25 Sentyabr 2021 18:12
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya sabah parlament (Bundestaq) seçkilərinə gedir. Son rəy sorğuları sosial-demokratları öndə göstərir, amma son günlər mühafizəkar “Birlik” partiyalarının aradakı fərqi azaltmasından sonra yarışda hansı partiyanın qalib gələcəyini proqnozlaşdırmaq çətinləşib.

Teleqraf.com xəbər verir ki, 83 milyon əhalisi olan Almaniyada seçkilərdə yüksək iştirak gözlənilir.

Ölkə aylardır seçkini müzakirə edir, Kansler Angela Merkelin 16 illik hakimiyyətinin başa çatmasından sonra Almaniya hökumətinə kimin rəhbərlik edəcəyi intizarla izlənilir. Merkel iqtidarının bitməsindən sonra Almaniyada yeni və çətin dövrün başlayacağı ehtimal olunur, onun əvəzinə kürsüyə keçəcək şəxsin xalqdan böyük səs ala bilməyəcəyi, buna görə də yenidən koalisiya hökumətinin qurulacağı gözlənilir.

Rəy sorğularına görə, mühafizəkar “Birlik” partiyalarından (CDU/CSU) 3 faiz səslə qabaqda olan Sosial-Demokrat Partiyası (SPD) 25 faiz səs almaqla qalib ola bilər. Yaşılların 16 faizlə üçüncü yeri tutacağı, liberalların 11, Sol Partiyanın isə 6 faiz səslə parlamentə girəcəyi təxmin edilir.

Nəticələr belə olarsa, hökumətə SPD-in namizədi, hazırkı kanslerin müavini Olaf Skolz rəhbərlik edəcək.

“Merkelin varisi” hesab edilən, son zamanlar mühafizəkar “Birlik”in namizədi Armin Laşetin reytinqini yüksəltməsinə baxmayaraq, müxalifətdə qalacağı ehtimal edilir. Laşet qalib gələ bilməyəcəyi təqdirdə, “Birlik”də liderlik mübarizəsinin qızışacağı - Merkeldən sonra ittifaq daxilində ciddi xaosun yaşanacağı iddia olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər