Amerikanın Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) məlumatına əsasən Parker zondu Günəş tacına daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında yayımlanıb.
NASA-nın elmi işlər üzrə direktor müavini Tomas Zurbuxen bildirib ki, Parker zondunun Günəş atmosferinə daxil olması kosmosun tədqiqatı sahəsində çox böyük nailiyyətdir.
Alimlər Parker kosmik gəmisi vasitəsilə Günəş tacındakı maqnit sahəsini və plazma nümunələrini ölçməyə çalışırlar. Orada isə temperatur təxminən 500 min dərəcə selsi, hətta daha yüksək ola bilər. Zond tərəfindən toplanan məlumatlar Günəş tacının temperaturuna təsir edən amilləri öyrənmək, həmçinin kosmosda radiasiya vəziyyətini proqnozlaşdırmaq üçün böyük elmi əhəmiyyət kəsb edəcək.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov kosmik zondun Günəş atmosferinə daxil olmasının nə kimi elmi yeniliklərə yol açacağı ilə bağlı şərh verib. Alim bu məsələnin əhəmiyyətini vurğulayaraq “Parker zondunun ilk dəfə Günəşə bu qədər yaxınlaşaraq onun tacındakı fiziki şəraiti öyrənməsi astrofizikanın klassik problemi olan tacın qızma səbəblərinin və Günəş küləyinin generasiya mexanizminin aydınlaşdırılmasına imkan verəcək” - deyib. Namiq Cəlilov qeyd edib ki, Günəş küləyi Yerin eko-, bio- və texno- sistemlərinə təsir edən əsas amil olduğundan, bu məsələnin həlli proqnozlaşdırma üçün çox vacibdir.