27 Oktyabr 2021 14:52
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Aeronavtika və Kosmos İdarəsi (NASA) ilk dəfə olaraq içində olduğumuz Süd Yolu qalaktikası xaricində bir planetin əlamətlərinə rast gəlinə biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, NASA-nın “Chandra X-Ray” teleskopu vasitəsilə əldə edilən bu həyəcanverici kəşf ekstraqalaktik planetlər üzərində yeni araşdırmalara yol aça bilər.

NASA-nın verdiyi açıqlamada, astronomların spiralvari formasına görə “Vortex” adlandırdıqları “Messier 51” (M51) qalaktikasında ola biləcəyi ehtimal olunan bir planetin izlərinə rast gəlindiyi bildirilib. Astronomlar bu günə qədər Günəş sistemindən kənarda və Süd Yolu qalaktikası daxilində bütün planetləri və planet namizədlərini müəyyən ediblər. Onların əksəriyyəti Yerə 3000 işıq ilinə yaxındır. Bununla belə, M51-də təsbit ediləcək ekstraqalaktik planetin 28 milyon işıq ili uzaqlıqda olduğu təxmin edilir.

Harvard Universitetinin Astrofizika Mərkəzinin elm adamı Rozanna Di Stefanonun rəhbərlik etdiyi araşdırmada rentgen şüalarından istifadə olunub.

Namizəd planetin Saturnun ölçüsündə olduğu ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu