Elm adamlarına görə, yaşadığımız dönəmdə insanların Marsa ayaq basdığını görəcəyik. Kosmik agentliklər və özəl kosmik şirkətlər arasında bu yöndəki yarış belə davam edərsə, Ay və ya Marsda daimi yaşayış yerlərinin salınması da mümkün ola bilər. Amma tədqiqatçılar Yerdən təxminən 380 milyon kilometr uzaqlıqda təcrid olunmuş astronavtlardan ibarət komandanın belə bir durumda necə sağ qalacağı və ya uğur qazanacağı barədə heç bir təsəvvürə malik deyillər.
Teleqraf.com xəbər verir ki, rusiyalı tədqiqatçılar bir qrup insanı Mars kolonizasiyası simulyasiyasına yerləşdirərək, kosmos səyahətinə milyardlarla dollar xərcləməzdən əvvəl bu məsələni həll etməyi hədəfləmişdilər.
SIRIUS layihəsinin məqsədi uzunmüddətli kosmos uçuşlarının astronavtların psixologiyasına necə təsir edəcəyini müəyyən etmək idi. Araşdırmanın nəticələri “Frontiers in Physiology” jurnalında dərc olunub. 2017-2019-cu illərdə həyata keçirilən, biri 17, digəri 120 gün davam edən sınaqlar yad yerdə təcrid olunmuş bir komandanın necə davranacağını müşahidə etmək məqsədi daşıyırdı.
Nəticələr alimlərin ilkin narahatlıqlarında haqlı olduqlarını üzə çıxarıb. Məsafə səbəbiylə rabitə əlaqəsinin gecikməsi ilə yanaşı, bu qədər uzun müddət Yerdən uzaqda olmaq astronavtların həm də missiyanın komanda mərkəzindən uzaqlaşması və demək olar ki, onları tamamilə təcrid edir.
Yeni simulyasiyalarda ekipaj səyahətin birinci yarısında komanda mərkəzi ilə müntəzəm əlaqə saxlasa da, “Marsa eniş”dən sonra tədricən qırılmalar baş verdi. Onlar komanda mərkəzinin tövsiyələrinə az diqqət yetirməyə, özbaşına hərəkət etməyə başladılar.
Problemləri təkbaşına həll etməyə çalışmaları yaxşı hal olsa da, missiya komandanlığından uzaqlaşmaları narahatlıq doğurur.
Hazırda daha bir SIRIUS sınağı aparılır. Noyabrın 4-də başlayan sınaqda astronavtlar 8 ay təcrid olunmuş vəziyyətdə qalacaqlar. Sınaq nəticəsində əldə edilən məlumatlar yenidən ictimaiyyətə açıqlanacaq.