Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Amerika musiqisinin tanınmış simalarından biridir.
Ella Leya ABŞ-da yaşayan azərbaycanlı bəstəkar, musiqiçi və yazıçıdır. Janrları caz, dünya musiqisi, pop və klassikadır. Bir çox musiqi və bədii əsərin müəllifi olan Leya 1998-ci ildən bəri fəal şəkildə yaradıcılıqla məşğuldur.
Cazı sevən müsəlman qız
Ella Leya Bakı şəhərində anadan olub. Əvvəlcə Moskvaya köçən bəstəkar daha sonra ABŞ-a mühacirət edib. 1990-cı ildə ABŞ-dan sığınacaq alıb.
Amerika mətbuatı onu “Cazı sevən müsəlman qız” adlandırıb. Haqqında yazılanlara görə, bir neçə məşhur amerikalı Leyanın mahnılarını eşidəndə ona və oğlu Sergeyə SSRİ-dən çıxmasına kömək ediblər. ABŞ-a köçən Leya burada bir yəhudi ravvinlə evlənərək, Çikaqoda məskunlaşıb.
Leya vətəni Azərbaycanı “sehrli diyar, uzaqdakı sehrli xalça” adlandırır. Amerika mətbuatına görə, o, kommunizm tərbiyəsi almış müsəlman qızdır. Klassik musiqi və cazı öyrənməzdən əvvəl Azərbaycan muğamına böyük maraq göstərib. İndi də muğamı sevdiyini deyir.
Leya “Weekend Edition”-ın aparıcısı Skott Simona müsahibəsində bunları söyləyib: “Deyə bilərəm ki, Bakıda bir klubda fortepiano çalan və caz ifa edən ilk qız idim”.
Balaca ruh
Rusiyada yaşadığı günlərdə ABŞ-ın Moskvadakı səfirliyi yaxınlığındakı bir klubda çıxış edən Leya milyarder iş adamı Armand Hammerin 90 illik yubileyinə ziyafət verildiyini öyrənir. Ondan Hammer və onun həmyerlilərinə Moskvanın caz səhnələrini gəzdirmək istənilir. Bundan sonra isə Hammer Leyanı ABŞ-a gətirməyə kömək edir. Amma yeni əri ilə birlikdə Çikaqo yaxınlığında məskunlaşdığı vaxt baş verən faciə onu sarsıdır. Oğluna talesemiya diaqnozu qoyulmuşdu. Oğlu Sergey 9 yaşında vəfat edir.
Bir çox əsərlərini xəstəxanada oğlu ilə keçirdiyi günlərdə bəstələdiyini, Avropa və Şərq musiqisi ilə yanaşı, Azərbaycan muğamının da yaradıcılığında mühüm rol oynadığını deyib.
Müsahibələrindən birində Bakını “Şərqin Parisi” adlandırıb, Azərbaycan haqda təəssüratı isə belə olub: “Günəş və odlar diyarı, Avropa ilə Asiyanın, Şərqlə Qərbin qovuşduğu yer, möhtəşəm Qafqaz dağlarının əhatə etdiyi isti torpaqlar, Xəzər dənizinin suları ilə yuyulan məkan – uşaqlığımın mələyi…”.
Qadınların sirləri
ABŞ-dakı yaradıcı fəaliyyəti dönəmində işıq üzü görən “Qadınların sirli həyatı”, “Gecə kraliçası” və “Rus romansları” adlı albomları maraqla qarşılanıb, ona populyarlıq qazandırıb.
“Qadınların sirli həyatı” rus romanslarından ibarətdir. Əsasən, qadınların daxili dünyasından, onların mənəvi yaşantılarından bəhs edir. Bu albomu dünya tarixinin ən məşhur və ən sirli 6 qadınına həsr olunub. Albom həmin qadınlar - Şahzadə Diana, Mata Hari, Kleopatra, Anna Boleyn, Sapfo və Sara Bernhardt haqda mahnılardan ibarətdir.
Özünün dediyinə görə, ağlına belə bir albom hazırlamaq fikri Şahzadə Diananın qəzada həlak olduğu yerdə - Parisdə gəlib.
Dünya səyahəti
“Gecə kraliçası”na daxil olan “Kabbalistic prayer” və “He's just a little boy” mahnıları doqquz yaşında vəfat etmiş oğlu Sergeyin xatirəsinə həsr olunub.
“Rus romansları” isə klassik rus poeziyası, Yaxın Şərq ritmləri və atmosfer melodiyalarını özündə birləşdirir.
Virciniyaya gəlişindən cəmi iki ay sonra öz “Selah” adlı orkestri ilə səfərə çıxıb. Bu turlarda Avropa ölkələri və ABŞ-ı gəzərək, öz əsərlərini ifa edib. Həmin illərdə universitet musiqi fənnindən dərs deyib.
Ellanın bir sıra əsərləri “Oşenin 12 dostu”, “PU-239”, “Samanta kimdir?”, “Çirkli pul” və “Mənim dəcəl qızım” kimi filmlər və müxtəlif televiziya proqramlarında səsləndirilib.
Özəl bir vaxt
Leyanın ədəbiyyatdakı debüt romanı 2015-ci ildə çap olunmuş “Yetim səma”dır. Romanın qəhrəmanı olan istedadlı gənc pianoçu musiqi və xalq nağılları vasitəsilə keçmiş sovet ölkəsinin – Azərbaycanın həqiqətlərini təsvir edir. Bir sözlə, bu əsərini Bakıda yaşadıqları və bu şəhərdən aldığı təəssüratlar əsasında yazıb: “Romanı yazanda uşaqlıq illərim, Azərbaycanla bağlı nostalji hislər yaşadım. Əlbəttə, doğma yurduma getmək istəyirəm. İşimlə əlaqədar bütün dünyanı gəzmişəm, amma Azərbaycana səfərimi “özəl bir vaxt” üçün saxlamışam”.
Romanda müəllifin uşaqlığının, özünün dediyi kimi, ən yaxşı günlərinin keçdiyi Bakıdakı Qız qalası da təsvir olunub. Elə müəllifin özü də əsərini əvvəlcə “Qız qalası” adlandırıb, sonradan naşirin fikri ilə dəyişdirib. Bu əsərini də oğluna həsr edib.
“The Los Angeles Review of Books”un rəyinə görə “Yetim səma” əfqan əsilli amerikalı yazıçı Xalid Hüseynin “Çərpələng uçuran” əsəri qədər mükəmməldir.