13 Dekabr 2021 13:00
1 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “Habl” teleskopu ilə möhtəşəm görüntü qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, görüntüdə Akvil bürcündəki spiralvari qalaktika diqqət çəkib.

Qalaktikanın dərinliklərində olan nəhəng qara dəliklər haqqında elmi məlumat əldə etmək üçün müşahidə aparan alimlər qalaktikaya UGC 11537 adını veriblər.

“Habl” teleskopu bu əzəmətli qalaktikanın yandan görünüşünü çəkib. UGC 11537 230 milyon işıq ili uzaqlıqda, Akvil bürcündə və Süd Yoluna yaxın yerdə yerləşir. Belə ki, bizim qalaktikadakı ulduzlar da görüntüdə yer alıb.

Görüntü astronomların uzaq qalaktikaların mərkəzlərindəki nəhəng qara dəlikləri öyrənmək üçün apardıqları müşahidə zamanı çəkilib. “Habl”ın peşəkar müşahidələri və digər teleskoplar tərəfindən əldə edilən məlumatlar astronomlara bu qalaktikalardakı ulduzların kütləsi və hərəkətlərinin ətraflı öyrənilməsinə imkan verir.

“Habl” teleskopu 30 ildən artıqdır fəaliyyət göstərdiyi üçün tədricən köhnəlir. Tezliklə “Habl”la rəqabət aparacaq “Ceyms Uebb” kosmik teleskopu da kosmosa göndəriləcək. Bununla belə, NASA “Habl”dan uzun müddət istifadə etməyi planlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər