26 Oktyabr 2021 14:09
3 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin paytaxtı Qahirədə elm dünyasını çox maraqlandıran kəşfə imza atılıb.

Teleqraf.com xəbər verir ki, şəhərin cənubundakı Saqara yaxınlığındakı “Fironun yeganə dostu” yazısı olan bir məzarda 4400 yaşı olduğu təxmin edilən mumiya tapılıb.

Araşdırmaçılara görə, əgər mumiya antik dövrdən qalıbsa, antik Misirin tarixi və mumiyalanma ilə bağlı kitablar yenidən yazılacaq.

Xuvi adlı yüksək rütbəli zadəgana aid olduğu deyilən qalıq əslində 2019-cu ildə tapılıb. Mumiyalanma yolu ilə indiyədək salamat qalmış qalığın fərqli üsullarla hazırlandığı və ən qədim Misir mumiyalarından biri olduğu bildirilib.

Qahirədəki Amerika Universitetinin professoru Səlimə İkram deyib: “Əgər bu həqiqətən də qədim dövrdən qalmaq mumiyasıdırsa, mumiyalanma və qədim dövlətin tarixinə dair bütün kitablar nəzərdən keçirilməlidir”.

Mütəxəssislər qədim Misirdə bu prosedurun çox sadə olduğunu və həmişə uğurla həyata keçirilmədiyini düşünürdülər. Məsələn, beynin çıxarılmadığı və təkcə bəzən daxili orqanların çıxarıldığı qənaətində idilər. İkram isə söyləyib ki, yeni tapılan qalığın zahiri görünüşü daxilindən daha önəmlidir.

Bundan əlavə, indiyə qədər qeydə alınmış qədim mumiyalarda qatrandan istifadə daha məhduddur. Bu mumiya isə qatran və digər maddələrlə hazırlanıb və digərlərindən tamamilə fərqlənir.

Yeni mumiya “National Geographic”in noyabrın 7-də başlayacaq “Misirin İtirilmiş Xəzinələri” adlı sənədli seriyasında nümayiş olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu