25 Avqust 2021 09:23
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim keltlər yüzlərlə tanrıya inanmışdılar. Amma bir çox mədəniyyətdə olduğu kimi, şər qüvvələr və ya cinlərə də ümid bağlamışdılar. Əslində, onlar da tanrılar idi. Keltlər xristian olduqdan sonra bu tanrılar şeytanlaşdırıldı, lənətləndi. Həm muza (ilham pərisi), həm də cin olan Linan Sidxe (Linan Şi) də, irland folklorunda digər mifoloji vampirlərdən biridir. O, yaradıcı insanlara ilham verir, amma bu onlara baha başa gəlir. Linan Şi yaradıcı kişilərlə sevgili olur, bilgisini, yaradıcılığını və sehrini onlarla bölüşür. Amma Linan Şinin tərk etdiyi insanlar ölürlər. O, ölən sevgilisini öz mağarasına aparırır. Qurbanlarının qanını içmək əvəzinə, bir qazana tökür. Bu qanlar onun gözəlliyinin və sənətinin qaynağına çevrilir.

Linan Şi əfsanələrdə son dərəcə gözəl qadın olaraq təsvir edilib. Aşiqləri ondan ilham alsalar da, qısa ömür sürdükləri deyilir. Linan Şi daha çox qadın pəri kimi təsvir olunur, bir qadını ölümcül olaraq narahat edən kişi linan şilər haqda çox az istinad var.

Linan Şi mifi

Linan Şi mifi XIX əsrin sonlarında “Keltlərin dirçəlişi” zamanı populyarlaşdı. Adı 1887-ci ildə İrlandiyanın qədim əfsanələri, mistikası və batil inancları haqda “Speranza” adlı kitab yazan Ceyn Uayld tərəfindən xatırlanır. Linan Şinin yenidən populyarlaşmasında o illərdə yaşayan şair Uilyam Yeytsin də böyük əməyi vardı. O, bu əsərlərdə də sənətkarlara sevgi, sədaqət və ilham verən gözəl muza olaraq təsvir edilib. Linana aşiq olmaq dəlilik və ölümlə nəticələnsə də, insanlar onun tələsinə könüllü düşürlər.

Linan Şi həmişə ölümlü insanların sevgisini axtarır. Linan həm ona aşiq olanları öz köləsinə çevirir, həm də özü onların köləsi olur. Onun köləliyindən yalnız başqasını sevməklə qurtulmaq olar, əgər pəri həmin qadını öldürməsə… İlham pərisi sonsuzadək yaşayır. Ölüm ona yaxın gələ bilmir. O, bu əbədi yolda aşiq olduğu insanlara ilham verir. Ona aşiq olan hər kəs gənc ölür, yer üzündə uzun illər yaşamasına icazə vermir, çox qısqancdır. Bu qısqanclığa görə aşiq olduğu insanın ətrafındakı hər kəsi öldürə biləcək qədər də qəddardır. Bədxassəli bir xəyal kimi onların ətrafında dolaşır.

Sevgi xəstəliyi

Britaniya ədəbiyyatı və ya nağıllarında Linan Şidən ilham alınmış bir sıra personajlar var. Bunlara ingilis folklor yazıçısı Ketrin Meri Briqqsin “Pərinin izi ilə”, qədim irland nağılı “Oisin gənclik diyarında” hekayəsi, “Anqusun xəyalı”, İzabella Qriqorinin “Kuxulin əfsanələri” daxildir.

Qədim irland mahnısı “Mənim Laqan sevgim”də metafora olaraq yer alıb.

Mahnıdan bir parça:

“Və sevgi xəstəliyi Linan Şi kimi,

Ürəyimi boğur”.

Müasir musiqi, kino və bədii ədəbiyyatda da Linan Şidən ilham alınmış çox sayda nümunələr var. Bunlara irlandiyanın məşhur “Unkindness of Ravens” qrupunun “Linan Şi”mahnısını, 2017-ci ildə ssenarisi Con Berr tərəfindən yazılan və çəkilən “Muza” filmini və s. misal göstərmək olar. Müasir fantaziya romanlarında da irland mifologiyasına əsaslanan personajlar var.

Zülmət gecəni bölən Ay işığı

Qədim keltlərin dilində “Linan” “sevgili”, “məşuqə”, “Sidxe” isə “başqa dünyadan gələn” deməkdir. Sevgilisinin həsrət və əzab çəkməsindən üzüləcək qədər mərhəmətli, eləcə də məşuqunu ondan qoparmaq istəyənləri bir göz qırpımında öldürəcək qədər də qəddar və sirli varlıqdır. Eyni zamanda, gözlliyi dillərə dastan olacaq qədər də bir Kelt möcüzəsidir.

Linan Şi xüsusilə rəssamlar, musiqiçilər, heykəltəraşlar şairlər və yazıçılarla maraqlanır. Sevgilisinin arzuladığı həyati duyğuları dərinliyi ilə ona verir, ecazkar gözəlliyi ilə cinsi zövqləri ən yüksək zirvələrdə yaşadır. Məşuqu ondan aldığı ilhamla hər kəsin heyran olduğu gözəl əsərlər yaradır. Sevgilisi ondan ayrılarsa, ilham tapa, əsərlər yarada bilmir, dərin depressiyaya düşür və çarəsizlik içində intihar edir.

Leonardo Da Vinçi kimi dahi sənətkara niyə evlənmədiyi soruşulduqda, Linan Şi ilə sevgili olduğunu və normal bir qadının onları xoşbəxt edə bilməyəcəyini demişdi. Da Vinçidən ondan qorxub-qorxmadığı soruşulduqda isə demişdi ki, onun əsl mahiyyətini anlayan, onu bütləşdirməyən və ondan qorxmayanlar üçün Linan Şi ən zülmət gecədə ay işığıdır.

Yunan şairi Hesiod da öz əsərlərini muzalardan aldığı ilhamla yazdığını demişdi.

Sədaqətli gözətçi

Əfsanəyə görə, sevgilisi cinsi olaraq zəif olsa belə, Linan Şi onun cinsi gücünü artırır. O, aşiq olduğu insana qarşısıalınmaz qədər gözəl görünür və əgər Şi tərəfindən yoldan çıxarılsa, ruhu və həyatı məhv olacaq. Çünki onlar sənətkarın mənəvi enerjisindən qidalanır. Eləcə də məşuqunun ətrafındakı hər kəsi qısqanaraq, rəqib gördükləri qadınları öldürürlər. İnsanları yalnız özlərinə qayğı göstərməyə və onları başqalarından uzaqlaşdırmağa məcbur edirlər. Amma Linan Şi ilə birlikdə olan kişilər özlərini həyatlarında heç vaxt olmadığı kimi təhlükəsiz və rahat hiss edirlər. Ayrıca, heç vaxt yuxularında qarabasma görmürlər, çünki Linan Şi sevgilisinə ediləcək bütün pisliklərin qarşısını alır. Linan Şi sevdiyi insanın sədaqətli gözətçisidir. Bundan başqa, sevgilisinin xəyalları da daxil olmaqla, beyninə təsir edərək düşüncələrini həmişə gözəl saxlayırlar.

Linan Şinin insanın düşüncəsini oxuya bildiyi deyilir. Digər cinlərdən fərqli olaraq bədənləri olan varlıqlardır. Adətən gözləri rəngli və ağdərili olurlar. Seksuallığı və erotizmi ən incə detallarına qədər bildikləri və bir kişinin nəyi sevib-sevmədiyini tam olaraq hiss edə bildikləri üçün, insan nəslindən olan heç bir qadının təmin edə bilmədiyi məmnuniyyəti asanlıqla yaşada bilirlər. Bu səbəbdən də Linan Şi ilə birlikdə olanlar ona aşiq olurlar.

Zəka və yaradıcılıq, sənət və sehr

Linan Şinin əsas məqsədi ilham verdiyi insanların əsərlərində üzə çıxır. Sevgi və çarəsizliyə, həsrət və istəyə ilham verərək, illərdir yaşadıqları duyğularını sevgililərinin əsərləri ilə insanların dünyasına çatdıraraq özlərini göstərirlər. Bu, onların güclü həssaslığının gözəlliyi və gücünü hiss etdirir. Zəka və yaradıcılıq, sənət və sehr – bunlar ağrıları və ağır tənhalıqları ilə həmişə yollarda olan Linan Şinin sahib olduqları özəlliklərdir. Amma keltlər onu üç sözlə təsvir edirlər; sirli, erotik və gözəl.

İrlandiyalılar bu gün də “sirli aləmdən gələn Linan Şi”yə inanırlar. O həddə ki, rəsmi qeydlər də adı çəkilir. Polisə edilən zənglərin bir çoxunda meşədə soyuqda yarıçılpaq gəzən gözəl bir qadından bəhs olunur. Əlavə olaraq, polisə gələn şahidlərin çəkdiyi robot şəkillərdə 4 fərqli qadın təsvir edilir. Bundan başqa, Dublin Universitetində Kelt folklorundakı 10 fərqli personaj üzərində geniş araşdırmalar aparır. Linan Şi onlardan biridir.

Layihənin rəhbəri Kristina Morris doqquzundan fərqli olaraq, Linan Şinin digər fərqli mədəniyyətlərdə də rast gəlindiyini deyib. O, Şinin dünyaya yayıldığı yerlərin xəritəsini də hazırlayıb. Həmin xəritəyə görə, Linan şilər İrlandiyadan başqa Almaniya, Rumıniya və Qara dəniz hövzəsinin digər ölkələrində yaşayırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər