Kriptovalyutalardan sonra ortaya çıxan NFT bazarında maraqlı hadisələr baş verir.
Teleqraf.com xəbər verir ki, insanlar adi bir daşın görüntüsü üçün orta hesabla 1 milyon dollar ödəyirlər.
Bu sahədə rekord 400 ETH, yəni 1.3 milyon dollar olub. Bir nəfər bir daşın görüntüsü üçün 1.3 milyon dollar ödəyib.
İlk NFT layihəsi 2017-ci ildə başlayan “EtherRock”dur.
Məlumata görə, “EtherRock” layihəsi çərçivəsində “Ethereum blockchain”də hazırlanmış cəmi 100 görüntü var. Məhdud görüntülər qiymətlərin artmasına səbəb olur. Qeyd etdiyimiz kimi, “EtherRock” 2017-ci ildən NFT bazarındadır. Bu onu ilk NFT platformalarından birinə çevirir.
Platformadakı daş fotoları ilə əlaqədar bunlar qeyd edilib:
“Bu virtual daşlar oyundakı 100 daşdan birinə sahib olmağın qürurundan başqa heç bir funksiyanı yerinə yetirmir”.
NFT, rəqəmsal bir varlığın bənzərsiz olduğunu və buna görə də bir-birini əvəz etmədiyini təsdiqləyən, “blockchain” adlanan rəqəmsal kitabda saxlanılan məlumat vahididir.
NFT-lər fotoşəkillər, videolar, audio və digər rəqəmsal fayl növləri kimi elementləri təmsil etmək üçün istifadə edilə bilər. Ayrıca, ödəmə sistemləri nəhənglərindən biri olan VISA da NFT-yə investisiya yatırıb və 149.939 dollar ödəməklə “CryptoPunk 7610” əsərini satın alıb.