11 Oktyabr 2021 10:38
1 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 19-da püskürməyə başlayan İspaniyanın La Palma adasındakı Kumbre Vexa vulkanında lava axını yenidən sürətlənib.

Teleqraf.com xəbər verir ki, onlarla bina lava tərəfindən “udulub”.

Bölgədə yeni axının tezliklə dənizə çata biləcəyi narahatlığı hökm sürür. Mütəxəssislər lavanın dənizə töküldükdən sonra zəhərli qaz buraxmasına səbəb ola biləcəyini bildiriblər.

Dünən vulkanın şimal hissəsini çökməsindən sonra lava axınının sürətləndiyi və yeni axınlarının əmələ gəldiyi açıqlanıb. Yeni lava axınları son 24 saatda 40 hektardan çox ərazini məhv edərək, əvvəlcədən tamamilə boşaldılmış Toduke kəndində qalan binaları və əkin sahələri tamamilə yoxa çıxarıb.

Axının dənizə töküləcəyi təqdirdə, bundan İspaniya ilə yanaşı bölgədəki bir sıra ölkələrin də təsirlənəcəyi deyilib.

Vulkanoloq İnes Qalindo krater divarlarının daha kövrək hala gəldiyini bildirib. Vulkandan lavanın həcminin artmasının kraterin divarının çökməsinə səbəb olduğunu deyən Qalindo çökmənin təbii proses olduğunu da vurğulayıb. O, hazırda kraterin şərq divarının çox yüksək olduğunu və yaxın gələcəkdə çökə biləcəyini diqqətə çatdırıb.

Məlumata görə, sentyabrın 19-dan aktivləşən Kumbre Vexa vulkanı ümumilikdə 525 hektar ərazini məhv edib, 1281 binanın yanmasına səbəb olub. Vulkan səbəbiylə adada yaşayan 6 min insan təxliyə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu