər” təşkilatına Məhəmməd bəy 1928-ci ildə qatılıb. İlk siyasi fəaliyyəti Ağdərə, Tərtər, Bərdə, Ağdamda rus işğalına qarşı Müsavat firqəsinin qrupları arasında əlaqələndiricilik olub. “Gənc Azər”ə dayısı Hüseyn bəy tərəfindən cəlb edilib. Hüseyn bəy 1931-ci ildə güllələnib. Atası isə Sibirə sürgün edilib. İllər sonra Kəngərli Almaniyada səfirlikdə çalışarkən ailəsindən xəbər ala bilib, yaşlı atasının sağ olduğunu eşidib. Atası 104 yaşında vəfat edib. Mülayimləşmə dönəmində Azərbaycandakı qohumları Türkiyəyə gələ bilib.
M.Kəngərli 1933-cü ildə (Hafiz Sadıqa görə 1936) Bakıda Tibb fakultəsinin rus bölməsinə daxil olub, daha sonra qeydiyyatını ləğv etdirərək o zamankı adı ilə Leninqrad şəhərinə yollanıb, 1938-1939-cu illərdə Leninqrad Hərbi Tibb Akademiyasından məzun olub. Amma Türkiyə arxivindəki sənədlərdə 15.07.1938-ci ildə Azərbaycan Bakı Tibb İnstitutunu bitirməsi qeyd edilib. Həmçinin ingilis dilində bildiyi yazılıb.
Təhsilini bitirdikdən sonra Kəngərli Sovet ordusuna yüzbaşı rütbəsi ilə hərbi həkim kimi daxil olub, 1939-cu ilin noyabr ayında başlayan SSRİ-Finlandiya müharibəsinə görə cəbhəyə göndərilib. 1940-cı ilin fevralın 19-da Kotka şəhəri ətrafında finlərə əsir düşüb. Həmin ilin mart ayında qarşılıqlı şəkildə əsirlərin dəyişdirilməsi nəticəsində SSRİ-yə təhvil verilib. Məhəmməd bəy sorğu-sual edilib, nəzarət altında saxlanılıb.
SSRİ-nin Baltik ölkələrinə qarşı başlatdığı səfər zamanı Kəngərli 1940-cı ilin avqust ayının ilk həftəsində Tartu şəhərinə, ardınca Viljandiyə, Purnuya, sentyabr ayında isə Latviyanın Siqulda qəsəbəsinə göndərilib. Daha sonra Belorusiyanın Qomel şəhərinə göndərilib, lakin burada yerli xalqla təmasda olduğu üçün bölgədən uzaqlaşdırılıb.
1941-ci ildə Almaniya-SSRİ müharibəsi başladıqdan sonra Kəngərli avqust ayında İrana, daha sonra Krım cəbhəsinə göndərilib. 1942-ci ilin fevral ayında Feodosya yaxınlığındakı bir kənddə Stalinin Krıma fövqəladə səlahiyyətlə göndərdiyi şəxsin 15 krımlı mücahidi hər kəsin gözü önündə qətlə yetirməsi Məhəmməd bəyə ağır təsir edib, onda qarşı tərəfə keçmək arzusu yaranıb. Məhz bu zaman şiddətli alman hücumu nəticəsində Məhəmməd bəy Krımda almanlara əsir düşüb.
Rəsulzadənin himayəsində
1942-ci ilin iyununda Kəngərli Berlin yaxınlığındakı Vustrauya aparılıb, burada müalicə olunub. Həmin dövrdə Almaniyada olan Məhəmmədəmin Rəsulzadə onu çətinliklə xilas edib. O, 6-9 noyabr 1943-cü ildə Əbdürrəhman Fətəlibəylinin liderliyində baş tutan Milli Azərbaycan Qurultayında müşahidəçi qismində iştirak edib. Müharibə illərində Kəngərli Ukrayna şəhərlərində almanlar tərəfindən qurulan səhra xəstəxanalarında çalışıb, daha sonra Rumıniyanın Konstansa şəhərinə göndərilib. Bu illərdə Rəsulzadə də artıq almanların təkliflərini qəbul etmədiyi üçün Rumıniyaya geri qayıtmışdı. Buna görə də Kəngərli burada olduğu müddətdə Türkiyənin Rumıniya səfiri Həmdullah Sübhi Tanrıövərin iqamətgahında tez-tez Məhəmmədəmin bəyi ziyarət edib.
1944-cü ildə Rumınıya kralının əleyhinə başlayan üsyandan sonra Kəngərli Macarıstana gedib, Balkardi bölgəsindəki bir hava hücumunda yaralanıb. Avstriyanın Qraz kəndində müalicə aldıqdan sonra may ayının ilk həftəsində Amerika ordusunun əlinə keçib. 1945-ci ilin avqust ayında Fulda şəhərində yaşaması şərti ilə azad edilib.
Azərbaycan Demokrat Birliyi
Müharibə dövründə Almaniyada yaşayan Kəngərli sülhdən sonra müsəlman və türk əsirlərin xilası ilə bağlı fəaliyyət göstərib.
O, Rəsulzadənin götərişi ilə 1946-cı ildə yaradılan Azərbaycan Demokrat Birliyinin rəhbəri olub. Təşkilatda Yusif Qəhrəman (başqan vəkili), Vahid Xasməmmədli (katib), Heydər Atak (mühasib), Dr.Fəyyaz Qasımoğlu (üzv), Dr.Əhməd Yaşat (üzv), Dr.İbrahim Badal (üzv) kimi şəxslər yer alıblar. ADB-nin qurulmasında bir məqsəd də Müsavat partiyasının Almaniyada açıq fəaliyyət göstərə bilməməsidir. Kəngərli öz əl yazısı ilə “Azərbaycan mücahidlərinə çağırış” adlı bildiriş dərc edərək hərəkətə keçib. Bildirişdə yazılıb:
“Əziz mücahidlər! Altı ildir davam edən ikinci cahan hərbi artıq sona yetdi: hərb almanların məğlubiyyəti, qərb müttəfiqlərinin zəfəri ilə nəticələndi. Bizim mücadiləmiz isə davam edəcək, çünki müqəddəs vətənimizi işğal altında tutan sovet kommunist rejimi müttəfiqlərin yanında yer almaq imkanına sahib oldu. Yurddaşlar! Müqəddəs vətənimizin bolşeviklər tərəfindən istilasından 21 il sonra ələ keçən bir fürsəti işin başlanğıcında bəzi səbəblərdən zühur edən xətalara rəğmən yaxşı qarşıladınız və əldə silah əbədi düşmənə qarşı döyüşlər verdiniz. Vətən övladlarından şəhidlərimiz oldu, yerləri behişt olsun, hamısını hörmətlə yad edirik. Hərb qəhrəmanı gənclər! Siz tələsməyin, araqızışdıranların təbliğatlarına inanıb geri dönmək kimi tələsikliyi qəbul etməyin. Vətəndaşlar, məlumunuz olsun ki, sizlər “Ostministrliklərdə” işlədiniz, legionlar qurdunuz, cəbhələrdə silahlı cəng yapdınız, qəzet və jurnal buraxdınız, xalqımız üçün şərəfli xidmətlər göstərdiniz, qəhrəmanlıqlar etdiniz, dəvətə inanmayın, çünki, hamınız onlara görə vətən xaini və hərb günahkarı sayılacaqsınız. Bunun da cəzasını hamınız bilin. Vətən həsrətinə köks gərin. Olduğunuz ölkələrdən ayrılmayın, milli təşkilatlarımız ətrafında birləşin, bundan aldığınız güclə də mücadilənizi davam etdirin. Əski nəsil bu davanı 26 ildir belə yürüdür. Ana vətən Türkiyə də sizin arxanızdadır. Hər zamankı kimi sayıq olun. Özünüzə müvəqqəti yaşayacağınız bir ölkə seçin. Biz sizin Türkiyəyə hicrət etmənizə kömək edərik, fəqət Amerikaya da gedə bilərsiniz, orası da elə lap yaxşı ictimai sistemi olan məmləkətdir. Yurddaşlar, yurdumuza dönənə qədər yaşayacağınız ölkələrdə sizə bəxtiyar olmanızı diləyirik. Bu vəsiqə ilə qısa adı “ADB” olan “Azərbaycan Demokrat Birliyi” ətrafında birləşməyə çağırırıq”.
1947-ci ilin qışında Almaniyanın Mittenvald düşərgəsindəki 101 azərbaycanlının almanlar tərəfindən məcburi şəkildə Melrixştadtda SSRİ-yə təhvil verilməsinin qarşısını Kəngərli alıb. Amerika hərbçiləri ilə danışıqlar aparan Kəngərli onların Amerika işğal bölgəsində qalmasını təmin edib. Bu hadisə alman mətbuatında “101-lər edamdan döndü” başlığı ilə verilib.
1947-ci ildə ADB “Azərbaycan tarixindən” adlı kiçik risalə nəşr edib.
Kəngərlinin təşəbbüsü ilə 1948-ci il mayın 28-də Münhendə Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 30-cu ildönümü qeyd olunub. Müharibədən sonra baş tutan bu ilk böyük toplantı diqqət çəkib, amerikalı bir elmi heyət 5 gün Azərbaycan mövzusu ətrafında Kəngərli ilə müzakirə aparıblar.
1948-ci ildə ruslar onun Münxendəki Baader Strasse No: 74 ünvanında yerləşən iqamətgahına hücum ediblər. Sovet ordusundakı bir tatarın xəbər verməsi nəticəsində Kəngərli bir gün öncədən qaça bilsə də, təşkilatın bəzi sənədləri və möhürü rusların əlinə keçib. 1949-cu ildə Bielefeld şəhərində ingilis ordusunda bir müddət məsləhətçi olub, daha sonra müalicə üçün Münxen yaxınlığındakı Qautinq sanatoriyasına gedib. O, burada əksəriyyətinin yəhudilər olduğu 1700 yataqlı xəstəxanada “Patienten Komittee”-nin (Xəstələr komitəsi) rəhbəri olub.
ADB 1951-ci ildə üzvlərinin Türkiyəyə gəlməsi səbəbindən fəaliyyətinə son verib.
Müharibədən sonra
Müharibədən sonra Məhəmmədəmin Rəsulzadə ilə Əbdürrəhman Fətəlibəyli arasındakı qarşıdurmada Kəngərli birincinin yanında yer alıb. 1952-ci ildə “Kafkasya” jurnalının 9-cu sayında “Yüzbaşı Mir Memmed Kengerli” imzası ilə “Ə.Düdənginskinin “hesabı”na dair” adlı məqalə dərc etdirib. 1951-ci ilin 30 noyabrında Münxendə Şərqi Avropa, Qafqaz və Türküstan mühacir qruplarının M.Levitskinin sədrliyində baş tutan konfransında qəbul edilən qərarda da müstəqillik tələbi irəli sürülüb. Azərbaycan adına bu sənədi Məhəmməd Kəngərli imzalayıb.
Məhəmməd bəy 1952-ci ildə Türkiyəyə gəlib, Ankarada Azərbaycan Milli Mərkəzində və Azərbaycan Kültür Dərnəyində çalışıb. 1966-cı ildə dərnəyin sədri seçilib.
1952-1979-cu illərdə Türkiyənin Səhiyyə və Sosial Yardım Nazirliyinin müxtəlif xəstəxanalarında baş həkim, səhiyyə müdiri, Qızılay Baş müdir müavini, Türkiyənin Bonndakı səfirliyində müşavir vəzifələrində çalışıb. 1963-cü ildə Kipr hadisələrində Lefortaya gedib, orada Qızılay xəstəxanasını qurub. Sonradan Türkiyədə Anıtlar Dərnəyinin sədri olaraq fəaliyyət göstərib.
Azərbaycanda Meydan hərəkatı dönəmində Ermənistandan köçürülən azərbaycanlılar və Qarabağ məsələsi daim diqqətində olub, mərhum prezident Əbülfəz Elçibəylə yaxın münasibətdə olub.
1954-cü ildə Ankarada Sabiha xanımla evlənən Kəngərlinin iki övladı olub.
M.Kəngərli 17 avqust 2006-cı ildə tətildə olduğu Marmarisdə ard-arda keçirdiyi iki infarkt nəticəsində vəfat edib, 22 avqustda Ankarada Karşıyaka məzarlığında dəfn olunub.
Fəaliyyəti boyunca Məhəmməd bəy bir sıra ali medallara layiq görülüb. Bu medallardan ikisi xüsusilə diqqətçəkicidir. 1965-ci ildə o, Pakistan ilə Hindistan arasındakı Kəşmir məsələsi ilə bağlı başlanan müharibədə Türkiyə səhiyyə qrupu və xəstəxanası sədri olaraq istər cəbhədə, istərsə də arxa cəbhədə xəstəxanalarda göstərdiyi fədakarlıqlara görə Pakistan parlamenti və prezidenti tərəfindən 1967-ci ildə “Ali Xidmət Qızıl Ləyaqət Medalı” ilə təltif olunub. 1981-ci ildə o, Almaniya Federal Parlamenti və prezidenti tərəfindən Türkiyə-Almaniya arasındakı sosial müdafiə müqavilələri və ikitərəfli münasibətlərdəki xidmətlərinə görə “Böyük Xaç” medalına layiq görülüb. 1993-cü ildə isə Şimali Kipr Türk Respublikasının 10-cu ildönümü medalı ilə mükafatlandırılıb.
Şübhəsiz ki, müzəffər ordumuz tərəfindən Şuşanın azad edilməsi Məhəmməd Kəngərlinin timsalında mühacir şuşalıların da ruhlarının şad olmasına səbəb olub.