21 Oktyabr 2021 09:05
9 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix kitablarında qadın casuslar haqda çox bəhs olunmasa da, bir sıra hallarda göstərdikləri fəaliyyətləri tarixin gedişatının dəyişdirilməsində önəmli rol oynayıb. Əksər hallarda isə casusluq və ya agentlik işi təhlükələri səbəbindən həmişə kişilərlə əlaqələndirilib. Amma tarixdə kişilərdən daha çox uğur qazanan qadın casusların sayı kifayət qədərdir.

Casus və ya agent kimi fəaliyyət göstərdikləri ölkələrin taleyini dəyişdirən qadın casuslar hər zaman güclü və təhlükəli xarakterləri ilə diqqəti cəlb ediblər. Qadın casuslar kişilərin istifadə etdiyi bütün üsullara əlavə olaraq, cazibədarlıqları və gözəlliklərindən də istifadə edərək qurbanlarını məhv edə biliblər.

Jozefina Beyker

Jozefina dövrünün məşhur müğənnilərindən biri olub. Ən azı belə görünüb. Sonradan onun İkinci Dünya Müharibəsi casusu olduğu üzə çıxıb.

Amerikalı Beyker müharibə başlayanda nasistlərin işğal etdiyi Fransada yaşayırdı. O dövrdə yaxşı münasibət gördüyü Fransa üçün könüllü olaraq bu ölkənin casusu olmaq qərarına gəlir. Tez-tez xarici ölkələrə səyahət edən istedadlı, bahalı həyat tərzi yaşayan müğənni olduğundan heç kim ondan şübhələnmirdi. Getdiyi hər yerdə yüksək səviyyəli məclislərdə çıxış edir, səfirliklərin ziyafətlərinə dəvət olunurdu. Bu, almanlar haqqında məlumat toplamaq üçün böyük fürsətlər yaratdı. Jakes Abti onun səhnə köməkçisi kimi tanınırdı, amma əslində agent idi. Əldə etdiyi məlumatları görünməz mürəkkəblə Beykerin not dəftərinə yazır, o da bunları xüsusi lupayla oxuyurdu.

Jozefina düşmənlərinin əlinə düşməmək üçün məlumatları alt paltarında saxlayırdı. Heç vaxt ələ keçmədi. Casusluğu illər sonra üzə çıxdı.

Cina Bennet

“Milli təhlükəsizliyin anası” kitabının müəllifi Cina Bennett əslində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) casusu idi. “Əl-Qaidə” lideri Üsamə bin Ladenin tapılmasında böyük rol oynayıb.

1993-cü ildə Virciniya Universitetini bitirdikdən sonra ABŞ Dövlət Departamentində işləməyə başlayıb. Bundan sonra Kəşfiyyat və Araşdırma Bürosunda xidmət edib. Casusluğa gedən yolda Terrorizmlə Mübarizə İdarəsinin baş analitiki olub və hadisələri yaxından araşdırmaq imkanı qazanıb.

İlk uşağını 11 sentyabr terror aktından bir gün əvvəl dünyaya gətirib. Bennett Üsamə bin Laden və “Əl-Qaidə”ni səhər saat 9-dan saat beşədək izləyərək, qalan vaxtda da uşağı ilə məşğul olurdu.

Anna Çapman

“Putinin qızılı saçlı casusu” və ya “Qırmızı agent” adıyla tanınan rusiyalı Anna Çapman yeni tarixdə iz qoymuş şəxsdir.

Anna Rusiya Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Ali təhsilini bitirdikdən sonra 2001-ci ildə ingilis Aleks Çapmanla evlənib və Londonda məskunlaşıb. İngiltərənin paytaxtında dəbdəbəli həyat yaşayıb. Daşınmaz əmlak və investisiya sahəsində öz biznesini quran Anna 2005-ci ildə Nyu-Yorka köçüb. Burada qurduğu əmlak şirkəti ilə biznes sahəsində uğur qazanıb. 2006-cı ildə kapitalı 2 milyon dollar olan yeni şirkət qurub.

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) İdarəsi Amerikada gözlənilmədən iş adamı kimi parıldamağa başlayan Annadan şübhələnməyə başlayır. 2010-cu ildə onu ələ keçirmək üçün tələ qurur. Çapman bu tələdən şübhələnəndə və Rusiya Gizli Xidmətinə (FTB) bu barədə məlumat verəndə artıq FBI onu dinləmişdi. Gizli Xidmət Annaya pusquya düşdüyünü və ABŞ-ı tərk etməli olduğunu bildirsə də, FBI çoxdan hərəkətə keçmişdi. Anna həbs edildi.

Anna 2010-cu il iyulun 8-də Vyana beynəlxalq hava limanında Rusiyaya təhvil verildi və Britaniya vətəndaşlığından çıxarıldı. İngiltərə və ABŞ-a girişi qadağan olundu. Hazırda podium gözəlidir – model və modelyer kimi işləyir.

Bell Boyd

Bell Boyd Amerika Vətəndaş Müharibəsi zamanı Konfederasiya Ordusu üçün işləyib. 1862-ci ildə bunun sayəsində ordu sıralarında şöhrət qazanmışdı. Düşmən İttifaq Ordusunun düşərgələrində öz cazibəsindən istifadə edərək bir çox məlumat əldə etmişdi. İttifaq Ordusunun qərargahı Virciniya ştatında yerləşdiyinə görə, geniş əhatəyə malik idi. Yeddi dəfə casusluq ittihamı ilə saxlanılsa da, həbs olunmadı. Müharibə bitəndə Kanadaya qaçdı və xatirələrini yazmaq üçün illər sonra İngiltərəyə qayıtdı.

Perl Uizerinqton Karnioli

1943-cü ildə, İkinci Dünya Müharibəsi əsnasında Böyük Britaniya Xüsusi Təyinatlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib. Bu qüvvələrin ən yaxşı atıcısı kimi tanınıb.

Müharibədən 3 il əvvəl anası və üç bacısı ilə birlikdə işğal altında olan Fransadan qaçmışdı. İngiltərədəki təhsilindən sonra ona “Paulina”' və “Mari” adı verildi və “kosmetika satıcısı” adıyla vaxtilə qaçdığı Fransaya agent olaraq qayıtdı.

O qədər bacarıqlı casus idi ki, nasistlər başına 1 milyon frank mükafat qoymuşdular. Almanlara qarşı mübarizə aparan 1500 nəfərlik xüsusi təyinatlı qrupun (SOE) komandiri idi. Almanlar heç vaxt onu tuta bilmədilər. Perl missiyasını başa çatdıranda 18 000 nasist hərbçisini zərərsizləşdirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu