23 Oktyabr 2021 17:55
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mozambikdə doğulan Afrika fillərinin niyə dişsiz doğulduğunu araşdıran elm adamları çox təəccüblü nəticə ilə qarşılaşıblar.

Populyasiyasının 90 faizini fil dişi qaçaqmalçılığına görə itirən heyvanların insanlardan qorunmaq üçün genetik mutasiyaya uğradıqları üzə çıxıb.

Teleqraf.com-un məlumatına görə, ABŞ-ın Prinston Universitetinin alimləri sübut ediblər ki, insanlar vəhşi heyvanların anatomiyasını sözün əsl mənasında dəyişiblər.

“Science” jurnalında dərc olunan araşdırmaya görə, dişsizliyə səbəb olan və bundan əvvəl nadir görülən genetik mutasiya fil dişi qaçaqmalçılığı üçün ovlanan Afrika filləri arasında geniş yayılmağa başlayıb.

Tədqiqatçılar Mozambikdəki Qoronqoza milli parkındakı dişi fillərin niyə dişsiz doğulduqlarını araşdırıblar və heyvanların brakonyerliyə qarşı mutasiya keçirdiklərini üzə çıxarıblar.

1977-1992-ci illər arasında Mozambikdəki vətəndaş qarşıdurması zamanı ordunu gəlirlə təmin etmək üçün fil populyasiyasının 90 faizi fil dişi ticarəti üçün məhv edilib. Amma dişsiz heyvanlara toxunulmayıb. İddiaya görə, bu dişi fillərin dişsiz doğulma xüsusiyyətini genetik olaraq gələcək nəsillərə ötürməsinə səbəb olub. Hazırda Mozambikdə yaşayan 700-ə yaxın fildə bu müşahidə olunur.

Tədqiqata rəhbərlik edən Prinston Universitetinin elm adamı Robert Prinql bunun insan müdaxiləsinin təbiətə təsirini nümayiş etdirdiyini söyləyib: “Bəşəriyyət sözün əsl mənasında heyvanların anatomiyasını dəyişir”.

Prinql bu anomaliyaya qanunsuz ovçuluğun səbəb olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu