Apardığı bəzi təcrübələri nəticəsində suyun yaddaşının olduğunu deyən elm adamlarından biri də yapon alim Masaru Emotodur.
Teleqraf.com xəbər verir ki, Masaru Emoto su üzərində apardığı maraqlı təcrübələrlə uzun müddətdir müzakirə mövzusu olan “suyun yaddaşı” fenomenini ilk gündəmə gətirən şəxsdir.
Hər bir su damcısının fərqli və bənzərsiz quruluşa malik olduğunu üzə çıxaran Emoto bununla bağlı hərəkətə keçməyə qərar verib və suyun quruluşundakı bu dəyişikliklərin arxasında nə olduğunu öyrənməyə çalışıb. “Suyun məlumat toplamaq kimi xüsusiyyəti ola bilərmi?” sualı əsasında eksperimentlər aparan Emoto, demək olar ki, hamısı eyni xüsusiyyətlərə malik su nümunələri üzərində komanda yoldaşları ilə müxtəlif sınaqlar keçirib.
Eyni su qabına “təşəkkür edirəm” və “axmaq” kimi fərqli mənalı sözləri yazmaqdan tutmuş, su ilə qışqıraraq danışmağa, hətta suya musiqi dinlətməyə, film izlətməyə qədər bir çox fərqli araşdırma aparan alim son olaraq hər fərqli addımdan sonra suyun quruluşunda bəzi dəyişikliklərin əmələ gəldiyini təsbit edib.
Klassik musiqi dinləyən bitkilərin digərlərindən daha sürətli və daha yaxşı böyüdüyünü və inkişaf etdiyini göstərən araşdırmalarda olduğu kimi, bu tədqiqatda da oxşar nəticə əldə olunub. Ancaq Masaru Emoto da daxil olmaqla heç kim bunun səbəbini izah etmək üçün elmi dəlil gətirə bilməyib.
Fransız alimi Jak Benveniste də suyun yaddaşının olduğunu düşünənlərdəndir. O, 1980-ci illərdən bəri su üzərində bir çox araşdırma və sınaqlar aparıb. Təcrübələrinə az miqdarda suya zəhərli maddə qatmaqla başlayan alim sonradan bu qarışığı nə qədər azaltsa da, bu maddənin yox olmadığını kəşf edib. Bu, əvvəlcə normal qarşılansa da, Benveniste bu təcrübəni bir addım da irəli apararaq təmiz suya zəhərli maddələr əlavə etmək əvəzinə bu zəhərli maddənin yalnız tezliyini (vibrasiyasını) verib. Onun iddiasına görə, zəhərli maddənin birbaşa əlavə olunduğu su kimi bu maddə də təsirlərə məruz qalıb.
Belfast Kuin Universitetinin bir professoru da Avropa ölkələrinin alimləri ilə birlikdə oxşar araşdırma aparır.
“Su yaddaşı” anlayışı ortaya çıxandan sonra böyüyən mübahisələrə qatılan sözügedən universitetdə çalışan professor Madelayn Ennis də hərtərəfli araşdırma aparmaq qərarına gəlib. Fransa, İtaliya və Hollandiya kimi müxtəlif Avropa ölkələrində çalışan akademiklərdən ayrı-ayrılıqda sınaqlar keçirmələrini istəyən Ennisin sonda oxşar nəticələrlə qarşılaşması olduqca təəccüblü idi.
Suyun yaddaşının olduğunu düşünənlərə görə, su əsrlərlə davam edən akkumlyasiyası və tezliyi ilə insan həyatına təsir edir. Bütün bu təcrübələrdən sonra suyun yaddaşının olduğunu düşünən, amma bunu elmi olaraq izah edə bilməyən alimlər bütün bunların enerji və qarşılıqlı təsir nəticəsində yarana biləcəyini bildiriblər. Onların fikrincə, uzun illər əvvəl axan bir çayda tapılan bir damcı suda inanılmaz bilgilər var və bu, onu içən insanın fiziki və psixi sağlamlığına təsir edə biləcək təsirə malikdir.
Suyun yaddaşına hopmuş, daha dəqiq desək, suyun yaddaşa ötürdüyü tezlik səbəbiylə qeydə alınmış xəstəliklər və ya pis sözlər kimi fərqli amillər insanlara mənfi təsir edir, əksinə müsbət tezlikli amillər daha müsbət təsir edə bilir.
Suyun yaddaşı olduğunu iddia edənlər arasında hətta sonradan bu təcrübələrin nəticələrini müxtəlif mənəvi enerjilərlə əlaqələndirən, naməlum təsirlərdən danışanlar da var.
Bir qrup alim isə bu təcrübələrin nəticələrinin sırf təsadüfi olması ilə həmfikirdir.
“Əgər suyun yaddaşı olsaydı, minlərlə il ərzində bu təsirlərin cəmi indi deyilənlərdən və ya proqnozlaşdırılanlardan daha böyük təsir göstərərdi” deyən və suyun yaddaşa malik olmadığını söyləyən bir çox elm adamı da var.
Suyun yaddaşının olduğunu söyləyən alimlərin təcrübələrini eyni şəkildə təkrarlayanda heç bir nəticə əldə edə bilmədiklərini deyənlər arasında, hətta adıçəkilən alimlərə pul müqabilində təcrübələrini təkrar etməyi təklif edənlər belə olub. Amma suyun yaddaşının olduğunu iddia edən elm adamları təcrübələri hamının gözü qarşısında təkrarlamaq fikrini xoş qarşılamırlar.