5 Dekabr 2021 00:22
2 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada aparılan yeni araşdırmaya görə, delfin və balinalar kimi böyük heyvanları bir dişləmədə çeynəyə bilən iri dişli nəhəng 130 milyon il əvvəl indiki Kolumbiyanın dayaz sularında üzüb. Alimlərin fikrincə, yeni kəşf edilən növ dəniz canlılarının təkamülü ilə bağlı tarixi məlumatlara işıq salır.

Teleqraf.com xəbər verir ki, Kanadanın Makgill Universitetinin tədqiqatçıları 1970-ci illərdə Kolumbiyanın Villa de Leyva bölgəsində tapılan qalıqları yenidən təhlil ediblər.

Qalığın son dərəcə yaxşı qorunmuş 1 metr uzunluğunda kəllə sümüyünə malik olduğu və növün 250-90 milyon il əvvəl yaşamış ixtiozavrlar sinfinə aid olduğu deyilib. Kəllənin bundan əvvəl naməlum olan yeni Kixitisuka cinsinə aid olduğu üzə çıxıb.

Elm adamları bildirblər ki, kəşf ixtiozavr ailəsi və onun üzvlərinin təkamül yolu haqda elmi anlayışın təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Paleontoloq Hans Larsson deyib ki, bu heyvan böyük yırtıcıları yeməyə imkan verən unikal diş quruluşuna malik olub: “Digər ixtiozavrların kiçik yırtıcılarla qidalanmaq üçün kiçik, eyni ölçülü dişləri olsa da, bu yeni növ dənizlərdə özü kimi böyük yırtıcıları çeynəyə bilmək üçün dişlərin ölçüsünü dəyişdirib”.

Kixitisukanın arxa dişləri isə qısa və möhkəm olub, bu da onlardan yırtıcıları əzmək üçün istifadə edildiyini göstərir. Tədqiqatçılara görə, beyin qabığı ilə kəllə sümüyü arasında möhkəmlənmiş əlaqə dişləmə gücünü artırıb.

Yeni növ ağzını 75 dərəcə bucaq altında aça bilib ki, bu da çox böyük yırtıcıları udmağa imkan verib.

Yeni faktlar ixtiozavrların təkamül ağacını silkələyir və elm adamlarına onların necə təkamül etdiklərinə dair yeni fikirləri sınaqdan keçirməyə imkan verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər